Siyasi şərhçi: “Moskvaya və digər 15 vilayətə kütləvi dron hücumlarının sentyabrın 1-də başlanması təsadüfi seçilməyib”
“Ukraynadakı müharibə son 18 ayda heç vaxt olmadığı qədər dinamik və gözlənilməzdir”.
Bunu London Kral Kollecinin hərbi analitiki Maykl Klark bildirib. O qeyd edib ki, tərəflər qışın yaxınlaşması ilə hücumları səngitməyəcək və noyabr ayı ərəfəsində üstünlük əldə etmək üçün qızğın mübarizə aparacaq.
Analitik hesab edir ki, əsl Kursk döyüşü indi başlayır, çünki Ukrayna qüvvələri Kurska hücumunu genişləndirib, ağıllı davranır - irəli deyil, yanlara doğru hərəkət edərək, daha çox ərazi ələ keçirir: cinahları tutaraq, Ukraynaya qayıtmaq yollarını açıq saxlayır.
“Krım körpüsünün dağıdılması Rusiyada hakimiyyət uğrunda qaçılmaz mübarizə prosesini başladacaq”.
Bunu isə tanınmış politoloq Andrey Piontkovski deyib (Axar.az).
“Hazırda Rusiyanın informasiya məkanında hökmranlıq edən müharibə tərəfinin bir-birinə nifrət edən və müharibənin uğursuzluğunda bir-birini günahlandıran üç qrupu var. Bunlar ordu, Putin və onun resursu FSB-dir. Ukrayna hərbi komandanlığının Krım körpüsünün dağıdılmasına hazırlaşdığına əminəm”, - o vurğulayıb.
Piontkovski əlavə edib ki, Putin indi hakimiyyətdəki yerini qorumağa çalışır.
Doğrudanmı Krım körpüsünün dağılması Rusiya üçün böyük taktiki və strateji itki olacaq və ölkə daxilində vəziyyət qarışacaq, hakimiyyət savaşı başlayacaq?
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında deyib ki, son aylarda Ukrayna-Rusiya savaşı mərhələ-mərhələ şiddətlənərək yeni dövrə qədəm qoyur: “Bu yeni dövrün adı savaşın Rusiya ərazisinə keçirilməsidir. Məlum olduğu kimi, ötən ayın 6-dan etibarən Ukrayna qoşunları Kurska hücum etdilər. Halbuki indiyədək rəsmi Kiyev müdafiə savaşı aparır, bacardığı qədər Rusiya ərazisinə keçməməyə çalışırdı. Avqustun 6-da isə Ukrayna ordusu ilk dəfə Rusiya ərazilərinə ayaq basdı. Və tədricən Belqoroda və Bryanskə yayılmaq meyli göstərdi. Fikrimcə, savaşın Rusiya ərazisinə keçirilməsinin məqsədi təkcə Ukraynada işğalçılıq əməliyyatı aparan rus ordusunun diqqətini öz daxilinə yönəltmək deyil. Bununla yanaşı, rus ordusunun təchizat xətlərini kəsmək və onun Ukraynada sıxışmasını təmin etməkdir. Məhz bu səbəbdən də Ukrayna ordusu əsas diqqətini öz ərazisini qorumağa yox, Rusiyanın təchizat xəttinin kəsilməsinə ayırıb”.
Heydər Oğuz xatırlatdı ki, Rusiya 2022-ci ilin 22 fevral tarixində Ukraynaya əsasən 4 istiqamətdən hücuma başlamışdı: “Bunlardan biri Belarus xətti idi ki, bunu şərti olaraq şimal cəbhəsi adlandıra bilərik. Digəri indi müharibənin getdikcə şiddətləndiyi Kursk-Belqorod əraziləri idi. Bunu da şimal-şərq cəbhəsi adlandırmaq olar. Üçüncü hücum xətti isə Rostov-Dondan Luqansk istiqamətində idi ki, cənub-şərq cəbhəsi adlanırdı. Dördüncü hücum xətti Krım üzərindən Ukraynanın cənubuna yönəlmişdi. Bunu da cənub cəbhəsi adlandıra bilərik. Gəldiyimiz indiki zamanda artıq bu hücum xətlərindən bəziləri tamamilə bağlanıb. Belarus açıq şəkildə Ukrayna ilə savaşdan yayınmağa çalışır. Şimal-şərq cəbhəsi xətti olan Kursk-Belqorod Ukrayna ordusunun nəzarətinə keçib. Cənub istiqaməti adlandırdığımız Krım cəbhəsində rus ordusu böyük ölçüdə zəiflədilib. Qara dənizdəki rus donanması demək olar ki, sıradan çıxarılıb. Yarımadanın tamamilə ram edilməsi isə Krım körpüsünün vurulub dağıdılmasından asılıdır. Elə bilirəm ki, yaxın günlərdə onun da şahidi olacağıq”.
Kursk əməliyyatında Ukrayna ordusunun Rusiyanın içərilərinə sərhəd bölgələrinə doğru həmləsini də bu aspektdən dəyərləndirən Heydər Oğuzun fikrincə, Kiyevin əsl hədəfi rus ordusunun hazırda işlək vəziyyətdə olan sonuncu təchizat xəttini də ələ keçirməkdir: “Artıq biz görürük ki, şimal-şərq cəbhəsinin əsas logistika xətlərindən olan Belqorod da ciddi ölçüdə zərbə almaqdadır. Kursk və Belqorod üzərindən keçən körpülər və magistral yollar faktiki olaraq Ukrayna qoşunlarının ya tamamən, ya da operativ nəzarəti altındadır. Rəsmi Kiyev də "biz Rusiya ərazisində bufer zona yaratmağa çalışırıq" deyərkən əslində öz niyyətini gizlətmir. Bu, əslində həm də “Ukraynaya gələn bütün yolları tamamilə nəzarət altına alacağıq” deməkdir. Hesab edirəm ki, Belqoroddan sonra növbə Voronejə və Rostov-Dona çatacaq. Oranın da operativ nəzarət altına alınması ilə Rusiyanın Ukraynanı işğal edən 200 mindən artıq ordusu təchizatsız qala və dolayısıyla təsirsiz canlı qüvvəyə çevrilə bilər. Necə ki, biz 2020-ci ildə Şuşanı almaqla faktiki olaraq ermənilərin Ağdamdakı 20 min əsgərinin təchizat xəttini kəsməklə mühasirəyə salmışdıq və ermənilər məhz bu hadisədən sonra ağ bayraq qaldırmalı olmuşdular".
Ukrayna Silahlı Qüvvələrinin NATO-nun direktivləri ilə yönləndirildiyinə inanan Heydər Oğuzun fikrincə, son zamanlar Rostov-Don istiqamətində neft bazalarının və yolların atəş altına alınması da bu planın tərkib hissəsidir: “Məqsəd Rusiya qoşunlarının sonuncu təchizat xətti olan cənub-şərq cəbhəsinin bütün logistikasını bir-bir sıradan çıxarmaqdır”.
Heydər Oğuz xatırlatdı ki, Ukrayna prezidenti bu yaxınlarda ABŞ liderlərinə Rusiyaya qarşı planlaşdırdıqları savaşın strateji yol xəritəsini təqdim edəcəklərini açıqlamışdı: “Bu açıqlamadan sonra Ukraynanın müdafiə naziri Rüstəm Ömərov və Zelenskinin xüsusi nümayəndəsi Vaşinqtona səfər edib orada ABŞ rəsmiləri ilə görüşdülər. Zənnimcə, görüşdə Rusiyanın təchizat xəttinin kəsilməsi ilə yanaşı, uzunmənzilli silahlardan istifadə etmək üçün razılığın alınması məsələsi də müzakirə olunub. Təsadüfi deyil ki, həmin görüşdən dərhal sonra sentyabrın 1-də Moskva da daxil olmaqla, Rusiyanın 15 vilayətinə kütləvi dron hücumlarına start verildi. Hücumlar əsasən logistik mərkəzlərə və enerji obyektlərinə edildi. Bütün bunlar ondan xəbər verir ki, ABŞ-da keçirilən görüşlər müsbət nəticələnib və müəyyən razılıqlar alınıb. Hücumların dronlarla başlaması da təsadüfi deyil. Adətən Ukraynada müharibənin bütün yeni mərhələləri xırda addımlarla başlanır, bir növ, Rusiyanın nəbzi yoxlanıldıqdan sonra böyük hücumlara keçilir. Görünür, ABŞ və NATO ölkələri hələ də Rusiyanın nüvə gücündən ehtiyatlanır və ilk işə "sınaq iynələri" ilə başlayırlar. Necə ki, bir dərmanın insan orqanizminə düşüb-düşmədiyini yoxlamaq üçün həkimlər xəstəyə kiçik dozada o iynəni vururlar, sanki Ukraynada da bəzi əməliyyatlar əvvəl Ukraynanın öz silahları və ya dronları ilə həyata keçirilir. Rusiya tədricən bu yoxlama “iynə”lərə öyrəşdirildikdən sonra NATO qüvvələrinin öldürücü silahları dövriyyəyə girir. Fikrimcə, sentyabrın 1-dən etibarən Rusiyanın içərilərinə doğru kütləvi dron hücumları da bu sınaqlardan biridir. Həmin sınaqlardan sonra əsl öldürücü silahlarla hücumlara keçiləcək".
Siyasi şərhçinin fikrincə, Rusiya-Ukrayna savaşında vəziyyətin mərhələli dəyişiminin zamanlanması da təsadüfi seçilməyib: “Bilirsiniz ki, Ukraynanın Kurska hücumu avqustun 6-da başladı. Avqustun 6-sı tarixə həm də Hiroşima faciəsinin anım günü kimi düşüb. 1945-ci ilin 6 avqustunda ABŞ Yaponiyanın Hiroşima şəhərinə atom bombası ataraq, nüvə silahının insan üzərində ilk sınağını keçirdi. Yaponiya məhz bu hadisədən sonra böyük yıxılmaya məruz qaldı. Bir neçə gündən sonra Naqasakiyə vurulan ikinci nüvə zərbəsindən sonra isə ağ bayraq qaldırdı. Bilirsiniz ki, Rusiya da Kursk hücumuna qədər ABŞ-ı və Qərb dövlətlərini öz əraziləri işğala məruz qalarsa, nüvə savaşı ilə təhdid edirdi. Sanki Ukraynanın Kursku bu tarixdə ələ keçirməsi ilə alyans Rusiyaya belə təhdidlərdən çəkinmədiyi mesajını verdi və ona Hiroşima faciəsindən dərs almağı məsləhət gördü. Təsadüfi deyil ki, məhz Kursk hücumundan sonra Rusiya nüvə təhdidlərini bir daha dilə gətirmədi. Görünən bu idi ki, Moskva ona Kursk hücumu ilə verilən mesajı anlamışdı.
Moskvaya və digər 15 vilayətə kütləvi dron hücumlarının sentyabrın 1-də başlanması da, fikrimcə, təsadüfi seçilməyib. Sentyabrın 1-i bəzi Qərb ölkələrində Beynəlxalq Sülh günü kimi qeyd olunur. Həmin gün əslində 1939-cu ilin 1 sentyabr tarixində almanlarla sovet qoşunlarının Polşanı işğal etməsini anmaq üçün keçirilir. Çünki Polşanın Rusiya və Almaniya tərəfindən işğalı ilə II Dünya müharibəsi yeni mərhələyə qədəm qoymuşdu. Hətta bəzi tarixçilər II Dünya müharibəsini bu tarixdən başladırlar. Bəzi Qərb ölkələri tərəfindən sentyabrın 1-nin Beynəlxalq Sülh günü elan edilməsinin sirri də bu tarixdə gizlidir. Fikrimcə, Qərb imperializmi həmin tarixi müharibə günü kimi qeyd etməməkdən utandığı və bir növ ona legitimlik qazandırmaq istədiyi üçün bu adı veriblər. Zənnimcə, Ukraynanın məhz sentyabrın 1-də Rusiyanı kütləvi dron zərbəsinə məruz qoymasının da səbəbi bu tarixlə bağlıdır. Sanki kütləvi hücum üçün bu tarixin seçilməsi III dünya savaşına işarədir və Rusiyaya “Qərb bu savaşa hazırdır” mesajı verilir".
Elşən MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”
Paylaş: