Xəbər lenti

 

İsveçrənin yuyucu vasitələr istehsalçısı “Colgate-Palmolive” şirkəti Azərbaycan bazarını tərk edir.

Məlumatı Vergilər Nazirliyi yayıb. Bildirilir ki, şirkətin Türkiyədəki törəməsi – “Golgate-Palmolive Temizlik Ürünləri Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanına bildirə bilərlər.

Bunlar son bir neçə ildə Azərbaycanı tərk edən ilk şirkətlər deyil. Daha öncə Böyük Britaniyanın “Lloyd”s Register Inspection Limited” və Vvipson Capital Management UK Limited” şirkətləri də Azərbaycandan getmişdi.

“Lloyd”s Register Inspection Limited” şirkətinin baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Şirkət sənayenin müxtəlif sahələrində təhlükəsizlik xidmətləri təklif edir.

“Vvipson Capital Management UK Limited” isə konsaltinq və vəsaitlərin idarə olunması xidmətlərinin təklifi ilə məşğuldur.

“Champion Technologies Russia & Caspian BV” şirkəti də Azərbaycandakı filialını bağlayıb. Şirkət 2004-cü ildən Bakıda fəaliyyət göstərib və xüsusi reagentlərin geniş çeşidini təqdim edirdi. Neft-qaz sənayesində yaranan texniki problemlərin həlli ilə məşğul olurdu. Təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.

Azərbaycanda 23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də bağlananlar sırasındadır. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bahri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edildi.

2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirildi. O, sonradan adını dəyişərək “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan etdi. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi var.

Britaniyanın “Wicklow Corporate Services Limited”, İsveçrənin “Man Oil Group AG” şirkətləri də bir müddət öncə Azərbaycandan gedib.

Britaniya şirkətinin filialı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərirdi. Ötən il bu şirkətin sahibi Səid Alum Bitinin Amerika Ticarət Palatasının üzvlərindən biri ilə şəxsi münaqişəsi olmuşdu. İş məhkəməyə qədər gedib. Nəticədə şirkət Amcham-dan çıxarılıb.

İsveçrənin “Man Oil Group AG” şirkətinin filialı isə 2011-ci ildə neftlə çirklənən əraziləri ən yeni texnologiyalarla təmizləmək üçün yaradılmışdı.

Meydan TV




Ana səhifəyə qayıt        Baxış: 1 380          Tarix: 4-10-2017, 14:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma