Xəbər lenti


Nüvə sınağı - nüvə silahlarının sınaq növüdür. Nüvə başlığının (döyüş sursatının) partladılması zamanı nüvə partlayışı baş verir. Nüvə silahının gücünə müvafiq olaraq nüvə partlayışının nəticələri də fərqli ola bilər. Yeni nüvə silahının inkişafı üçün sınaq, məcburi və zəruri şərtdir. Sınaq olmadan yeni nüvə silahını inkişaf etdirmək mümkün deyil. Real sınağı nə kompüterlərdə və stimulyatorlarda keçirmək, nə də əvəz etmək mümkün deyil. Buna görə sınaqların məhdudlaşdırılması ilk növbədə bu silaha malik olan dövlətlər üçün yeni sistemlərin inkişafına mane olmaq və digər dövlətlərin nüvə silahına sahib olmasının qarşısını almaq məqsədi daşıyır.

Lakin hər zaman tammiqyaslı nüvə sınağı tələb olunmur. Məsələn, 6 avqust 1945-ci ildə Hiroşimaya atılan uran bombası heç bir sınaqdan keçməmişdi. Uran yükünü partlatmaq üçün "top sxemi" o qədər etibarlı idi ki, heç bir sınaq tələb olunmurdu.

16 iyul 1945-ci ildə ABŞ Nevadada, avqustun 9-da Naqasakiyə atılan bombaya bənzər və plutonium döyüş yükünə malik bombanı sınaqdan keçirdi. Nəticədə bu sxemin etibarlılığına dair şübhələr yarandı. Cənubi Afrikanın nüvə silahları isə "top sxeminə" malik idi və 6 nüvə silahı heç bir sınaq olmadan Cənubi Afrika arsenalına daxil edilmişdi.

Nüvə sınaqlarının aşağıdakı əsas növləri mövcuddur:

1. Yerüstü;
2.Yeraltı;
3. Atmosferin üst qatlarında;
4. Sualtı.


Sınaq məqsədləri

1. Yeni nüvə silahının hazırlanması (weapons development). Bütün sınaqların 75-80%-i bu məqsədlərlə aparılır.
2. İstehsal dövriyyəsinin yoxlanılması (production verification). İstənilən nümunə istehsal prosesində yoxlanılır, bundan sonra bütün seriya arsenala daxil edilir.
3. Nüvə silahının ətraf mühitə və obyektlərə təsirinin sınaqdan keçirilməsi (weapons effects tests). Digər silah növlərinə, müdafiə obyektlərinə və avadanlıqlara təsir yoxlanılır.
4.Arsenalda mövcud olan döyüş başlıqlarının yoxlanılması (stockpile verification). Silah sınaqdan keçirildikdən və arsenala daxil olduqdan sonra onun sınaqları artıq keçirilmir. Yalnız sınaq tələb etməyən nəzarət yoxlamaları aparılır.


Sınaq növləri

Tarixən nüvə sınaqları keçirildiyi yerə və mühitə görə dörd kateqoriyaya bölünür:

Atmosfer;
Transatmosfer;
Sualtı;
Yeraltı.


Atmosfer və yeraltı partlayışlar xüsusi hazırlanan təlim poliqonlarında keçirilir.


Yeraltı sınaqlar iki yolla aparılır:

1.Şaquli şaxtada yükün partladılması. Bu üsul ən çox yeni silah sistemləri yaratmaq üçün istifadə olunur.
2. Üfüqi bir tunel - şaxtada yükün partladılması. Bu üsul partlayışın ətraf mühitə və obyektlərə ziyan vuran amillərini öyrənmək üçün istifadə olunur.

Yeraltı sınaqın orta dəyəri 1988-ci ilin mart ayında şaquli şaxta üçün 20-30 milyon dollar, daha mürəkkəb mühəndislik problemləri səbəbindən üfüqi şaxta üçün isə 40-70 milyon dollar təşkil edirdi. Bir sınağa hazırlıq təqribən 18 ay çəkirdi və buna görə sınaq zamanı vəsaitə qənaət etmək üçün bir neçə aralıq təcrübə aparılırdı.

1963-cü ildə hər üç mühitdə sınaqların məhdudlaşdırılması haqqında müqavilənin qüvvəyə minməsindən sonra, müqaviləyə imza atan ölkələr tərəfindən sınaqların əksəriyyəti yer altında aparıldı.

Tarixə baxış

İlk nüvə sınağı, təxminən 20 kiloton TNT-ə bərabər yüklə, 16 iyul 1945-ci ildə ABŞ tərəfindən Nyu Meksiko ştatında keçirildi. SSRİ-də isə ilk nüvə sınağı 29 avqust 1949-cu ildə baş tutdu.

İlk termonüvə cihazı da ("Ivy Mike", 10.4 meqaton TNT ekvivalentində) Birləşmiş Ştatlar tərəfindən 1 noyabr 1952-ci ildə Envetok Atollunda (Marşall adaları) sınaqdan keçirilib.

SSRİ-də təxminən 0.4 meqaton TNT ekvivalentində ilk hidrogen bombasının sınaqları 12 avqust 1953-cü ildə keçirilib.

Xoş niyyət jesti kimi bəzi nüvə gücləri sınaqlara moratorium elan edir və digər nüvə silah sahiblərinin moratoriuma qoşulacağını gözləyirlər. Məsələn, 1958-ci ildən 1961-ci ilə qədər nə ABŞ, nə Britaniya, nə də SSRİ nüvə sınaqları keçirmədi. Yalnız Fransa bu təşəbbüsə qoşulmadı.

Bütün sınaq dövrü ərzində ən böyük termonüvə yükünə malik Sovetin "Çar Bombası" (təxmin edilən tam gücü 101.5 meqaton), yarı gücdə sınaqdan keçirildi. 30 oktyabr 1961-ci ildə Suxoy Nosdakı "Novaya Zemlya" təlim poliqonunda partladılan bombanın gücü 58 meqaton oldu.

1963-cü ildə bütün nüvə və bir çox qeyri-nüvə dövlətləri üç mühitdə nüvə sınağının məhdudlaşdırılması haqqında Müqaviləni imzaladı, atmosferdə, suyun altında və kosmosda nüvə partlayışlarından çəkinmək öhdəliyi götürüldü, yalnız yeraltı sınaqlara icazə verildi.

Fransa 1974-cü ilə qədər, Çin isə 1980-ci ilə qədər yerüstü sınaqlarını davam etdirdi.

22 sentyabr 1979-cu ildə Buve adası (Cənubi Atlantika) ərazisində nüvə sınağı keçirildi. Bu partlayışa görə hələ də heç bir ölkə məsuliyyəti öz üzərinə götürməyib. Həm bu partlayışın, həm də 1981-ci ildə elan edilmədən keçirilən bənzər bir partlayışın Cənubi Afrika tərəfindən və ya İsrail ilə birlikdə nüvə silahı sınaq layihələrində reallaşdırıldığı ehtimal edilir.

29 iyul 1985-ci ildə yenidənqurma siyasətinin başlamasından sonra SSRİ, 26 fevral 1987-ci il tarixinə qədər davam edən nüvə sınağına birtərəfli moratorium elan etdi.

1996-cı ildə Sınaqlara Hərtərəfli Qadağa Müqaviləsi imzalandı. Müqaviləni təsdiqləyən ölkələr nüvə silahı sınaqlarını bərpa etməyəcəyinə söz verdilər.

Tamamlanması

Ən son (artıq yeraltı) nüvə sınaqları keçirilib:

SSRİ - 1990-cı ildə,
Böyük Britaniya - 1991-ci ildə,
ABŞ - 1992-ci ildə;
Fransa - 1996-cı ildə;
Çin - 1996-cı ildə.


Sınaqların qadağan olunmasına və bu qadağaların yerinə yetirilməsinə ciddi şəkildə nəzarət edilməsinə baxmayaraq, nüvə klubu ölkələrindən heç biri öz arsenalını yaxşılaşdırmaqdan imtina etmir. Nüvə başlığının konstruksiyası, nüvə partlayışı olmadan sınaqdan keçirilə bilən, parçalanan (ayrılan) materialın saxtası ilə əvəz edilə bilən çox sayda qeyri-nüvə sistemlərindən ibarətdir. Nüvə yükünün özünü sınamaq üçün müqavilə qadağası altına düşməyən sınaqlar davam etməkdədir. Bu cür sınaqlar xüsusi laboratoriyalarda aparılır, məsələn, Los Alamos Milli Laboratoriyası və Livermor Milli Laboratoriyası ABŞ-da bu sahədə liderdir.

Sınaqların qadağan edilməsindən imtina edən ölkələr

Müqavilələri imzalamayan Hindistan və Pakistan son nüvə sınaqlarını 1998-ci ildə keçiriblər.

Nüvə silahının yayılmaması və nüvə sınaqlarının məhdudlaşdırılması haqqında müqavilələri imzalayan KXDR isə sonradan müqavilədən imtina etdi və 9 oktyabr 2006-cı ildə ilk nüvə sınağını keçirdi. 25 may 2009-cu ildə KXDR ikinci, 12 fevral 2013-cü ildə üçüncü, 6 yanvar 2016-cı ildə dördüncü, 9 sentyabr 2016-cı ildə beşinci və 3 sentyabr 2017-ci ildə altıncı nüvə sınağını keçirdi.

Nüvə sınaqlarının xronologiyası

Sınaqlar və superkompüterlər

Elektron kompüterlər ortaya çıxdığı andan nüvə silahı hesablamalarında istifadə edilməyə başladı. 1945-ci ilin dekabr ayında Los Alamos Milli Laboratoriyasında ilk ümumi təyinatlı ENIAK elektron kompüterində Edvard Tellerin komandası termonüvə partlayışı üçün hesablamalar apardı. Hesablamaların böyük həcmi və onların mürəkkəbliyi, daha güclü və inkişaf etmiş kompüterlərin yaradılması üçün tələblər irəli sürdü və nəticədə bu "superkompüterlər" adlanan xüsusi kompüter texnologiyasının ortaya çıxmasına səbəb oldu. Partlayış zamanı meydana gələn nüvə və termonüvə reaksiyalarını stimulyasiya etmək üçün superkompüterlərin istifadəsi böyük vəsaitlərə və zamana qənaət etməyə imkan verirdi. Məsələn, CDC 6600 superkompüterindən istifadə edərkən, ABŞ-ın yeni bir döyüş başlığını hazırlaması üçün 23 ərazi sınağı tələb olunurdu, CDC 7600 tətbiqi isə sınaq sayını 6-ya qədər endirirdi.

Təəccüblü deyil ki, ABŞ nəinki Varşava bloku ölkələrinə, hətta NATO-da tərəfdaş olduğu ölkələrə də superkompüterlərin tədarükünə xüsusi ixrac məhdudiyyətləri tətbiq edirdi: məsələn 1966-cı ildə ABŞ höküməti CDC 6600 superkompüterinin Fransa Atom Agentliyinə ixracı üçün istehsalçı CDC kompaniyasına lisenziya verməkdən imtina etdi. Bu Fransanın nüvə proqramının qarşısını almaq məqsədi daşıyırdı.

60-cı illərdə superkompüterlərin mövcudluğu, ABŞ-ın üç mühitdə sınaq qadağası sazişi ilə bağlı mövqeyini yumşaltdı, çünki SSRİ-nin belə güclü kompüterlərə sahib olmadığı və razılaşmaya riayət edilməsinin ABŞ-ın SSRİ-yə qarşı strateji üstünlük əldə etməsinə imkan verəcəyinə inanılırdı. Lakin SSRİ ən qısa müddətdə özünün BESM-6 superkompüterlərini inkişaf etdirdi və sonradan Varşava bloku ölkələri (Şərqi Almaniya, Macarıstan və Polşa) ilə ES və "Elbrus" ailəsinin kompüterlərinin hazırlanmasında əməkdaşlıq etdi.

Nüvə sınaqları

Ümumilikdə nüvə gücləri iki mindən çox nüvə partlayışı həyata keçiriblər.

ABŞ: Baş tutan 1054 rəsmi sınaq (ən azı 1151 qurğu, 331 yerüstü sınaq), əsasən Nevada və Marşall adalarının "Pacific Proving Grounds" adalanan ərazisindəkı təlim poliqonlarında, digər 10 sınaq isə ABŞ-ın müxtəlif yerlərində, o cümlədən Alyaskada, Koloradoda, Missisipidə və Nyu Meksikoda keçirilib.

SSRİ: Rəsmi məlumatlara görə, SSRİ-də baş tutan 715 sınaq, əsasən Semipalatinsk və "Novaya Zemlya" təlim poliqonlarında, az bir hissəsi isə Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və Türkmənistanın müxtəlif ərazilərində keçirilib.

Böyük Britaniya: 45 sınaq keçirilib. Onlardan 21-i Avstraliyada, o cümlədən 9-u Cənubi Avstraliyanın Maralinq və Emu Fild ərazisində baş tutub, qalanları isə ABŞ-dakı birgə sınaqlar zamanı reallaşdırılıb.

Fransa: 210 sınaq keçirilib. Əlcəzairdəki Axaqqar dağlarındada 12, Tanezruft səhrasındakı Reqqanda isə 4 sınaq keçirilib. Qalanları isə fransız Polineziyasındakı Fangatauf və Mururoa adalarında baş tutub.

Çin: 45 sınaq keçirilib. Onlardan 23-ü yeraltı və 22-si isə yeraltı olub. Sınaqlar Sincandakı "Lob Nor" bazasında reallaşdırılıb.

Hindistan: "Pokhran" nüvə poliqonunda 5-6 yeraltı sınaq keçirilib.

Pakistan: "Chagai Hills" poliqonunda 3-6 sınaq keçirilib.

KXDR: "Hvadae-ri" nüvə poliqonunda 6 sınaq keçirilib.

Ən güclü nüvə sınaqlarının siyahısı

Aşağıdakı siyahıda partlayış gücü 10 meqaton TNT və daha çox olan bütün məlum olan nüvə sınaqlarının keçirildiyi tarix, gücü, ölkəsi, poliqonun adı və bombanın adı (nömrəsi) əks olunub:

1) 30.10.1961, 58 Mt, SSRİ, "Novaya Zemlya" poliqonu, "Çar bombası";
2) 24.12.1962, 24.2 Mt, SSRİ, "Novaya Zemlya" poliqonu, sınaq № 219;
3) 08.05.1962, 21.1 Mt, SSRİ, "Novaya Zemlya" poliqonu, sınaq № 147;
4) 09.27.1962, 20 Mt, SSRİ, "Novaya Zemlya" poliqonu, sınaq № 174;
5) 25.09.1962, 19.1 Mt, SSRİ "Novaya Zemlya" poliqonu, sınaq № 173;
6) 02.28.1954; 15 Mt, ABŞ, Bikini Atollu, "Castle Bravo ";
7) 04.05.1954, 13.5 Mt, ABŞ, Bikini Atollu, "Gastle Yankee";
8) 23.10.1961, 12.5 Mt, SSRİ, "Novaya Zemlya" poliqonu, sınaq № 123;
9) 03.26.1954, 11Mt, ABŞ, Bikini Atollu, "Castle Romeo";
10) 10.31.1952, 10.4 Mt, ABŞ-ın Enivetok Atollu, "İvy Mike";
11) 25.08.1962, 10 Mt, SSRİ, "Novaya Zemlya" poliqonu, sınaq № 159;
12) 19.09.1962, 10 Mt, SSRİ "Novaya Zemlya" poliqonu, sınaq № 168.

Ordu.az




Ana səhifəyə qayıt        Baxış: 3 515          Tarix: 10-08-2021, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma