Xəbər lenti

(Abdulla İbrahimov haqqında xatirələr)

 

1996-ci ildə mənə ikinci dəfə Həcc ziyarəti qismət oldu (Atamın əvəzinə). 20 aprel 1996-ci ildə təyyarə ilə Ciddə şəhərinə, oradan da avtobusla müqəddəs Məkkə şəhərinə yola düşdük. Məkkəyə gecə saat 03:00 radələrində çatdıq. Bizim üçün ayrılmış hotelə getdik.  Uzun yoldan sonra bərk yorulmuşduq. Bələdçimiz məsləhət bildi ki, harda istəyirsiz yer tapıb yatın, sabah qalacağımız otaqları müəyyən edərik.

O vaxtlar hotellərdə yatacaq bir balış və bir örtükdən ibarət idi. Hamı yerdə yatırdı. Otaqlarda çarpayı yox idi. Otaqların birində boş yer tapıb yatdım. Səhər yuxudan ayılanda otaq yoldaşlarımla salamlaşdım. İlk öncə əvvəllər də tanıdığım Hacı Mirəziz Seyidzadə ilə görüşdüm.

Hacı Mirəziz Seyidzadə şeyxin müavini idi. Onun yanında əvvəllər bir dəfə gördüyüm görkəmli hüquqşünas, 18 il ali məhkəmə sədri olmuş Abdulla İbrahimov var idi. Digər otaq yoldaşım sonradan adını bildiyim – “20 yanvarda” təcili yardım xəstəxanasının baş həkimi işləmiş – Cahangir Hüseynov və Astara rayonundan olan Hacı Səfər idi.

Səhər yeməyindən sonra qərara gəldik ki, hamımız bir otaqda qalaq. Beləliklə, Abdulla müəllimlə 17 günlük Məkkə-Mədinə yoldaşlığımız başladı.

Abdulla müəllim ürəkdən ibadət edir, bəzən namazda sanki özünə qapanırdı. İlkin Həcc əməllərini (ümrə) yerinə yetirildikdən sonra tez-tez Məscidül-Harama gedirdik. Abdulla müəllim uzun-uzadı dualar edirdi. Bəzən gözlərində yaş damlaları görünürdü. Bir dəfə ağlamasının səbəbini soruşdum. Dedi ki, mən 60-dan yuxarı ölüm hökmünə imza atmışam. Bəlkə onların hansısa biri həmin cəzaya layiq olmayıb?

 Mən Abdulla müəllimin cəmiyyətdə də böyük hörmətə və nüfuza malik olduğunun şahidiyəm. Səfərdə iştirak edən bütün tanınmış adamlar, ağsaqqallar, ziyalılar otağımıza gəlib Abdulla müəllimin söhbətlərinə qulaq asırdılar. Onu demək kifayətdir ki, Şeyx Allahşükür Paşazadə demək olar ki, hər gün otağımıza gəlir, Abdulla müəllimin səhhəti və əhvalı ilə maraqlanırdı.

Abdulla müəllim Mirəziz Seyidzadənin rektor olduğu İslam İnstitutunda islam hüququndan dərs deyir, mühazirələr oxuyurdu. Onları dərin dostluq telləri bağlayırdı. Abdulla müəllim Mirəziz Seyidzadəni “mənim mürşüdüm” deyə çağırırdı.

Mirəziz Seyidzadə ilahiyyat elminin ən yaşı bilicilərindən idi. Qurandan kəlamlar deyər və tərcümə edən kimi həmin kəlamın hansı sürəninin neçənci ayəsi olmasını Abdulla müəllim dərhal səhvsiz deyərdi. Bir neçə dəfə soruşdum:

-Abdulla müəllim, siz hafizi-Quransınız?

- Xeyr, xeyr mən o mərhələyə hələ çatmamışam-deyə cavab verərdi.

Çox maraqlı və ibrətamiz söhbətləri var idi. Tez-tez keçmişi xatırlayar, tanıdığı, bildiyi şəxslər barədə maraqlı əhvalatlar danışardı.Mir Cəfər Bağırovu xüsusi ilə hörmətlə yad edərdi.

Abdulla müəllimin söhbətlərindən:- 1943-cü ildə baş leytenant rütbəsində azərbaycanlı əsgərlərə təlim keçirdim. Bir gün komandanlıqdan dedilər ki, bü günki təlimi hərbi şuradan gələn yoldaşlar izləyəcəklər. Mən nizamnamənin bütün tələblərinə uyğun təlim keçir, komanda verirdim. İki saatdan sonra 5 dəqiqəlik fasilə elan etdim. Tribunadan bizi izləyən şəxslərin mənə tərəf gəldiklərini gördüm. Mir Cəfər Bağırovu uzaqdan tanıdım. Hərbi qaydada özümü təqdim etdim. Mir Cəfər Bağırov mənimlə əl görüşdü, sonra qoluma girərək kənara çəkdi. “Yaxşı təlim keçirsən. Azərbaycan dilində hərbi komandaları eşitmək necə də xoşdur. Amma , oğlum, bir şeyi də nəzərə al ki, təlim keçdiyin adamlar xış, kotan dalından gəliblər. Onları çox yorursan”-dedi.

1944-cü ildə mən yaralandım. Hospitalda müalicə olunduqdan sonra ordudan təxris olundum və evimizə gəldim. Bir gün mənə xəbər verdilər ki, sabah MK-da olmalısan. Səni Mir Cəfər Bağırov qəbul edəcək. Düzü, çox həyacanlı idim. Səhərə qədər yata bilmədim.

Səhər MK-ya Mir Cəfər Bağırovun qəbuluna  getdim. İçəri girib, hərbi qaydada özümü təqdim etdim. Ayağa durub mənimlə əl görüşdü və soruşdu:

-Keçən il Taqanroq ətrafındakı görüşümüz yadındadırmı?

-Bəli , yoldaş Bağırov. Mənim sözlərim də yadındadırmı?

-Bəli, yoldaş Bağırov.

-Səni Bakı şəhər Baş Milis İdarəsinə rəis təyin edirik. İnanıram ki, bu işin öhdəsindən gələcəksən.

Beləliklə, mən kapitan rütbəsində, tabeliyimdə mayor və polkovniklər olan böyük bir idarəyə rəis təyin edildim.

***

Abdulla müəllim Tolstoyu çox sevərdi. Onu 19-cu əsrin ən böyük yazıçıları Hüqo, Balzakla bərabər tuturdu. Tolstoydan tez-tez misallar gətirirdi.

70-ci illərdə SSRİ Ali Məhkəməsini plenumu qurtardıqdan sonra böyük məclis qurulur. Həmin məclisdə müttəfiq respublikaların Ali Məhkəmə sədrləri, Respublika Prokurorları, habelə, SSRİ Baş Prokuroru Rudenko iştirak edirlər. Məclisi aparmaq Abdulla müəllimə həvalə olunur. Həmin tədbirdən sonra Rudenkonun iştirak etdiyi bütün məclislərdə aparıcı Abdulla müəllim olur.

Abdulla müəllim diqqətli adam idi. Bir dəfə Kəbəni təfav edərkən bir qadın həyacanlı şəkildə bizə yaxınlaşdı. Azərbaycanlı idi. Yoldaşlarında ayrı düşmüş və 6 saat idi ki, gözləyirdi. Danışığımızdan bizi tanımışdı. Susuzluqdan dili, ağzı qurumuşdu. Abdulla müəllim tez Zəmzəmə endi, su gətirdi, qadına verdi. Sonra həmin qadını qaldığı hotelə gətirdik.

 Səfərdə pullarımızı geyimin altında belimizə bağladığımız kəmərdə saxlayırdıq. Havalar çox isti olduğundan Abdulla müəllim kəmər taxmırdı. Pullarını mən saxlayırdım. Minada qurbanı kəsdikdən sonra Abdulla müəllimi itirdik. Bir neçə saatlıq axtarışımız nəticəsiz qaldı. Hacı Mirəzizin təklifi ilə hotelə gəldik. Abdulla müəllim hoteldə də yox idi. Bizi narhat edən məsələ o idi ki, onun üstündə pulu yox di. Bir neçə saat sonra Abdulla müəllim qapıdan içəri girdi. Rəngi qaralmışdı. Dərhal su istədi. Özünə gələndən sonra bizə danışdı ki, o da bizi axtarıb.

 Heç kimdən su və pul istəməyib. İsti havada piayada hotelə gəlib.

O, çox qüruülu adam idi. Ən çətin vəziyyətdə də heç kimə ağız açmamışdı. Həcc əməllərini qurtardıqdan sonra avtobusla Peyğəmbər şəhərinə, Mədinəyə yola düşdük. Bizimlə eyni avtobusda məhşur xanəndələr Ağaxan Abdullayev və Canəli Əkbərov da gedirdilər. Hacı Mirəziz özünəməxsus gözəl səslə ucadan “Yasin” surəsini oxuyub qurtardıqdan sonra kimsə təklif etdi ki, Hacı Canəli və Hacı Ağaxan da muğam ifa etsinlər. Onlar hər ikisi tərəddüd edirdilər. Birdən Abdulla müəllim amiranə səslə:

-Ağaxan, Canəli, çox gözləyəcəyik sizi?-dedi.

Hər ikisi dərhal yumşaldılar və olduqca gözlə muğam ifa etdilər. Abdulla müəllim hüquq mövzularda da söhbətlərimiz olurdu. O fəxrlə bir neçə məsələni xüsusilə qeyd edirdi.  SSRİ Ali Məhkəməsinin “Dövlət əmlakının və ictimai əmlakın oğurlanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında məhkəmələrə mənimsəmə cinayətlərində oğurluğun kanalının müəyyən edilməsi bir vəzifə olaraq tapşırılırdı.  Abdulla müəllim Ali Məhkəmə sədri kimi bu qərara xüsusi diqqət yetirirdi.

Mən praktiki işçi olaraq bu qərarın “ağırlığını” dəfələrlə hiss etmişəm. Fikrimi belə izah edirəm. “A”-nın müdir olduğu anbarda külli miqdarda çatışmamazlıq aşkar olunub.  O, CM-nin 86 mad 3 hissəsi ilə ( 6 ildən 15 ilə qədər azadıqdan məhrum) təqsirli bilinərək məhkəməyə verilib. Əgər məhkəmə iclasında “A”-nın hansı üsulla çatışmayan əmlakı özününkiləşdirlməsi və hara sərf etməsi müəyyən edilməsəydi, əməli səhlənkarlıq kimi qiymətləndirilərdi. (CM-nin 169-cu maddəsi 3 ilə qədər azadlıqdan məhrum edilmə və yaxud islah işləri).

Abdulla müəllimin anadan olmasının 75 illik yubileyini qeyd etmək istəyirlər. Təşkilatçılar ona telefon açır və tədbir barədə məlumat verirlər. Abdulla müəllim təşkilatçılara  təşəkkürünü bildirir və imtina edir. Səbəbini  soruşduqda o deyir:

-Tədbirdə məni tərif edəcəksinizmi?

-Əlbəttə, siz tərifə layiq adamsınız.

Abdulla müəllim cavabında:

-Tərif Allaha məxsusdur. Ona görə də mən o tədbirdə iştirak edə bilmərəm.

Beləliklə, tədbir keçirilmir. 

 

Ələmdar Məmmədov 

Hüquqşünas




Ana səhifəyə qayıt        Baxış: 1 632          Tarix: 2-05-2017, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma