Xəbər lenti


Orxan Bağırov, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi
 
 
Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ Müharibəsi işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı, Erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam edən işğal müddətində Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən sıradan çıxarmışdır. Əvəzində isə hətta özləri üçün belə heç bir infrastruktur formalaşdırmamışdır. Biz bunun xüsusilə Ağdam nümunəsində şahidi olduq. Müharibədən sonra Ağdama səfər edən xarici media nümayəndələri hətta Ağdamı Cənubi Qafqazın Xirosiması adlandırdı. 
 
BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir (bundan sonra dollar). İşğal nəticəsində bütün istiqamətlər üzrə Azərbaycana dəymiş zərəri hesablasaq o zaman dəymiş zərərin daha böyük olduğu görərik. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən, işğal nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə ümumilikdə 265 milyard dollar ziyan dəyib. Hərbi Prokurorluq tərəfindən aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə isə, bütün istiqamətlər üzrə dəymiş maddi ziyanın ümumi həcmi 819 milyard dollar təşkil edir. 
 
Dağıntıların hərtərəfli və miqyasının böyük olması isə azad edilmiş ərazilərin bərpası prosesini mürəkkəb və zaman alan prosesə çevirir. Ona görə də bərpa prosesinin müxtəlif iqtisadi və sosial istiqamətlər üzrə həyata keçirilməsinə ehtiyac yaranır. Bunları nəzərə alaraq İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar verildi və “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başlandı. 
 
Bərpa prosesinin həyata keçirilməsi üçün 2021-ci ilin büdcəsində ilkin olaraq 2.2 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur. Bərpa prosesi bir neçə mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə büdcədən ayrılan vəsaitlər əsas iki məqsəd üçün - infrastrukturun formalaşdırılmasına və kommunal xidmətlərin əlçatanlığının təmin edilməsinə yönəldiləcəkdir. Növbəti mərhələdə isə özəl və xarici investisiyanın cəlb edilməsinə daha çox yer ayrılacaqdır. 


 
Ümumiyyətlə, azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi həyata keçirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyildir. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi Azərbaycanda ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaqdır. 
 
Azad edilmiş ərazilərdə infrastruktur tamamilə məhv edildiyindən və buna görə də həmin ərazilər sıfırdan bərpa edildiyindən orada texnoloji yeniliklərin tətbiqi daha asandır. Ona görə də Qarabağın bərpası prosesində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastrukturun yaradılması əsas məqsədlərdəndir. Daha sonra həmin ərazilərin bərpası nəticəsində əldə edilən təcrübə digər rayonlarda da tətbiq edilə bilər. 
 
Ümumilikdə, bərpa prosesi ilə bağlı müəyyən edilmiş əsas məqsədlərə aşağıdakıları aid etmək olar: 
 
• Bərpa prosesinin keyfiyyətli və qənaətli şəkildə həyata keçirilməsi; 
 
• Müasir standartlara cavab verən inkişaf modelinin yaradılması; 
 
• Azad edilmiş ərazilərin texnologiya baxımından yüksək inkişaf etmiş əraziyə çevrilməsi;
 
• Qabaqcıl texnoloji şirkətlərin bərpa prosesinə cəlb edilməsi; 
 
• Azad edilmiş ərazilərin “Yaşıl Enerji” zonasına çevrilməsi Bərpa prosesinin səmərəli və mərkəzləşmiş şəkildə təşkil edilməsi.
 
Qeyd edilən məqsədlərə çatmaq üçün Azərbaycan hökuməti zəruri tədbirlər görmüşdür. Belə ki, müharibədən dərhal sonra 2020-ci ilin noyabrında Əlaqələndirmə Qərargahı və onun tərkibində İdarələrarası Mərkəz yaradılmışdır. Bu mərkəzin nəzdnində isə müxtəlif məsələlər üzrə 17 işçi qrupu formalaşdırılmışdır. İşçi qruplarının bütün istiqamətlər üzrə planlı və kompleks şəkildə fəaliyyətinin həyata keçirilməsi üçün isə Strateji Fəaliyyət Planı hazırlanmışdır. Yaradılmış işçi qruplarına aşağıdakılar aiddir: 


 
1. Hərbi-siyasi məsələlər üzrə işçi qrup; 
 
2. Fövqəladə hallar və humanitar məsələlər üzrə işçi qrup; 
 
3. Hüquqi və beynəlxalq hüquqi məsələlər üzrə işçi qrup; 
 
4. Nəqliyyat və logistika üzrə işçi qrup; 
 
5. Minalardan və partlamamış sursatlardan təmizləmə üzrə işçi qrup;
 
6. Beynəlxalq təşkilatlar və QHT-lərlə əlaqələr üzrə işçi qrup;
 
7. Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə işçi qrup;
 
8. Şəhidlər və itkin düşmüş şəxslər üzrə işçi qrup;
 

9. Media ilə iş və informasiya təminatı üzrə işçi qrup; 
 
10. İqtisadi məsələlər üzrə işçi qrup; 
 
11. Şəhid ailələri, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə işçi qrup; 
 
12. Akademik məsələlər üzrə işçi qrup; 
 
13. Ekoloji məsələlər üzrə işçi qrup; 
 
14. Şəhərsalma məsələləri üzrə işçi qrup; 
 
15. Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrup; 
 
16. İşğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə işçi qrup; 
 
17. Enerji təminatı məsələləri üzrə işçi qrup.
 
 Qeyd etdiyimiz tədbirlərlə yanaşı 2020-ci ilin fevral ayında təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “işğaldan azad olunmuş ərazilərə böyük qayıdış” beş prioritetdən biri kimi müəyyən edilmişdir. Sənəddə bu prioritetin uğurla reallaşdırılması üçün iki məqsəd müəyyən edilmişdir: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya
 
Bu məqsədlərin həyata keçirilməsi ilə regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməli və azad edilmiş ərazilərin ölkə üzrə iqtisadi fəaliyyətdə payı işğaldan əvvəlki vəziyyətə çatdırılmalı və daha sonra artırılmalıdır. Ona görə də deyə bilərik ki, azad edilmiş ərazilərin bərpası təkcə Qarabağ regionunun deyil, bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. 
 
Bərpa prosesinin hansı formada həyata keçirilməsini müəyyən etmək üçün nəqliyyat, enerji, şəhərsalma və digər istiqamətlər üzrə həyata keçirilən layihələri və qarşıya qoyulan məqsədləri nəzərdən keçirək. 


 
Nəqliyyat sektoru 
 
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar avtomobil yolların çəkilməsi oldu. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi məhz işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. İcra edilən nəqliyyat layihələri Şimal, Cənub və Şərq istiqamətindən Qarabağa hərəkət etmək imkanı yaradacaqdır. Həyata keçirilən və ya həyata keçirilməsi planlaşdırılan avtomobil, dəmiryolu və hava limanı layihələrini ayrı-ayrılıqda nəzərdən keçirək: 
 
Suqovuşan və Talış avtomobil yolu 
 
Həyata keçirilməsinə başlanılan ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulması oldu. Hələ döyüşlərin davam etdiyi dövrdə bu yolların çəkilişinə başlanıldı. Bu yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan hissəsi 21 km, Suqovuşandan Talış kəndinə doğru uzanan hissəsi isə 7,5 km-dir. 2 geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir və artıq bu yollar 2-ci texniki dərəcəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edilib. Növbəti mərhələdə isə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Naftalan şəhərinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Qeyd edilən avtomobil yollarının birləşdirilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də Talış və Suqovuşan istiqamətində hərəkət etmək mümkün olacaqdır. 
 
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu 
 
Digər böyük əhəmiyyətə malik olan avtomobil yolu isə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yoludur. 2020-ci ilin noyabrın 17-də Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalanmışdır və Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Yolun ümumi uzunluğu 101.5 km, eni isə 37.7 metr olacaqdır və ən gec 2022-ci ildə hazır olacağı gözlənilir. Bu yolu Füzulidə tikiləcək yeni hava limanı ilə əlaqələndirmək məqsədi ilə isə yolun 27-ci km-ində yol qovşağının və hava limanına giriş yolunun inşası da nəzərdə tutulur. 
 
Yolun simvolik məna daşıyan hissəsi Füzuli-Şuşa avtomobil yoludur. Bu yol Topxana meşələrinin ətəyindən keçməklə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə çəkiləcəkdir. Bu yoldan İsa bulağına da yol çəkiləcəkdir və yolun dördzolaqlı, bəzi yerlərdə altızolaqlı olacağı gözlənilir. Füzuli-Şuşa yolu əsgərlərimizin Qarabağın mərkəzinə, xüsusilə də Şuşaya doğru irəlilədikləri yoldur. Ona görə də ölkə başçısı bu yolu “Qələbə Yolu” adlandırmışdır. 
 
Toğanalı - Kəlbəcər avtomobil yolu 
 
Şimal istiqamətində isə Toğanalı-Kəlbəcər avtomobil yolunun çəkilməsi nəzərdə tutulur. Bu yol Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murov dağı silsiləsindən keçərək, Kəlbəcər, İstisu və Laçın istiqamətində davam edəcəkdir. Yolun ümumi uzunluğu təxminən 190 km-ə yaxındır. Toğanalı-Kəlbəcər istiqamətində olan hissəsi 74 km, Kəlbəcər-İstisu istiqamətində 28 km, Kəlbəcər-Laçın istiqamətinə isə 87 km təşkil edir. Yol iki, bəzi hissələrdə üç zolaqlı olacaqdır. 
 
Layihənin 16 kilometrliyindən Murov dağı silsiləsi başlanır və bundan sonra yolun keçəcəyi bəzi ərazilərdə yüksəklik 3500 metrə qədər çatır. Bu isə qış aylarında yoldan istifadəni çətinləşdirəcəkdir. Problemin qarşısını almaq üçün tunellərin tikintisi nəzərdə tutulur. Tikiləcək tunellərin ümumi uzunluğu təxminən 10-12 km olacaqdır. Tunellərdə hərəkət zolaqlarının sayının 4-ə qədər artırılması planlaşdırılır. 
 
Qeyd edilən avtomobil yolları ilə yanaşı eyni zamanda Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər avtomobil yolunun çəkilişi ilə bağlı da göstəriş verilib və bu istiqamətlərdə hazırlıq işləri başlayıb. Beləliklə qeyd edilən avtomobil yollarının çəkilişi nəticəsində həm şimaldan, həm də cənubdan Laçın və Kəlbəcər rayonlarına aparan müasir yol-nəqliyyat infrastrukturu yaradılacaqdır. 


 
Dəmiryolları 
 
Avtomobil yolları ilə yanaşı bərpa prosesində dəmiryollarının da çəkilməsi və yenidən qurulması nəzərdə tutulub. Belə dəmir yollarından biri Bərdə-Ağdam dəmiryoludur və şərq istiqamətindən Qarabağa hərəkət etməyə imkan yaradır. Bərdə-Ağdam dəmir yolu xətti işğaldan əvvəl istifadə edilmiş və 104 km uzunluğunda olan Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Hazırda həmin yolun Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir. Dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam istiqamətində 26 km-lik dəmiryolu yolu bərpa ediləcəkdir. Bu yolun tikintisi üçün artıq dövlət tərəfindən ilkin olaraq 5 milyon manat ayrılıb. 
 
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmiryolu xəttləri də inşa olunacaqdır. Şuşanın Qarabağda əsas turizm və mədəniyyət mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulduğundan avtomobil yolu ilə yanaşı Şuşaya dəmiryolu xətti də çəkiləcəkdir. Digər nəzərdə tutulan dəmir yolu layihəsi isə Horadiz-Ağbənd dəmir yolunun yenidən tikilməsidir. Bu yol Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən Zəngəzur dəhlizinin əsas komponentlərindən biridir. 
 
Hava limanları 
 
İşğaldan azad edilmiş ərazilərin sürətli inkişafının təmin edilməsi və turizm potensialının tam olaraq reallaşdırılması üçün hava limanlarının da tikintisi nəzərdə tutulur. İlk hava limanı layihəsi Beynəlxalq Füzuli Hava Limanının layihəsidir. Artıq cari ilin yanvar ayının 14-də Füzuli hava limanının təməli qoyulmuşdur. Yeni hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcəkdir. Limanın uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaqdır və bu il istifadəyə verilməsi gözlənilir. Hava limanının binasının isə ən gec gələn il istifadəyə veriləcəkdir. Tikinti işləri sürətlə gedərsə cari ildə də istifadəyə verilə bilər. Yeni hava limanının əsas məqsədi xarici qonaqların və turistlərin azad edilmiş ərazilərə, xüsusilə də Şuşaya gəlişini təmin etməkdir. Xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində tikintisi həyata keçirilən Füzuli-Şuşa avtomobil yolu vasitəsilə Şuşa şəhərinə gedə biləcəklər. 
 
Eyni zamanda azad edilmiş ərazilərdə daha iki hava limanın tikintisi nəzərdə tutulmuşdur. Bu limanlar Zəngilan və Laçın rayonlarının ərazisində inşa ediləcəkdir. Hazırda limanlar üçün uyğun ərazinin seçilməsi həyata keçirilir. 


 
Enerji sektoru 
 
Bərpa prosesində qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsidir. Əsas məqsəd azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sisteminin yaradılması və ölkənin ümumi enerji sisteminə inteqrasiya edilməsidir. Artıq “Azərenerji” və “Azərişıq” tərəfindən Şuşa şəhərinə iki elektrik enerjisi xətti çəkilir. Bu xətlərlə yanaşı “Azərişıq” tərəfindən işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması məqsədilə “Azərişıq Qarabağda” layihəsi həyata keçirilir. 
 
Eyni zamanda azad edilmiş ərazilərdə mövcud olmuş Su Elektrik Stansiyalarının (SES) da bərpası və yenidən qurulması həyata keçirilir. Müharibə dövründə ermənilər azad olunan ərazilərində mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Nəticədə azad edilmiş ərazilərdə olan SES-lər yararsız vəziyyətə düşmüşdür. Ona görə də həmin stansiyaların bərpası həyata keçirilir. 
 
Belə stansiyalardan biri, Laçında yerləşən və 8 meqavat gücündə olan “Güləbird” SES artıq istifadəyə verilmişdir. 2021-ci ilin fevralın 14-də Prezident İlham Əliyev stansiyanın açılışını etmişdir. Bu stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatına imkan yaradacaqdır. Güləbird stansiyasında istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və stansiyaya yaxın ərazilərdə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcəkdir. Ona görə də işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından bu stansiyanın böyük əhəmiyyəti vardır.
 


 Digər SES-lərə gəldikdə isə Suqovuşanda yerləşən “Suqovuşan-1” və “Suqovuşan-2” SES-lərində də əsaslı təmir işləri aparılır, Cəbrayıl rayonundakı “Xudafərin” və “Qız qalası” SES-lərinin tikintisi həyata keçirilir və Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyasının da yenidən qurulması nəzərdə tutulur. 
 
Bunlarla yanaşı azad edilmiş ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqram çərçivəsində SOCAR tərəfindən ümumi uzunluğu 416 kilometr olan magistral qaz xəttinin çəkilməsi də nəzərdə tutulur. 
 
Azad edilmiş ərazilərdə həyata keçiriləcək enerji siyasətinin əsas məqsədi isə həmin əraziləri “Yaşıl Enerjizonasına çevirməkdir. Buna görə də azad edilmiş ərazilərdə energetika sahəsində görüləcək işlərdə bərpaolunan enerji mənbələrindən istifadəyə və ekoloji təmiz texnologiyaların tətbiqinə üstünlük verilir. Bu isə enerji resurslarından daha səmərəli şəkildə istifadə edilməsinə imkan yaradacaqdır. SES-lərin əsaslı şəkildə bərpa edilməsi də bu məqsədlərin reallaşdırılmasına imkan yaradacaqdır. 
 
Azad edilmiş ərazilərin bərpaolunan enerji potensialına gəldikdə isə onu qeyd etmək yerinə düşər ki, Kəlbəcər və Laçın rayonlarında böyük külək enerjisi potensialı, Zəngilan, Cəbrayıl rayonlarında isə daha çox günəş enerjisi potensialı vardır. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin ilkin qiymətləndirmələrinə görə, azad edilmiş ərazilərdə 4 min Meqavatdan çox Günəş, 5 yüz Meqavatadək külək enerjisi potensialı vardır. Artıq “yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır. 
 
Şəhər və kəndlərin yenidən qurulması 
 
Azad edilmiş ərazilərin bərpasının əsas istiqamətlərindən biri də şəhər və kəndlərin yendiən qurulmasıdır. Şəhər və kəndlərimizin işğalçılar tərəfindən əsaslı şəkildə dağıdılması bu istiqamətdə əsaslı işlərin görülməsini tələb edir. Hesablamalar göstərir ki, işğal nəticəsində 9 mindən çox evə ziyan dəymişdir. Bu evlərin bərpası ilə bağlı müəyyən edilmiş əsas istiqamətlər çoxmənzilli evlərin yenidən tikilməsi, kəndlərin bərpası ilə bağlı vahid yanaşmanın tətbiq edilməsi və kəndlərdə optimal say tərkibinin müəyyən edilməsidir. İşğaldan əvvəl bəzi kəndlərdə yaşayan əhalinin sayı çox az idi (20-50 nəfər). Bərpa prosesində kiçik kəndlərin salınması səmərəli olmadığından indi daha böyük kəndlərin salınması nəzərdə tutulur. Bu, resurslardan daha səmərəli istifadəyə və xərclərin optimallaşdırılmasına imkan verəcəkdir. Artıq bu proseslərin həyata keçirilməsi üçün şəhərlərin yeni baş planları hazırlanır. Digər kommunal infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir. 


 
Şəhər və kəndlərin yenidən qurulması ilə bağlı diqqət çəkən əsas məqam isə bu prosesdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarından istifadənin nəzərdə tutulmasıdır. Bu konseptlərin tətbiqi şəhərsalma işləri aparılarkən dünyanın ən qabaqcıl texnologiyalarının tətbiq edilməsinə və dünyanın qabaqcıl texnoloji şirkətlərinin ölkəmizə cəlb edilməsinə imkan yaradacaqdır. Daha sonra bu təcrübə digər şəhər və kəndlərdə də tətbiq edilə bilər. Bu konseptlərin tətbiqi bir çox üstünlüklər yaradacaqdır. Bu üstünlüklərə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə edilməsi, ətraf mühitin qorunması, səmərəli nəqliyyat sisteminin qurulması, daha təhlükəsiz icmaların formalaşdırılması, səmərəli dövlət xidmətlərinin təmin edilməsi və xidmət səviyyəsinin yüksəldilməsi aiddir. 
 
Bərpa prosesində xarici ölkə və şirkətlərin iştirakı 
 
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin həyata keçirilməsinə xarici ölkələr və şirkətlər də böyük maraq göstərirlər və bu istiqamətdə təkliflərini irəli sürürlər. Ölkə başçısının qeyd etdiyi kimi, həmin ərazilərdə bərpa işlərində ancaq müharibə dövründə ədalətli mövqe tutmuş və Azərbaycana qarşı dostluq münasibəti nümayiş etdirmiş ölkələr və onların şirkətləri iştirak edə biləcəkdir. Artıq bərpa prosesinə bir sıra xarici dövlətlər və onların şirkətləri cəlb edilmişdir. Ölkələr üzrə həyata keçirilən layihələrə aşağıdakılar aiddir: 
 
Bərpa prosesində ən sıx əməkdaşlıq müharibə dövründə Azərbaycana ən böyük dəstək verən Türkiyə şirkətləri ilə qurulur. Türkiyə şirkətlərinin iştirak etdiyi layihələrə aşağıdakılar aiddir: 
 
Türkiyənin "Kolin İnşaat" şirkəti Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisində iştirak edir. 
 
Azərbaycan İnnovasiya Agentliyi Türkiyənin GOSB texnoparkı ilə azad edilmiş ərazilərdə ortaq texnoloji parkın yaradılması barədə anlaşma memorandumu imzalayıb. 
 
Türkiyənin Ziraat Bankı Şuşa şəhərində filial açmaq niyyətindədir və bununla bağlı artıq müraciət edib. 
 
• Türkiyədəki qabaqcıl iş adamlarını özündəbirləşdirən TÜMKİAD təşkilatı azad edilmiş torpaqlara 50 milyon dollar sərmayə yatırmağı planlaşdırdıqlarını açıqlayıb. 
 
• Şuşada doqquz fənn üzrə ibtidai məktəbin Türkiyə tərəfindən inşa edilməsi təklifi irəli sürülüb. 
 
İtaliyanın “Ansaldo Energia” şirkəti ilə 2020-ci ilin dekabr ayında Qarabağ regionunda yerləşən dörd yarımstansiyaya avadanlıqların tədarükünə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 6 milyon dollardır və müqavilə əsasında hər birinin gücü 110 kilovat olan stansiyalar Ağdam, Füzuli, Qubadlı və Kəlbəcər rayonlarında yerləşir. Stansiyalar 2021-ci ilin iyun ayının sonunda tikilərək istifadəyə veriləcəkdir. 
 
Britaniya hökuməti də bərpa prosesində Azərbaycana dəstək verməkdə maraqlı olduğunu bəyan etmişdir. Britaniya şirkətlərinin daha çox maraq göstərdiyi sahələrə texnologiya sahəsi, "Ağıllı“ və "Yaşıl“ şəhərlərin yaradılması, bərpa olunan enerji sənayesi, minalardan təmizləmə və mədən sənayesi aiddir. Azərbaycanda artıq müxtəlif layihələrdə iştirak edən Britaniya qeydiyyatlı “Anglo Asian Mining” fəaliyyətini azad edilmiş ərazilərdə genişləndirmək niyyətindədir. Bundan başqa artıq Britaniya şirkətləri Füzulidə minaların təmizlənməsinə, şəhərsalma və infrastrukturun inkişaf etdirilməsi layihələrinə cəlb edilib. 
 
Azad edilmiş ərazilərin bərpa edilməsində maraqlı olan digər ölkə isə Macarıstandır. Artıq bu istiqamətdə müəyyən layihələr icra edilir. Belə ki, Macarıstanın Eksim Milli Bankı (Exim Bank) torpaqlarının bərpasında iştirak etmək istəyən Macarıstan şirkətləri üçün 100 milyon dollar dəyərində kredit xətti açmışdır. Bundan başqa Macarıstan hökuməti azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə əməliyyatların aparılmasına kömək etmək üçün 25 min avro vəsait ayırmağı təklif edib. 


 
Qeyd edilən ölkələr ilə yanaşı şirkətləri yenidənqurma layihələrinə investisiya yatırmaqda maraqlı olan ölkələrə İsrail, Yaponiya və İran aiddir. Ümumiyyətlə, bərpa işlərinə xarici şirkətlərin cəlb edilməsi əhəmiyyətlidir. Ona görə ki, yenidənqurma işlərinin miqyası böyükdür və yalnız yerli şirkətlərin resursları hesabına bərpa prosesini səmərəli şəkildə və qısa zamanda həyata keçirmək çətindir. Bununla yanaşı xarici şirkətlərin ölkəyə gəlməsi və azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməsi bir sıra üstünlüklər yaradacaqdır. Belə ki, bu şirkətlər özləri ilə yeni texnologiyalar və ənənələr gətirəcəkdir. Bu isə yeni sahibkarlıq və rəqabət mədəniyyətinin formalaşmasına imkan yaradacaqdır. Azad edilən ərazilərin böyük potensiala malik olması onu deməyə əsas verir ki, ərazilərin bərpa prosesində maraqlı olan şirkətlərin sayı artacaqdır. 
 
Nəticə 
 
Azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan həmin əraziləri regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirməyi qarşıya məqsəd kimi qoymuşdur. Azad edilmiş ərazilərin böyük təbii resurslara və ehtiyatlara malik olması bu məqsədin əldə edilməsinə imkan yaradır. Həyata keçirilən nəqliyyat layihələrinin əhatəli olması və Qarabağa müxtəlif istiqamətlərdən hərəkət etməyə imkan yaratması gələcəkdə bu regionun qonşu ölkələr ilə iqtisadi əlaqələrin qurulmasında əsas tranzit əraziyə çevrilməsinə imkan yaradacaqdır. Nəticədə regional ölkələr arasında ticarət əlaqələri genişlənmiş olacaqdır. Ona görə də azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu ölkələr üçün də əhəmiyyətlidir. Nəqliyyat layihələrinin, o cümlədən hava limanlarının tikintisi eyni zamanda Qarabağın malik olduğu turizm potensialının da reallaşdırılmasına imkan yaradacaqdır. Bu isə son nəticədə Azərbaycanın turizm sektorunun inkişafına töhfə verəcəkdir. 
 
Qarabağ regionunun bərpası və orada mövcud olan iqtisadi imkanların bərpa edilməsi həmin ərazilərin ölkə iqtisadiyyatında payının işğaldan əvvəlki səviyyəyə çatmasına şərait yaradacaqdır. Bu isə Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaratmaqla yanaşı qeyrineft sektorunun inkişafını əsaslı şəkildə dəstəkləyəcəkdir. Ümumilikdə isə Qarabağın sürətli inkişafı regionun ümumi inkişafına töhfə verməklə indiyədək Ermənistanın işğalçı siyasəti nəticəsində istifadə edilməmiş imkanların tam olaraq reallaşdırılmasına şərait yaradacaqdır. Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi isə regionda davamlı sülhün yaranmasına və zərərli münaqişələrin yenidən yaranmasının qarşısının alınmasına imkan yaradacaqdır. 


Ana səhifəyə qayıt        Baxış: 6 298          Tarix: 1-04-2021, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma