Xəbər lenti

Oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək BRICS sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir. Tükiyənin təşkilata üzvlük məsələsi də bu sammitdə müzakirə edilə bilər. Məlum olduğu kimi, Azərbaycan da ötən ay BRICS-ə üzvlük istəyi ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Həm Azərbaycanın, həm də Türkiyənin eyni anda bu təşkilata üzvlük üçün müraciət etməsi nə anlama gəlir? İki qardaş ölkənin Qərbdən Şərqə yönəlişi dünya geosiyasətində hansı nəticələr doğura bilər?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, istər Azərbaycan, istərsə də Türkiyə Qərblə Şərqin qovşağında yerləşir: “Bizim Qərbə nə qədər yaxınlığımız varsa, bir o qədər də, hətta ondan daha artıq Şərqə aidiyyətimiz var. Mədəniyyətimiz, ədəbiyyatımız, dinimiz etibarilə şərqliyik və bu amillər sabit dəyərlərdir, onlardan imtina etmək, yaxud dəyişdirmək mümkün deyil. Üstəlik, Qərbin özündən saymadıqları Mərkəzi Asiyada bizim dili dilimizdən, dini dinimizdən olan qardaşlarımız yaşayır. Geniş ərazilərə yayılan Mərkəzi Asiya türkləri ilə eyni ittifaqlarda birləşmək həm bizə, həm də Türkiyəyə böyük üstünlüklər qazandırır”.

Heydər Oğuzun fikrincə, BRICS əslində Qərbin Şərqə xor baxmasına, iqtisadi cəhətdən böyüməsinin qarşının alınmasına etirazdan yaranıb: “Sirr deyil ki, I və II Dünya müharibələrində dünyanı öz aralarında bölüşən Qərb ölkələri Şərqə müstəmləkə kimi baxır və onun təbii zənginliklərini amansızcasına istismar edirdi. Dünya əhalisinin böyük hissəsinin yaşadığı Şərq dövlətləri 2006-ci ildə bu vəhşi istismara qarşı birləşdi və BRICS təşkilatını qurdu. Təşkilatın məqsədi dünyanın təkqütbdən idarə olunmasının qarşını almaq və qlobal iqtisadiyyatda layiqli yer tutmaqdır. Azərbaycan da Qərb imperializminin qurbanına çevrilmiş ölkədir. Deməli, bizim də BRICS-ə üzvlükdən yararlanma haqqımız var”.

BRICS-ə üzv olmağın Qərbdən qopmaq anlamına gəlmədiyini düşünən Heydər Oğuz fikrini qloballaşan iqtisadiyyatın tələbləri və qütblərarası əlaqələrin zəruriliyi ilə əsaslandırdı: “Bilirsiniz ki, dünya artıq qloballaşma prosesini tamamlayıb. Nə Qərb Şərqsiz, nə Şərq Qərbsiz yaşaya bilməz. Bu iki qütb arasında bağlantı nöqtələri olmalıdır və istər Azərbaycan, istərsə də Türkiyə bu funksiyanı həyata keçirir. Bizdən Şərqin də, Qərbin də gözləntisi bu bağlantını qurmaqdır. Coğrafi cəhətdən yaşadığımız məkanın xüsusiyyəti də bizə bu imkanı verir. Zənnimcə, Qərblə yaxın iqtisadi münasibətlərdə olan Azərbaycanın Şərqlə bağlantısının olması bütün tərəflərin xeyrinədir. Xüsusilə də bizim özümüz bundan faydalana bilərik”.

Azərbaycan və Türkiyənin BRICS-ə yaxınlaşmasının Qərb ölkələrinin bizə baxışını dəyişdirəcəyini düşünən Heydər Oğuz deyib: “Əslində Türkiyə də, Azərbaycan da Qərbin qərəzli münasibətinə etiraz məqsədilə BRICS-ə yönəldilər. Bilirsiniz ki, Türkiyə 60 ildən çoxdur, Avropa İttifaqına üzv olmağa can atır. Avropa isə müxtəlif bəhanələrlə onu özündən kənarda saxlayır. Bizə qarşı da bənzər yanaşmanın olduğunu görürük. Avropa və Qərb dövlətləri erməni lobbilərinin də təzyiqləri ilə Azərbaycana qarşı çox ədalətsiz mövqe sərgiləyirlər. Onlara “siz əvəzedilməz deyilsiniz” mesajı verilməli idi və BRICS-ə üzvlük müracəti ilə faktiki bu mesaj verildi. Bundan sonrasını Qərb ölkələri düşünsün”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 609          Tarix: 5-09-2024, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma