Xəbər lenti

 Elnura Orucova

Oxford St,

London, UK.

Hörmətli Eynulla müəllim,

Azərbaycandan kənarda yaşasam da, qəlbim hər zaman vətənim üçün döyünməkdədir.  Azərbaycan mənim üçün hər şeydən əzizdir. Uzun illər Türkiyədə olanda,  indi isə peşəmlə bağlı Londonda  yaşadığım müddətdə hər sabah ilk işlərimdən biri Azərbaycan mətbuatını oxumaq olur. Etiraf edim ki, sizin qələminizə sayğım var, sizi yüksək intellektə sahib birisi kimi qəbul edir və davamlı oxuyuram.

Bildiyiniz kimi, Azərbaycan istiqlalını əldə etdikdən sonra   iş adamlarımız iş dünyasında yeni-yeni təmsil olunmağa başladılar. Təəssüf ki, bu mərhələnin ömrü çox qısa oldu. Son zamanlar  azərbaycanlı iş adamlarına qarşı həm ölkəmizin daxilində, həm də ölkəmizdən kənarda aparılan ədalətsizliklərin şahidi oluruq. Özəlliklə, başda Rusiya olmaqla keçmiş post-sovet ölkələrində İş adamlarının əleyhinə gedən yazılar  xüsusilə sizin rəhbərlik etdiyiniz saytlarda yer almaqdadır.

Ən son “Palmali” şirkətlər qrubunun  sahibi Mübariz Mənsimov haqqında, sizə görə, “araştırma” yazınızı oxudum. Eyni qaydada, eyni üslubda yazmış olduğunuz yazınıza fikir bildirmədən öncə sizə özümü tanıtmaq istəyirəm.

Mən Azərbaycanda orta təhsilimi bitirdikdən sonra , Türkiyə   Cümhuriyətinin Marmara Universitetinin Hüquq fakültəsinə yüksək balla daxil oldum.

Oxuduğum müddətdə İstanbul,  Ankara, İzmir və Türkiyənin digər  tanınmış  şəhərlərində təhsil alan və təmasda olduğum yüzlərlə tələbənin təhsil almasında  Mübariz Mənsimovun xidmətlərini gördüm. Mübariz Mənsimovun başçılıq etdiyi “Palmali” şirkətinin təşkilatıyla bayram tədbirlərində bütünlüklə Azərbaycanlı tələbə olaraq bir neçə dəfə  iştirak etmişəm. Bəlkə ailəsindən uzaqda olub ölkəsində bayramı qeyd edə bilməyən, bəzən də aylarla isti şorbaya həsrət qalan  bir çox maddi durumu zəif olan tələbələr bu tədbirlərdə bir araya gəlmiş, şənlənmiş, öz sevinclərini xatirələrində qalan gözəl günlərindən birini birlikdə bölüşmüşlər.

Diqqətinizə çatdırmaq istərdim ki, bəhs etmiş olduğum bu yüksək insani fəaliyyət sadəcə azərbaycanlı tələbələrə deyil, eyni zamanda  dünyanın çeşidli ölkələrindən gələn yüzlərlə imkansız tələbələrin, onun birbaşa himayəsi, dəstəyi ilə  təhsil aldıqlarının şahidi olurduq.

 

Bəli, mən xaricdə təhsil alan bir gənc kimi qürur duyurdum ki, bir azərbaycanlı şəhid övladı ilə yanaşı, bir afrikalı və ya indoneziyalı, kosovalı, krımlı, axıskalı gənclərin azərbaycanlı iş adamının dəstəyi ilə oxuduqlarını digər millətlərin yanında çox böyük sevinclə etiraf edirdilər.

İlk dəfə “Palmali” şirkətinin dəstəyi ilə İstanbul və Ankara başda olmaq üzrə, Türkiyənin böyük şəhərlərində, böyük magistral yollarda, məşhur küçələrdə, metrolarda, üniversitetlərin və orta məktəblərin qarşısında,  bir sözlə,  bu ölkə insanının rahatca  gözünə görünən və hər gün 5 milyon giriş-çıxışı olan  İstanbul turistlərinin şüuruna təsir edəcək  Xocalı soyqırımı ilə bağlı geniş, anlamlı reklam  lövhələrinin vurulması və Qarabağın tarixi, Xocalı soyqırımı ilə bağlı məlumatları əks ettirən bukletlərin paylanılması  və.s Azərbaycanımız üçün çox önəm kəsb edirdi. 

Müəllim,  gəlin, başarılı insanlarımızı, özəlliklə iş adamlarını ləkələməyək, şantaj etməyək, uzun illər fədakarlıqları,  alın təri ilə, yüz cür  əzab-əziyətlə qazandıqlarını dövrün “cəlladlarına” yem etməyək.

Sizə bildirmək istəyirəm ki, mənim özümə görə az-çox imkanım var. Universitetə girdiyim andan bu günə qədər hər zaman öz ayaqlarımın üstündə durmuşam, bu günə qədər də akademik həyatımda çalışmağa davam edirəm.

Qeyd : Bir neçə il oncə hüquq fakultəsində “dəniz ticarət hüququ” dərsində xocamız dünaynın ən böyük 7-ci gəmicilik şirkəti olan  “Palmali” gəmilərinin hansı adlar altında üzdüyünü sıra ilə  saydıqda gözlərimin yaşını saxlaya bilmədim. “Qobustan”, “Bəxtiyat Vahabzadə”, “Şövkət Əlekbərova”, “Bülbül”, “Mugan”, “Şəhid Mübariz İbrahimov” , “Zərifə Əliyeva”... Bəli, o anda mənim şüurumda “Palmali”nin timsalında müstəqil  Azərbaycan dünya okeanında gəzirdi...  Və bu yaxında bilginizə çatdırım ki, “Palmali” şirkəti Türkiyənin ən önəmli ”Altın Çıpa”  törənində ilin ən yaxşı gəmiçiliyi ödülünü qazandı.

 Sual: Bir azərbaycanlı kimi “Mübariz Mənsimovun Sonu” başlıqlı yazını yazarkən hansı hisləri keçirdiniz?

Sayqılarımla.




Ana səhifəyə qayıt        Baxış: 23 904          Tarix: 30-09-2017, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma