Xəbər lenti

 

İsveçdə yaşayan erməni ailəsinə məxsus “GN Tobacco Sveden” şirkətinin tütün məhsulları Azərbaycanda satılır.

Axar.az xəbər verir ki, bu barədə ARB kanalı olduqca diqqətçəkən araşdırma aparıb. Məlumata görə, şirkətin hazırki sahibi İsveçdə adı keyfiyyətsiz məhsullar istehsal etməkdə və qaçaqmalçılıqda hallanan Gevorq Nalbandyandır. Bu şirkətin idarə heyətində ailə üzvləri Sergey Nalbandyan və Antonina Nalbandyan da yer alıb.

Kanalın araşdırmasında tütün biznesinin ailəyə 1937-ci ildən bu işə başlayan babalarından miras qaldığı və ailənin öz məhsullarını 2009-cu ildən “GN Tobacco AB” adı ilə dünya bazarına çıxardığı bildirilib.

Azərbaycanda isə bu şirkətin ən çox istifadə olunan məhsulları “Siberia”, “Vayt Foks” və “Odens”dir. Bu məhsulları istənilən tütün satılan obyektlərdən asanlıqla əldə etməyin mümkün olduğu araşdırmada qeyd edilib.

Araşdırma materialında məhsulun lisenziyası olduğu və üzərində Azərbaycan dilində informasiya qeyd edildiyi bildirilib. Mağaza sahibi kanala açıqlamasında məhsulların Rusiyadan qanuni yollarla gətirildiyini, region üzrə satış mərkəzinin də Rusiyada yerləşdiyini deyib.

Məsələ ilə bağlı Vergilər Nazirliyindən ARB-yə verilən məlumata görə, sözügedən idxalçı şirkət qeydiyyatdadır və vergi ödəyicisidir.

Araşdırmada o qeyd edilib ki, “GN Tobacco Sveden” şirkətinin İsveç şirkəti, rəhbərinin də İsveç vətəndaşlığı olduğu üçün dövlətlərarası münasibətlər baxımından məhsulların idxal edilməsi qanunla qadağan edilə bilməz.

Lakin İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev bildirib ki, Nalbandyan Qarabağdakı separatçılara maliyyə dəstəyi verir:

“Gevorq Nalbandyan və ailə üzvləri Qarabağdakı separatçılara və İsveçdəki erməni diasporuna dəstək verir. Nalbandyan 3 ilə yaxın siyasətlə məşğul olub və bir müddət Ermənistanda yaşayıb. Şirkətin saytında da hər şey erməni dilindədir.

Hətta 2016-ci ildə Aprel döyüşləri zamanı Skandinaviya ölkələrində yaşayan ermənilərin Azərbaycana qarşı kin və nifrət bəsləyən etiraz yürüşünü də Nalbandyan maliyyələşdirib”.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, şirkətin sahiblərinin Azərbaycanın işğal olunmuş torpaqlarında fəaliyyəti və digər faktlar araşdırıldıqdan sonra nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a bildirib ki, texniki dəstək olarsa, bu şirkətin məhsullarının satışını boykot edə bilərlər:

“Ermənilərin istehsal etdiyi məhsulların Azərbaycanda satılması düzgün deyil. Düzdür, İsveç şirkəti olduğu üçün bu məhsulların Azərbaycanda satışı azad bazar iqtisadiyyatı şəraitində dövlət tərəfindən qadağan edilə bilməz. Lakin bizə dəstək olarsa, bu məhsulları boykot edə bilərik. Onu “bazar vasitələri” ilə bazardan çıxararıq. Burada bizə maddi deyil, mənəvi dəstək lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 458          Tarix: 6-09-2019, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma