Xəbər lenti

 
Hədiyyə Şəfaqət
 
An kimidir insan həyatı.
Yüz il də yaşansa, əlli il də, fərqi yoxdur, iki  göz qırpımı arasında ötüb keçir...
Kəpənəyin bir dəfə qanadını açıb yummasıdır yaşam, qarışqanın bir çörək qırıntısını yuvasına dartıb aparmasıdır, qırğının balalarının yemləmək üçün çay sularına şığıyıb balığı çaynağına keçirməsidir...
Baxarsan, bir kənardan biri bir tor atar, kəpənək gedər...
Baxarsan birinin ayağı altında qalar qarışqa, heç yoxmuş kimi...
Baxarsan bir güllə açılar, qırğı balığını əlindən aldığı sulara çırpılar...
Yenə də, nə olursa olsun, heç nə olmamış kimi görünər hər şeyin olduğu dünya...
...Hər səhər avtobusda insanlara baxıram, hər axşam yenə...  Baxıram, mənə elə gəlir ki, bu adamlar nə sübh soyuğunda pəncərəni açırlar, nə mas-mavi səmaya baxırlar səhərlər, nə gecəki yağışda yuyulub parıldaşan yarpaqlara, nə  torpaq qoxusunu çəkiblər ciyərlərinə, nə quş civiltisi, it hürüşü eşidirlər çoxdandır...
...-Hərənin başı öz dərdinə qarışıb...
Belə dedi səhər yol yoldaşım. Kiçik bir uşaq anasının qucağında oturub “Ağıllı kuklam” mahnısını oxuyurdu. Çox dəqiqliklə, səsinin tonunu düzgün saxlayaraq, sözləri aydın və açıq anlataraq, musiqinin ritmini doğru tutaraq. Avtobusdakıların çoxu səsə boylandı, sonra hərə üzünü bir yana döndərdi. Qaş-qabaqlı, yorğun, bezikmiş sifətlər. Anası uşağın ağzını ovcuyla qapamaq istədi:
-Ayıbdır...
Hə, belə də dedi, dedi ki, “ayıbdır”
Mən başımı yellədim, balacanın üzü mənəydi, gülümsədim, gözlərimlə işarə elədim ki, fikir vermə, oxu. Arxadan ehtiyatla anasının çiyninə toxundum:
-Xahiş edirəm, mane olmayın...
Ana geri qanrıldı:
-Hərənin başı öz dərdinə qarışıb...
...Bəlkə də bir quş nəğməsidir qızcığazın oxuduğu, bəlkə su şırıltısı, bəlkə quanq ağaclarının bir-birinə toxunan  yarpaqlarının xışıltısıdır, bəlkə ocaqda yanan çırpı çırtıltısı, adamlar çoxdandır dinləməyirlər...
Dinləmədikcə də unudurlar...
...Geniş foyedə məşq gedir, klassik musiqi çalınır, skripkanın ecazkar səsi  dördüncü mərtəbəyəcən gəlib çıxıb, qapılardan içəri süzülüb, əllərim toxunurmuş kimidir musiqiyə...
Və budur, bir an kimidir yaşam, skripka səsinə dönüb...
Amma onun bir anlığı hiss olunmayacaq yavaşlıqdadır...
Zaman bu yerdə, bəlkə də hər yerdə  üzünü göstərir-o yoxdur...  Onu görə bilmərik, onu duya bilmərik deyə deyil-sadəcə yoxdur zaman...
Mən zamanı yaşamla üz-üzə tuturam aynada. Həyatla üz-üzə tuturam. Kim nə qədər varsa-o qədərdir həyatı, hər şeyin, hər kəsin yaşamı boyda zamanı var...
...”Qarşında hələ uzun bir ömür dayanır”...
Elə deyil...
Heç elə deyil...




Ana səhifəyə qayıt        Baxış: 2 178          Tarix: 10-04-2017, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma