Xəbər lenti

Azərbaycan Prezidentinin Milli Məclisin açılış sessiyasında çıxışı və ardınca da Bakı Ekspo Mərkəzində "ADEX" 5-ci silah sərgisinin keçirilməsi Ermənistanda ciddi təşvişə səbəb olub. Erməni mediası bunu NATO-nun bəzi dövlətlərinin yardımı ilə Ermənistana hücuma hazırlıq planı kimi dəyərləndirib.

Onların fikrincə, Azərbaycanın budəfəki hədəfi Zəngəzur ola bilər.

“...Azərbaycan eyni müttəfiqlərlə yeni müharibəyə hazırlaşır. Siyahıya İtaliya da əlavə olunub. Və təkcə o da deyil. Azərbaycan ADEX sərgisində 193 növ silah təqdim edir. Yəni Ermənistana qarşı istifadə olunacaq bütün bu silahlar…

Azərbaycan İspaniya ilə də əməkdaşlıq edərək birlüləli top istehsal edib. "Guardian-30" adlanan silahın çapı 30 mm-dir. Onun istehsalına 2024-cü ildə başlanılıb və artıq bir neçə sınaq keçirilib. Silahın çəkisi 3 tondur və 8-13 kilometr məsafədəki hədəfləri effektiv şəkildə vurmağa qadirdir. Silah zirehli personal daşıyıcısına quraşdırıla bilər. NATO üzvü olan daha bir ölkə Azərbaycanın hərbiləşdirilməsində belə iştirak edir. Biabırçılıq? Biabırçılıq!”, - Armenian Report nəşri analitik yazısında heyfsilənməsini bu şəkildə ifadə edir.

Doğrudanmı Azərbaycan Zəngəzuru ələ keçirməyə hazırlaşır? Elədirsə, NATO müttəfiqləri nə əcəb bizim silahlandırılmağımızda rol oynayır?

“Amrenian Report”un analitikinə görə, bəli. Üstəlik, onun fikrincə, Azərbaycanın silahlandırılmasında İsrailin də barmağı var: “Reallıqda bütün bunların azərbaycanlılar tərəfindən deyil, bəlkə də İsraildə, Türkiyədə və ya İtaliyada inkişaf etdirildiyi göz qabağındadır. Ancaq bu, o qədər də vacib deyil. Ən əsası odur ki, Azərbaycan fəal şəkildə müharibəyə hazırlaşır və bir çox ölkələr, o cümlədən NATO üzvləri bu işdə ona kömək edir”.

Və müəllif qeyd edir: “Türkiyə-Rusiya-Azərbaycan üçlüyünün Sünik (Zəngəzur) dəhlizini yarmaq məqsədi ilə Süniki ələ keçirmək planları hamıya məlumdur”.

Siyasi şərhçi Heydər Oğuz isə Musavat.com-a açıqlamasında ermənilərin bu qorxusunu “ilan vuranın ala çatıdan qorxması” kimi qiymətləndirir:

“Məsələ burasındadır ki, Azərbaycanın Zəngəzuru işğal etmək niyyəti olsaydı, İtaliya, İspaniya kimi NATO dövlətlərinin yardımına ehtiyac duymadan bunu bacarardı. Amma II Qarabağ döyüşlərində və 24 saatlıq antiterror əməliyyatı zamanı rəsmi Bakı əlində böyük fürsətlər olduğu halda buna getmədi. Əksinə, ana südü qədər halal ərazimiz olan Qarabağ və ətrafını belə, Madrid prinsiplərinə uyğun şəkildə əvvəl 4 rayonu işğaldan azad etdik. Sonra erməniləri digər 3 rayondan çıxmasını gözlədik. Ardınca isə reinteqrasiya təklifimizə müsbət reaksiya verməyən Qarabağ ermənilərinin dövlətçiliyimizə qarşı üsyanını yatırdıq. Ermənilər separatizmlərinin bir fayda verməyəcəyinə əmin olduqdan sonra könüllü şəkildə Qarabağı tərk etdilər, arxasınca düşüb “getməyin, biz sizin hüquqlarınızı qoruyacağıq”, - dedik, inanmadılar. Çünki Azərbaycan ərazisində və onun bayrağı altında yaşamaq üçün üz yeri qoymamışdılar. Rəsmi Bakı bütün bu addımları beynəlxalq hüquq normalarına sayğıdan çıxış edərək atırdı və yenə də atır. Və bizim iradəmizdən asılı olmayaraq, tarixi ərazilərimiz sayılmasına baxmayaraq, beynəlxalq aləmdə Ermənistan kimi tanınan Zəngəzuru da zorla ələ keçirən deyilik. Biz sadəcə bu ərazidən keçən marşrut istəyirik. Bu isə təkcə bizim istəyimiz də deyil. Beynəlxalq güc mərkəzlərinin tələbidir. Təsadüfi deyil ki, Zəngəzur dəhlizi məsələsini ilk dəfə gündəmə gətirən İrəvanın ən çox güvəndiyi ABŞ olub. Özü də indi yox, 1990-cı illərdə. Bilirsiniz ki, bu barədə ilk təklifi ABŞ diplomatı Pol Qobl irəli sürmüş və həmin təklif istər bizim, istərsə də erməni parlamentində uzun müddət müzakirə olunmuşdu. 1999-cu ildə Ermənistan parlamentində həyata keçirilən məşhur terror aktı nəticəsində məsələ uzun müddət gündəmdən kənarda saxlanıldı. II Qarabağ savaşından sonra Zəngəzur dəhlizi məsələsinin gündəmə gətirilməsi yenə ABŞ və Böyük Britaniya kimi Qərb ölkələrinin Cənubi Qafqaza və Mərkəzi Asiyaya açılmaq niyyətindən irəli gəlir. Təbii ki, qarşısı alınmaz proses kimi baxdığı üçün Rusiya da bu dəhlizə maraq göstərir və onun öz nəzarətində olmasını istəyir. Eyni şəkildə Çin də bu dəhlizi “Bir Kəmər, Bir Yol” projesinin tərkib hissəsi – Orta marşrut kimi dəyərləndirir. Məqsəd isə təkcə Azərbaycanın və ya Mərkəzi Asiyanın bu dəhlizdən yararlanması da deyil. Yeri gələndə Türk dünyasının həmin dəhlizə alternativi var və bu yol Gürcüstandan keçir. ABŞ və İngiltərənin əsas məqsədi Ermənistanı da bu projenin gözünə qatıb dalandan çıxarmaqdır. Bir növ, hər kəsdən daha çox, ermənilərin milli maraqlarını nəzərə alan bu projenin reallaşması üçün Azərbaycan beynəlxalq hüquq normalarını pozub Zəngəzura hücum etməz. Rəsmi Bakının strateji ağlı bu riskə getməyə imkan verməz”.

Heydər Oğuzun fikrincə, İlham Əliyevin Milli Məclisdə müharibə ritorikası ilə danışmasının başqa səbəbi var və bu, tamamilə diplomatik qaydalara uyğundur: “Məşhur bir söz var: “Müharibə istəmirsənsə, müharibəyə hazır olmalısan”. Azərbaycan da müharibə istəməyən bir tərəf kimi müharibəyə hazırlaşdığını nümayiş etdirir və özünün istehsalına başladığı yeni silahlarını sərgiyə çıxarır. Digər tərəfdən ermənilərə təzyiq göstərərək, onları haqqa gətirməyə çalışır. Bu da diplomatik mübarizənin bir növüdür”.

Siyasi şərhçinin iddiasına görə, İlham Əliyevin həmin çıxışında verdiyi mesaj da əslində İrəvana ünvanlanmamışdı: “Baxmayaraq ki, o, çıxışında açıq şəkildə sadəcə Ermənistanın adını çəkirdi. Amma onun əsl xitab etdiyi tərəf digər qonşularımız idi. Prezident çıxışının quru sərhədlərinin açılmaması ilə bağlı hissəsini xatırlasanız, mənimlə razılaşarsınız. O deyirdi: “Digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni, vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır, daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır. Daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var - real və potensial”. Zənnimcə, ölkə başçısının son zamanlar atdığı addımların əsl səbəbi məhz bu cümlələrdə axtarılmalıdır”.

Heydər Oğuz xatırladıb ki, Azərbaycanın bir neçə ölkə ilə quru sərhədləri var: “Ən uzun quru sərhədlərimiz, təbii ki, Ermənistanladır – 1007 km. Amma bu sərhədlərimiz onsuz da bağlı olduğundan Azərbaycan prezidenti təhlükədən danışarkən oranı nəzərdə tutmurdu. Digər uzun sərhədimiz İranladır – 765 km. Gürcüstanla sərhədimiz 471 km. olsa da oradan da ciddi təhlükə gözləmirik. Üçüncü ən uzun quru sərhədimiz Rusiya ilədir – 391 km. Cəmi 11 km. sərhədimiz olan Türkiyə isə strateji müttəfiqimizdir. Dolayısıyla oradan da təhlükə gözləmirik. Deməli ortada iki dövlət qalır. Biri şimalda, digəri cənubda. Məntiqlə, Azərbaycan da əsl təhlükəni bu sərhədlərdən gözləməlidir. Artıq neçə ildir, İranın Zəngəzuru özünün “qırmızı cizgisi” elan edib bizimlə təhdidkar tonda danışması və son zamanlar şimal rayonlarımızda yaşanan insidentlər də fikrimizi təsdiqləyir. Sözsüz ki, istənilən dövlət yalnız real təhdidləri silahlanma yarışına nəzərə alaraq girər və biz də istisna təşkil etmirik. Bu mənada ermənilərin bizim silahlanmağımızdan təşvişə düşməsinin heç bir real əsası yoxdur və bu, “ilan vuranın ala çatıdan qorxmasına” bənzəyir”.

Heydər Oğuzun fikrincə, ermənilərin anlamadığı digər nüans – NATO ölkələrinin niyə bizim silah istehsalımızda birgə hərəkət etməsinin də sirri də məhz burdadır: “Onlar da əmindirlər ki, Azərbaycan Ermənistanı işğal etmək üçün silahlanmır. Əksinə, özünü xaricdən gələn təhlükələrdən sığortalamaq üçün yerli silah istehsalına başlayır. Üstəlik, Azərbaycanda qurulması planlaşdırılan bu silah sənayesi Mərkəzi Asiya ölkələrinin də müdafiəsinə mühüm töhfələr verə bilər. Əslində, İlham Əliyev də çıxışında buna eyham vuraraq deyirdi: “Eyni zamanda bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Bu, bizim bir çox ölkələrlə apardığımız danışıqların, o cümlədən iqtisadi və sərmayə qoyuluşu sahəsində aparılan danışıqların tərkib hissəsidir - biz yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilək və bu imkanlar var.” Açığı, ermənilər də özlərini yaxşı aparsalar və bizimlə dost ölkəyə çevrilsələr, onlar da əldə etdiyimiz nailiyyətlərdən faydalana bilərlər. Bunun üçün isə onların həmin silahları bizə yox, ortaq hədəflərimiz uğrunda ortaq düşmənlərimizə qarşı qaldıracağından əmin olmalıyıq. Eynilə Mərkəzi Asiya ölkələrinə əmin olduğumuz kimi. Hər halda Fransa kimi uzaq ölkələrin təhlükəsizlik çətirinin altına girməkdənsə, Türkün himayəsinə sığınmaq onlar üçün də ən ağıllı seçim olardı və İrəvan bu barədə dərindən düşünməlidir. Atalar demişkən, “uzaq qohumdansa yaxın qonşu yaxşıdır”. Amma təbii ki, yaxın qonşu olmağı bacarmaq lazımdır”.

E.MƏMMƏDƏLIYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 958          Tarix: 26-09-2024, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma