Xəbər lenti

XX əsr gənclərini 3 qrupa ayıra bilərik ki, birinci qrupa müasirliyi düşünərək həyat strategiyasını yalnız və yalnız “modernity” əsasında quran, ikinci qrupa dərin düşüncəli, dərrakəli, təhsilə, elm-bilik əldə etməyə hər şeydən çox önəm verən, üçüncü qrupa isə ilk iki qrupda sadalanan xüsusiyyətlərdən əlavə, həmçinin ətrafdakı şəxslərdən fərqlənərək liderruhlu və elə bu səbəbdən də azadlığa, hürriyyətə daha çox maraq göstərən gənclər aid edilə bilər. Hər üç qrupun nümayəndələrinin bir sıra üstün cəhətləri mövcuddur. Ancaq ibtidai təhsil pilləsini tədris edən bir müəllim olaraq şagirdlərin hərtərəfli yetirşdirilməsini əsas götürərək 3-cü qrupda sadalanan xüsusiyyətlərə malik olan gənclərə daha çox rəğbət bəsləyirəm.

Bəli, mən – Solmaz Məhərrəmova! 30 ildir ki, xalqımın, millətimin gül balalarının savadlı şəxsiyyət kimi formalaşdırılmasında vətənimə, millətimə qulluq etməkdən fərəh, qürur hisləri keçirirəm. Mən çox şanslı bir müəlliməm! Çünki mən Azərbaycan Respublikasının vətəndaşıyam. Həmin o dövlətin ki, bəşəriyyətə bir sıra dahi şəxsiyyətlər, liderlər bəxş etmişdir. Mən çox şanslıyam… Şanslıyam, ona görə ki, türk millətinin övladıyam! Həmin o millət ki, tarixi boyunca hürriyəti ilə dünyaya işıq saçmışdır.

“Azadlığımız heç bir dövlətin əliylə qazanılmayacaq və qazanılmamalıdır. Öz azadlığını xalqın özü əldə etməlidir”. Bu sözlərin müəllifi vətənimizin yetişdirdiyi, azadlığı, hürriyəti canından çox sevən Əbülfəz Qədirqulu oğlu Əliyev Azərbaycan Respublikasının 2-ci Prezidenti olmuşdur və ölkəmizdə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox böyük işlər görmüşdür. Mən, Prezident Elçibəyi nədənsə, daha çox Azərbaycan Əfşar İmperiyasının qurucusu, XVIII yüzil dünya siyasətinin nəhənglərindən olan Nadir Şaha bənzədirəm. Görünür, ona görə ki:

 

Nadir Şah da sadə xalq içindən çıxmışdı, Elçibəy də…

Nadir Şah da torpaqlarımızı düşmənlərdən təmizləmişdi, Elçibəy də… 

Nadir Şah da rus əsgərini Azərbaycandan tam qovub çıxartdı, Elçibəy də…

Nadir Şah da öz dövlətinin hərbi dəniz donanmasını yaratdı, Elçibəy də…

Nadir Şah da Azərbaycanda dini-milli gərginliyi aradan qaldırmaq üçün dəyərli işlər gördü, Elçibəy də…

 

Ancaq bu bənzətmə bizim ruhumuza nə qədər doğma olsa da, Nadir Şahla Elçibəy arasında bəzi fərqlər də var idi və Elçibəyi çağdaş dünyamızın Vatslav Havel, Lex Valensa və Turqut Özal kimi prezidentləriylə tutuşdurmaq daha doğru olardı.

Elçibəy “haqq”ı hamımızdan çox sevən, “haqq”ı hamımızdan çox incə dərk edən və bütün varlığını yalnız “haqq”a həsr edən əlyetməz bir ərəndi!

Elçibəy – dövlət, millət, insan, vətəndaş, türk uğrunda usanmadan çarpışan ən mübariz bir insan!

Elçibəy – Milli Azadlıq Hərəkatımızın Lideri, millətimizin ucalıq məktəbinin Ulu Memarı!

 

Elçibəy insan örnəyi idi: 

düşüncəsində – HAQQ!

varlığında – VƏTƏN! 

sevgisində – MİLLƏT!

siyasətində – ƏXLAQ! 

əməlində – ƏDALƏT! 

 

Azərbaycan Milli Azadlıq Hərəkatınln liderlərindən olan, öz apardığı mübarizə ilə ölkəmizin müstəqilliyə qovuşmasında önəmli rol oynayan Əbülfəz Elçibəy, Türkiyədə Mustafa Kamal Atatürk, SSRİ-də İosif Stalin kimi Azərbaycan siyasi tarixində də təxəllüslü dövlət başçısı kimi  bir ilkə imza atmışdır. Belə ki, “el” sözü türk dilində “millət” deməkdir, “-çi” şəkilçisi isə “millətçi” anlamını ifadə edir. 60-cı illərdə azadlıq mübarizəsinə başlayanda “bəy” sözünün geniş yayılması ilə türkiyəli və azərbaycanlı türk təfəkkür sahibləri tərəfindən Əbülfəz Əliyevə “Elçibəy” təxəllüsü verilmişdir.

Onun gördüyü işlər saysız-hesabsızdır, o, bir dahidir! İlk olaraq Milli Ordu yaratmaq məqsədi ilə qismən hərbi səfərbərlik və orduya çağırış işini qaydasına salan Unudulmaz Lider, Keçmiş Sovet Respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılmasına nail olaraq ölkəmizin tarixi nailiyyətinə imza atmışdır. O, Azərbaycan xalqının çox mühüm qələbəsi idi. Məhz Əbülfəz Elçibəyin sayəsində yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan, öz sərhədlərinin qorunulmasını öz üzərinə götürmüş və sərhəd qoşunlarımız təşəkkül tapmışdır.

Elçibəyin 1 illik fəaliyyəti dövründə Azərbaycanın Ağdərə bölgəsi, Goranboy ərazisi, Gədəbəyi nəzarət altında saxlayan 10.000-dən çox əhalisi olan Başkənd qəsəbəsi, Laçının 33 kəndi, Cəbrayılın 10-dan çox kəndi ermənilərdən azad edilmişdir. Bacarığı ilə göz qamaşdıran Əbülfəz Elçibəy bir il ərzində Ləl-Cəvahirat fonduna 4 ton qızıl və 150 milyon dollar toplatmaqla dövriyyəyə buraxdırdığı milli manatımızın dəyərinin itməsinin də qarşısını almışdır.

Mən düşünürəm ki, hər birimizin qəlbində bu millətə, dövlətə olan sevginin əsas səbəbkarlarından biri də məhz Əbülfəz Elçibəydir. Ermənilər 70 il təbliğat apararaq dünya ictimaiyyətini əleyhimizə yönəltməyə nail olmuşdular. Elçibəyin bir illik möhtəşəm xarici siyasəti sayəsində ermənilərin apardığı 70 illik təbliğat onların əleyhinə yönəldi. Dünya ictimaiyyətinin Azərbaycanın Demokratik bir ölkə olduğunu və Elçibəyin də Marqaret Tetçerin dediyi kimi, “Dünyanın ən böyük demokratı” olduğunu gördükdən sonra Azərbaycana münasibəti tam dəyişdi və Ermənistan işğalçı bir ölkə kimi tanındı. Nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın sözü eşidilməyə başlandı. ATƏM-in iclasında Elçibəyin doğma dilimizdəki çıxışından sonra tarixdə ilk dəfə olaraq dilimiz də ATƏM-in işlək dillərindən birinə çevrildi. Xarici ölkələrdə səfirliklərimiz və konsulluqlarımız açıldı. Eyni zamanda, Azərbaycanda 11 ölkənin səfirliyi açıldı ki, bunların arasında dünya üzrə fərqlənən ölkə olan Amerika da var idi. Bu da Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Türkiyə, Rusiya, Ukrayna, Amerika, Qazaxıstan, Türkmənistan, İran, Belarusiya, Litva ilə bərabərhüquqlu və hərtərəfli müqavilələr imzalandı.

Əzolunmaz insan, Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəy əməlləri ilə yaddaşlara iz saldı. Hətta Elçibəy dünyasını dəyişəndən sonra onun Bütöv Azərbaycan Birliyində etdiyi çıxışlar hazırlanaraq hər həftənin birinci günləri “Elçibəy dərsləri” keçirilirdi. Bu dərslərdə orta məktəb uşaqları da iştirak edirdilər. Mən düşünürəm ki, hal-hazırki dövrdə də belə dərslərə ehtiyac duyulur.

O, cismən vəfat etdi, doğrudur… Lakin, biz azərbaycanlılara çox böyük bir miras bəxş etdi. Belə ki, özü vəfat etsə də, hər birimizin qəlbində bu millətə, dövlətə tükənməz bir sevgi qoydu…

 

Solmaz İsrafil qızı Məhərrəmova

 

Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

 




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 16-06-2018, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma