Xəbər lenti

 

O, Dzerjinski adına Ali Hərbi Artilleriya Akademiyasını bitirən ilk azərbaycanlı olub. Ömrünün 37 ilini hərb sənətinə həsr edən Hüseyn Rəsulbəyov kursantlıqdan general-mayor rütbəsinə qədər ucalıb.

1917-ci ildə Dərbənddə anadan olan Hüseyn Rəsulbəyov orta təhsilini həmin şəhərdəki Stalin adına 1 nömrəli məktəbdə alıb. Orta təhsilini başa vurduqdan sonra Orconikidze şəhərində Politexnik texniukumuna daxil olub. Bu təhsil ocağını bitirdikdən sonra ilk əmək fəaliyyətinə Şimali Qafqaz dəmiryolu stansiyasında (Mineralnı Vodı şəhərində) mexanik kimi başlayıb.

Biliklərini artırmaq, ali təhsil almaq üçün Hüseyn Rəsulbəyov sənədlərini Leninqrad Siqnalizasiya və Rabitə Mühəndisləri İnstitutuna verib və imtahanlardan müvəffəqiyyətlə çıxraq həmin ali təhsil ocağının tələbəsi olub.

1938-ci ildə Hüseyn Rəsulbəyov uşaqlıqdan arzuladığı hərbçi olmaq istəyini reallaşdırmağa qərar verib. O, SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərindən biri sayılan Dzerjinski adına Ali Hərbi Artilleriya Akademiyasına üz tutub. İstər elmi, istərsə də fiziki cəhətdən hazırlıqlı olan Hüseyn Rəsulbəyov müsabiqə və imtahanlarda ən yüksək göstəricilərə nail olub.

1941-ci ildə başlanan müharibəni gənc zabit Hüseyn Rəsulbəyov Odessada qarşılayıb. Həmin vaxt leytenant Rəsulbəyov hava hücumundan müdafiə qoşunlarının 15-ci briqadasında xidmət edib.

Ümumiyyətlə, bütün müharibə ərəfəsində Rəsulbəyov ən ağır döyüş bölgələrində xidmət aparıb.

Sevastopol, Odessa, Kerç, Şimali Qafqazın müdafiəsində bir çox uğurlu döyüş əməliyyatlarına imza atan Hüseyn Rəsulbəyov ən yüksək dövlət təltiflərinə layiq görülüb. O, hərbi əməliyyatlarda qazanılan uğurlara görə dəfələrlə Dövlət Müdafiə Komitəsinin təşəkkürlərini alıb.

Hüseyn Rəsulbəyov müharibədən sonrakı illərdə yüksək hərbi vəzifələrdə çalışıb. O, Qafqaz cəbhəsinin 99-cu hava hücumundan müdafiə diviziyasının artilleriya üzrə rəisi, Bakı Hava Hücumundan Müdafiə Dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanı kimi vəzifələrdə xidmət edib.

1968-ci ildə Hüseyn Rəsulbəyova nümunəvi və qüsursuz xidmətlərinə görə general-leytenant rütbəsi verilib.

O, harada xidmət etməsindən və tutduğu vəzifədən asılı olmayaraq bilik və bacarığı ilə yanaşı, yüksək insani keyfiyyətləri, ədalətli olmağı, qayğıkeşliyi ilə fərqlənib.

1975-ci ildə Hüseyn Rəsulbəyov Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

Elə həmin il o, Azərbaycanda rabitə naziri vəziəsinə təyin edilib. Onun təşkilatçılıq qabiliyyəti, mükəmməl idarəetmə bacarığı bu sahədə də öz sözünü deyib.

Hüseyn Rəsulbəyovun rabitə naziri olduğu dövr Azərbaycan rabitəsinin “qızıl dövrü” kimi də dəyərləndirilir.

Məhz onun 9 illik nazir olduğu dövr texniki rabitə avadanlıqlarının yenilənməsi, rayon və kəndlərin kütləvi telefonlşdırılması, beynəlxalq rabitənin inkişafı, uğurlu kadr siyasəti, rabitəçilərin sosial rifahının yaxşılaşması kimi yadda qalıb. Onun iştirakı və gərgin əməyi ilə Baş Poçtamt Rabitə Evi, rabitə qovşaqları və s. layihələr işlənib hazırlanıb və inşa edilib.

Bakıdakı teleqüllənin tikintisi də Hüseyn Rəsulbəyovun xeyir-dusı ilə başlayıb və onun bu tikintidə böyük zəhməti olub. Ancaq təəssüf ki, Hüseyn Rəsulbəyova teleqüllənin fəaliyyətini görmək nəsib olmayıb.

Hüseyn Rəsulbəyovun ən ali keyfiyyətlərindən biri onun vətənpərvərliyi, Azərbaycandan kənarda yaşayanda soydaşlarımıza qarşı göstərdiyi həssaslıq və diqqət olub. Onun azərbaycanlı hərbi kadrların yetişdirilməsində xidmətləri danılmaz bir faktdır.
Hüseyn Rəsulbəyov 1984-cü ildə, 67 yaşında vəfat edib. O, bakıda Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, Dərbənd şəhərinin ön böyük prospektlərinin biri Hüseyn Rəsulbəyovun adını daşıyır. Həmçinin Bakıda generalın yaşadığı evin üzərinə xatirə lövhəsi vurulub. Hüseyn Rəsulbəyov haqqında keçmiş SSRİ-nin və Azərbaycanın kütləvi informasiya vasitələrində onlarla məqalələr çap olunub, tanınmış hərbçilər və ictimai xadimlər Hüseyn Rəsulbəyov haqqında yüksək fikirlərini bölüşüblər.




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 26-08-2019, 14:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma