Xəbər lenti

 

“Azərbaycanda tender haqqında qanun var. Bu qanunda qeyd olunub ki, üstünlük bu sahədə ən azı 3 il təcrübəsi olan şirkətə verilməlidir”.

Bu sözləri Qaynarinfo-ya iqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat Nazirliyinin qurumunun 4-5 aylıq şirkətləri tenderlərdə qalib elan etməsinə münasibət bildirərkən deyib.

İqtisadçı qeyd edib ki, bu şirkətlər əgər bu il ərzində qeydiyyatdan keçiblərsə, ümumiyyətlə, tenderdə iştirak etməməlidirlər:

“Bu, qanunun tələbidir, hansısa bir məmurun qoyduğu qayda deyil. Məsələn, tenderdə işttirak edən 5 şirkətin üçünün ən azı 3 illik təcrübəsi varsa, seçim o 3 şirkət arasından aparılmalıdır. Orada artıq qiymət, digər parametrlər arxa plana keçir. Çünki tenderin qalibi mütləq həmin sahədə ən azı 3 il təcrübəsi olan şirkət olmalıdır. Ki, işin keyfiyyəti ilə bağlı problem yaşanmasın. Azərbaycan tender haqqında qanun bəlkə də ən formal qanunlardan biridir. Çünki bu qanunun tələblərinə bir çox dövlət qurumları ümumiyyətlə fikir vermirlər, qanunun tələblərinə cavab verəcək addımlar atmırlar. Bu məsələdə də eyni vəziyyətlə üz-üzə gəlmişik. Qeydiyyatdan keçmək üçün Azərbaycan qanunvericiliyində minimum tələb 10 manatdır. Elə 10 manat ödəyib qeydiyyatdan keçiblər. Bu il ərzində qeydiyyatdan keçiblərsə, ümumiyyətlə, tenderdə iştirak etməməlidirlər. Bunlar həm tenderdə iştirak ediblər, həm də qalib olublarsa, bu, artıq qeyri-qanuni yolların olmasına şübhələr doğurur. Əlimizdə faktlar yoxdur, həm də hüquq-mühafizə orqanları deyilik deyə, əmin danışa bilmirik. Amma ən azından şübhələr yaranır ki, həmin şirkətlər tender keçirən dövlət qurumunun ya tanışıdır, ya yaxınıdır, ya da hər hansısa bir formada rəhbərliklə, qərarverənlərlə əlaqəli şirkətlərdir ki, qanunun tələblərini pozaraq həmin şirkətləri qalib elan ediblər”.

İqtisadçı ekspert Rəşad Həsənov isə, buna bənzər hadisələrin xüsusən dövlət satınalmalarında kifayət qədər tez-tez rast gəlinən hallardan biri olduğunu deyib:

Adətən belə hadisələr necə baş verir? Hər hansısa seqmentə rəhbərlik edən bir məmur bu sahədə növbəti mərəhələnin elan olunacağı vaxtı, büdcəni bilir və kiminsə adına özü bir şirkət yaradır; qərarverici olduğu, seçmələrdə özü iştirak etdiyi üçün tamamilə qeyri-qanuni şəraitdə bu şirkəti qalib edir. Proses təxminən belə baş verir. Yaxın-tanış şirkətlərə, tanış adamlara da bənzər tövsiyələr verilir. Sonra burada hansısa formada büdcənin paylaşılması, müəyyən korrupsiya elementləri də öz əksini tapır. Əslində dövlət satınalmalarında bu günə qədər şərtlərə əməl edilmir və Hesablama Palatarasının hesabatlarında da bu məqamlar öz əksini tapır. Düzdür, bir qədər yumşaq formada göstərilir, amma hər ilin hesabatlarında bu kimi faktlar öz əksini tapır.

Ümumiyyətlə, hər hansı bir müəssisənin 3 ildən az təcrübəsi olduğu halda dövlət layihələrində iştirakı ilə bağlı məhdudiyyət var. Amma 2016-cı ildən sonra bu istiqamətdə müəyyən qədər nisbi yumşaldılma oldu. Düzdür, ondan əvvəl də tələbə əməl edilmirdi. Ancaq kiçik və orta sahibkarlığın inkişafı məqsədi ilə dövlət-özəl sektorlar arasında münasibətlərin nisbətən liberallaşması, təkmişləşdirilməsi üçün əlavə bir imkan yarandı. Burada da 50 min manata qədər olan kiçik layihələrdir. O layihələrdə nisbətən tələblər yumşaldılıb. Bu, məmur, idarəedici təşəbbüslərinin bu istiqamətdə hardasa leqallaşmasına gətirib çıxarır. Çox az hallarda Azərbaycanda dövlət qurumları satınalmalar zamanı şəffaflığı təmin edir. Dəfələrlə bununla bağlı böyük hesablar, iradlar səslənib. Rəqəmlərin şişirdilməsi, qalib edilən layihə, şirkət hansı üstün məqamlara görə qalib elan edilib, müraciət edənlər hansı şərtləri təklif ediblər və s. məqamlar heç biri ictimailəşmir. Buna görə də əksər hallarda baş verən nöqsanları tam olaraq qiymətləndirmək imkanı çətin olur”.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinə məxsus İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC bu ilin may-iyun aylarında yaradılmış şirkətləri keçirdiyi açıq tenderlərdə qalib elan edib. Tenderlərdən biri seminarların təşkili və keçirilməsi üzrə xidmətlərin satın alınması ilə əlaqədar olub. Bu tenderin qalibi Bahaonno MMC-dir ki, iyunun 20-də, 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Nazirliyin qurumu şirkətə 49 min 100 manat ödəyəcək. Digər tender isə mətbəə mallarının və xidmətlərinin satın alınması ilə əlaqədar olub. Bu tenderin qalibi isə Albuker-AA MMC-dir ki, mayın 17-də 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçib. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” şirkətə 48 min 361 manat ödəyəcək.




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 8-10-2019, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma