Xəbər lenti

Bir neçə gün öncə Bakıya səfər edən Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevlə görüşdə əldə olunan ən vacib razılaşmalardan biri ölkəmizin BRICS-ə üzvlüklə bağlı müraciət etməsi idi. Rusiya və Azərbaycan hökumətlərinin heyətlərarası görüşlərinin davam etdiyi 20 avqust 2024-cü il tarixində XİN rəsmən BRICS-ə üzvlüklə bağlı müraciət ünvanladı.

Nəzərə alsaq ki, Azərbaycan Qoşulmama Hərəkatının ən önəmli üzvlərindəndir, o halda sual yaranır: BRICS-ə üzvlük bizim bloklara qoşulmama strategiyamıza xələl gətirə bilərmi? Ümumiyyətlə, BRICS-ə qoşulmaq ölkəmizə nə qazandıracaq?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, BRICS-in bloklara qoşulmama prinsipi ilə heç bir əlaqəsi yoxdur: “Bloklara qoşulmama dedikdə, qlobal hərbi ittifaqlarda (NATO, KTMT və s. kimi) təmsil olunmamaqdan söhbət gedir. BRICS isə hərbi ittifaq deyil və onun üzvləri iqtisadi əməkdaşlıq imkanlarını artırmaqla qlobal iqtisadiyyatda layiq olduqları yeri əldə etməyə çalışırlar. Dolayısıyla formal olaraq, bu iki qurum bir-birinin alternativi deyil. O başqa məsələdir ki, Qərb dünyası, xüsusilə onun aparıcı qolu olan anglo-sakson ittifaq qlobal siyasi və iqtisadi hegemoniyasını qorumaq üçün hərb alətindən istifadə edirlər. Rusiyaya qarşı qurulan və son zamanlar Çini də hədəfə almağa başlayan NATO kimi hərbi alyanslar bu mənada BRICS-in böyüyüb hegemon gücə çevrilməsini əngəlləməyə çalışa bilərlər. Bununla belə, BRICS-ə üzvlüyün ən azı hüquqi baxımdan hansısa hərbi ittifaqa qoşulmaq kimi bir rəsmi hədəfi yoxdur və üzvlərin birtərəfliliyini şübhə altına almır”.

O ki qaldı BRICS-ə üzvlüyün Azərbaycana xeyrinin olub-olmayacağına, Heydər Oğuz bu mövzuya ehtiyatla yanaşır: “Məsələ burasındadır ki, BRICS ittifaqı inkişaf etməkdə olan bəzi güclü dövlətlərin beynəlxalq maliyyə institutlarında (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) daha çox söz sahibi olmaq istəyindən doğur. Maraqlıdır ki, bu ideyanı ilk ortaya atan da əslində ABŞ-a bağlı qurumlar olmuşdu. 2001-ci ildə Mançester Universitetinin professoru Cim O`nil tərəfindən ABŞ-da yerləşən qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti “Goldman Sachs” üçün hazırlanan hesabatda ilk dəfə “BRIC” sözü keçmişdir. O`nil hesabatında Braziliya, Rusiya, Hindistan və Çin kimi inkişaf etməkdə olan ölkələrin 2050-ci ilə qədər dünya iqtisadi sistemində lider olmaq potensialına malik olduğunu bildirmiş və ABŞ rəsmilərinə bu barədə xəbərdarlıq göndərmişdi. 2006-cı ildə həmin dövlətlər bir araya gəlib ittifaq qurmaq niyyətlərini ortaya qoydular. 2009-cu ildə isə BRIC quruldu. 2011-ci ildə ittifaqa Cənubi Afrika da qoşuldu və təşkilat indiki adını aldı – BRISC. Ukrayna-Rusiya müharibəsinin başladığı 2022-ci ildən sonra isə BRICS genişlənmə yolunda ciddi addımlar atmağa başladı. 2023-cü ildə Cənubi Afrikada keçirilən Yohannesburq sammitində genişlənmə istiqamətində ən böyük addımlar atıldı. İttifaqa İran, Səudiyyə Ərəbistanı, Argentina, Efiopiya, Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin qatılması ilə BRICS xeyli böyüdü. Daha onlarla ölkənin bu ittifaqa üzv olmaq üçün müraciət etdiyi bildirilir. Azərbaycan da bu ölkələrdən biridir”.

Siyasi şərhçinin fikrincə, BRICS-ə üzv olan və olmaq istəyən ölkələrin bir-birindən fərqli hədəfləri var, bu da onun gələcəyi barədə bəzi suallar ortaya çıxarır: “Məsələn, Rusiya və İranın quruma üzvlüyü ABŞ və Qərb ölkələrinin sanksiyalarını yarmaq, dünyanın digər dövlətləri ilə iqtisadi əməkdaşlığı gücləndirməkdir. Çinin hədəfi isə daha böyükdür, o, sanksiyaları yarmaqla yanaşı, həm də Qərb tərəfindən gözardı edilən dövlətləri öz ağuşuna almaq istəyir. Yalnız özünün böyüməsini düşünən Çinin bu strategiyası istər-istəməz ittifaqın digər üzvləri arasında ciddi parçalanmalar yaradır. Məsələn, 2022-ci ilə qədər Çinlə Hindistan arasındakı ticarət dövriyyəsi 85 faizi birincinin xeyrinə olub. Nəticədə Hindistan iqtisadiyyatı Çindən asılı vəziyyətə düşüb. Bənzər ifadələri Rusiya və Çin arasında iqtisadi-ticari əlaqələr barədə də söyləmək mümkündür. Qərb tərəfindən tamamilə təcrid edilən Rusiyanın çarəsiz vəziyyətindən faydalanan Çin onun neft və qazını 4 qat aşağı qiymətə almaq istəyir. İddiası isə budur: sən necə ki, Belarusa daxili bazar qiymətinə təbii sərvətlərini satırsan, eyni qaydada mənə də sat. Əvəzində isə Rusiya sənaye bazarının təkbaşına təchizatçısına çevrilib. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Çini bu ölkə üzərində iqtisadi əməkdaşlıq şərtlərini müəyyənləşdirən güc halına gətirib. Təbii ki, bu cür qeyri-sağlam münasibətlər BRICS-in gələcəyini şübhə altına alır. Və yaxud başqa bir misal: Dediyimiz kimi Qərbin sanksiyalarına məruz qalan İran öz neft və qaz sənayesini inkişaf etdirmək üçün BRICS-in maliyyə institutu hesab olunan Yeni İnkişaf Bankından (NDB) böyük həcmdə kredit almağa ümid edir. NDB isə krediti dollar və avro ilə verir və Dünya Bankının sanksiyalar tətbiq etdiyi ölkələrlə əməkdaşlıqdan çəkinir. Eyni şəkildə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə İran arasında da çox dərin problemlər mövcuddur. Eyni sözləri bizimlə İran və Hindistana da şamil etmək olar. Bir sözlə, BRICS-in normal fəaliyyət göstərməsi üçün çox uzun məsafələr qət edilməli və bir çox strukturlar qurulmalıdır. Ən önəmlisi isə bu ittifaq özünün ortaq valyuta vahidini müəyyənləşdirməli, iqtisadi əməkdaşlıqlarda bütün tərəflərin tərəqqisi göz önündə bulundurulmalıdır. Əks halda, BRICS də eynilə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi Qərb iqtisadi hegemoniyasını möhkəmləndirən, ədalətsiz iqtisadi əməkdaşlıq sistemini bərqərar edən növbəti sistemə çevriləcək”.

Konkret olaraq, Azərbaycanın BRICS-dən gözləntilərinə toxunan siyasi şərhçi bildirdi ki, istənilən əməkdaşlıqlarda qarşılıqlı fayda prinsipi həyata keçirilməlidir: “Qarşılıqlı faydalılıq prinsipi isə tərəflərin geosiyasi əhəmiyyəti və hədəflərin çuğlaşması ilə ölçülür. Deməli, Azərbaycanla BRICS arasındakı normal münasibətləri qurmaq üçün ilk öncə bu suallara cavab tapılmalıdır: Biz BRICS üçün, BRICS bizim üçün nə anlam ifadə edir? Azərbaycan BRICS-in aparıcı ölkələri sayılan Rusiya, Çin, İran və potensial üzv hesab olunan qardaş Türkiyə üçün ilk növbədə qlobal marşrutların keçdiyi körpü dövlətdir. Şimal-Cənub dəhlizi ilə Rusiyanı İrana və Hindistana, Orta dəlizlə isə Çini Avropaya birləşdirə bilirik. Digər geo-iqtisadi əhəmiyyətimiz olan təbii sərvətlərimizin isə BRICS ölkələri ilə iqtisadi əməkdaşlıqda çox böyük önəmi yoxdur. Çünki şimal qonşumuz Rusiya da, cənub qonşumuz İran da dünyanın ən böyük neft və qaz istehsalçılarıdır. Azərbaycandan Çinə və ya Hindistana qaz və neft ixracı da inandırıcı deyil. Çünki bu ölkələrin Yaxın Şərq və Rusiyadan enerji mənbələri almaq imkanları var. Yalnız qardaş Türkiyə bizdən böyük ölçüdə qaz alır ki, bu ticari əlaqəni davam etdirmək üçün hansısa beynəlxalq quruma ehtiyac yoxdur. Deməli, bizim BRICS üçün dəyərimiz yanlız marşrutlar üzərində nəzarət imkanlarımızla bağlıdır. Bu mənada BRICS ölkələrinin gözüylə Azərbaycanı körpü dövlət də adlandırmaq da olar.

BRICS-in Azərbaycan üçün dəyəri isə iki amillə izah oluna bilər:

1) ölkəmizə qarşı ədalətsiz davranan və zaman-zaman ermənipərəst mövqeyi ilə ürək bulandıran Qərb dövlətlərinin basqılarına qarşı “heç kim alternativsiz deyil” mesajını vermək üçün;

2) yaranmaqda olan yeni qlobal iqtisadi sistemdə dünya güc mərkəzlərinin amansız rəqabətindən faydalanıb 4-cü sənaye inqilabında layiqli yer tutmaq üçün”.

Heydər Oğuz hesab edir ki, Azərbaycan doğru və incə düşünülmüş xarici siyasət yürütməklə bu imkanlardan faydalana bilər: “Əvvəla, hesab edirəm ki, qarşıya qoyduğumuz ilk hədəfi artıq reallaşdırmaq üzrəyik. Bir müddət əvvələ qədər Avropa Şurasındakı üzvlüyümüzdən istifadə edən Qərb ölkələri bizə əsassız hücumlar təşkil edə bilirdilər. Əksər hallarda bu hücumlar tamamilə erməni maraqlarına qulluq edirdi. Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılmasından sonra BRICS-ə yönəlməsi ilə bu basqılar da azaldı və Qərb ölkələri nə qədər xətalı mövqe tutduqlarını anladılar. Çünki Azərbaycan Qərb üçün də çox mühüm strateji əhəmiyyət daşıyan bir ölkədir. Yeri gələndə Çinin İran üzərindən də öz müttəfiqlərinə yönəlmək imkanları var. Avropa üçün isə Rusiya və İrandan yan keçərək Azərbaycansız Mərkəzi Asiya ölkələrinə çıxış imkanları yox həddindədir. Üstəlik, Azərbaycanın neft və qaz ehtiyatı da Avropaya daha çox lazımdır. Bu mənada Azərbaycanı itirmək Avropa üçün dünya gücünə çevrilmək və ya bu potensialı saxlamaq baxımından həyati önəm daşıyır. Zənnimcə, Qərb dünyası Azərbaycanın BRICS-ə yönəlməsinin nəticələri barədə dərindən düşünəcək və ölkəmizlə bağlı siyasətində önəmli korrektələr aparacaq.

İkinci amilə gəlincə, dünya artıq 4-cü sənaye inqilabına doğru irəliləyir. Yeni dövrün sənayesindən tutmuş yanacağına qədər hər şey dəyişiləcək. Azərbaycan öz günəş və külək potensialı ilə yenə dünyanın aparıcı enerji ölkəsi kimi mövqeyini qoruyacaq. Amma bununla kifayətlənməmək lazımdır. Ölkəmizdə yeni dövrün bir çox sənaye müəssisələrinin də əsası qoyulmalıdır və hazırda buna uyğun münbit şərait də var. Çünki Qərb dövlətləri Çinin böyüyən gücü qarşısında aciz duruma düşdüyündən gömrük qapılarını onun üzünə bağlayır. Çin və Çinə investisiya qoyan beynəlxalq maliyyə qurumları daha uyğun coğrafiyalarda öz müəssisələrini qurmalı və onun şirkəti kimi mal istehsal etməlidirlər. Hesab edirəm ki, Şərqlə Qərbin arasında yerləşən, yeri gələndə Rusiya ilə də yaxın münasibətləri olan ölkəmiz bu sahədə şanslı ölkə kimi plana çıxa bilər. Sadəcə, ölkədə investisiya mühitini yaxşılaşdırmaq və bu istiqamətdə ciddi islahatlar aparmaq lazımdır. 

Təbii ki, xarici sərmayəni ölkəmizə investisiya qoymaq üçün həvəsləndirici kompleks tədbirlər olmadan yeni dövrün fürsətlərini də əldən qaçıra bilərik”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com





Ana səhifəyə qayıt        Baxış: 5 228          Tarix: 23-08-2024, 17:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma