Xəbər lenti
Dünən, 19:25

 

“Bir eşşəkarısı dedi:-Ey insan,

Bu qədər itirməz adam arını!

Səndə ağılmı yox, əskikmi vicdan,

Eşşəyə bənzətdin necə arını?”

“Eşşəkarısı” şeirim ilk bəndini xatırlatmağım yersiz deyil. Mən dünən babalarımızın bu “ətyeyən” həşəratı “eşşək” adıyla anmasının bəlkə də əsl səbəbini kəşf etdim.  Necə? İzninizlə bir kəşfin hekayəsini sizlərə nəql edim.

Dünən dəyərli dostlarımdan biriylə bir qısmət çörək yemək qərarına gəlmişdik. Hər zaman getdiyimiz kafelərdən birində oturub nahar etməyə başlamışdıq ki, masamıza çağrılmamış qonağımız “təşrif” buyurdu. Bəli, söhbət eşşəkarısından gedir.

Görünən bu idi ki, çağrılmamış qonağın dostumun kabab payına tamahı düşmüşdü. Nə qədər əllərimizlə qovalasaq da, hərlənib fırlanıb ziyafətimizə şərik olmaq istəyirdi. İlk əvvəl onu öldürüb tamahgirliyinin təbii nəticələrini eşşəkarısına başa salmaq istədik. Amma içimizdəki “humanizm” duyğusu buna imkan vermədi. Bir də axı, öldürüb tərbiyyələndirməyin nə mənası vardı? O tərbiyyənin ki, ictimai faydası olmayacaqdı, cəzalandırmağa da dəyməzdi.

 

 Bəs, bu həyasız həşəratdan necə yaxa qurtarmalı?

Axırda dostum düşdüyümüz vəziyyətdən sülh yoluyla qurtulmağın ən optimal yolunu tapdı. Qarşısındakı qızarmış ət parçasından kiçik bir tikə ayırıb boş qablardan birinə qoydu və eşşəkarısının önünə tutdu. Qonağımız ona təqdim olunan payın başı üzərində bir qədər fırlandıqdan sonra tikəyə qondu. Qismətinin üstündə tam oturduqdan sonra qabı ehmalca masanın bir kənarına qoyduq.

Ürəyimdə bu eşşəkarısındakı qanacağa yenicə heyrət etmişdim ki, xəyallarım puç oldu. Qonağımız qonduğu tikənin üzərindən havalanıb yenidən dostumun qabına təcavüz etməyə başladı. Dostum növbəti balaca tikəni onunla paylaşmağa məcbur oldu. Yenə eyni qaydada qonağımızı özündən bir xeyli böyük tikənin üzərinə otuzdurub masanın küncünə qoyduq. Növbəti dəfə “həşəratda fərasətə bax” deyəcəkdim ki, eşşəkarısı yenidən havalandı. Növbəti hücum zamanı dostum qarşısındakı tikələrdən birinin əsas hissəsini bitirdiyindən qonağımızı kənarlarında ətini tam sıyırmadığı sümüyə dəvət etdik. Eşşəkarısı yenə “bəy verən atın dişinə baxmadı”, amma bu azaqaneçiliyi də uzun sürmədi.

Nə başınızı ağrıdım, yeməyimiz bitənə qədər bir özümüz yedik, bir qonağımızı yemlədik. Hətta qarpız, pendir, kasıbın olanından, nə tapdıqda qonağımızla paylaşdıq. Bütün sümüklər eşşəkarısının qabağına düzüldükdən sonra isə o, zülm ilə əlimizdən aldığı sərvətini bizim yanımızda buraxıb başqa masaya uçdu.

  

Öz-özümə düşündüm ki, ilahi, sənin bu balaca həşəratın da bizi yaxşı tanıyırmış. Azərbaycanın bəzi iri məmurları kimi, “eşşəkliyinə” salıb hər şeyimizi əlimizdən aldıqdan sonra bir də utanmadan bizə hələ keçikçilik çəkdirir.

Bax, bu yerdə eşşəkarısının eşşəkliyinin qüdrətini anladım. Amma qəlbimə bir sual da doldu: əcəba, əsl əşşək kim idi – sərvəti zülm ilə əlindən alınanlar, yoxsa bu sərvəti mənimsəməsi azmış kimi, bir də onun əsl sahiblərinə keçikçilik çəkdirənlərmi?

Dostuma baxdım, gülümsəyirdi. Deyəsən, o da ürəyimdən keçənləri oxumuşdu.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 318          Tarix: 24-08-2017, 08:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma