Xəbər lenti


1990-cı ilin 13 yanvarında Bakıda təşkil edilən erməni talanlarını 30 ildən sonra Azərbaycan xalqının adına yazmaq cəhdləri ciddi müqavimətlə qarşılaşıb. Qeyd edək ki, jurnalist Sevinc Osmanqızı 1990-cı il yanvarın 13-də baş vermiş erməni "poqrom"unun sonradan 20 Yanvar faciəsinə səbəb olduğunu iddia edib, isbatlamağa çalışıb ki, Bakıda sadə azərbaycanlılar erməni mülklərini talayıb, onların canına isə qəsd ediblər. Bu əsassız iddialar ciddi etirazla müşayiət olunur.

Siyasi şərhçi, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi vəzifəsini icra etmiş Oqtay Qasımov bu mövzuda Teleqraf.com-un suallarına cavab verib:
- Oqtay bəy, 1990-cı ilin 13 yanvarında Bakıda baş verən erməni “poqrom”unu guya azərbaycanlıların təşkil etdiyi iddiaları ortaya atılıb. Həmin hadisələrin canlı şahidi olaraq bu barədə nə deyə bilərsiniz?
-Belə iddiaların ortaya atılması doğru deyil. 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı zorakılıq hadisələri birbaşa SSRİ DTK-sı tərəfindən təşkil edilmiş əməliyyatdır. Bunu əsaslandıran və isbat edən o dövrə aid xeyli materiallar var. Ən maraqlısı odur ki, həmin dövrdə Bakı şəhərinə göndərilən SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik şəxsi heyəti burada baş verən hadisələrə müşahidəçi mövqedən yanaşdı və onlar bu hadisələrin qarşısını almaq üçün heç bir tədbir görmədilər.

O zaman SSRİ Daxili İşlər Nazirliyi Daxili qoşunlarının komandan müavini Lisauskas da Bakıda idi. Bildiyim qədər o dövrdə AXC liderlərindən Etibar Məmmədov və digərlərinin komandan müavini ilə əlaqə saxlamalarına baxmayaraq onlar bu prosesə qarışmayıb və hadisələrin qarşısını almaq üçün heç bir addım atmayıblar. Sonrakı günlər Bakıda və respublikanın digər yerlərində baş verənlər göstərdi ki, 13 yanvar hadisəsi xüsusi təşkil edilib.
Əlbəttə, hansısa bir günahsız insanın öldürülməsi onun dinindən, dilindən, irqindən və etnik kimliyindən asılı olmayaraq müsbət qarşılanmır. Bu hadisədə xüsusi xidmət orqanlarının əməkdaşları ilə yanaşı, daxildə xüsusi istifadə edilən insanlar da iştirakçı olub. Hesab edirəm ki, 30 il sonra bu məsələləri azərbaycanlıların üzərinə atmaq siyasi naşılıq və korluqdan daha çox qərəzli münasibət göstəricisidir.
Digər tərəfdən, həm o zaman Bakıda, həm də ondan əvvəl Sumqayıtda baş verən hadisələr zamanı xeyli azərbaycanlı erməni millətinə mənsub zorakılığa məruz qalan insanları evlərində saxlayıb qorudular. Bundan əlavə həmin günlərdə AXC Bakıda ermənilərin müdafiəsi üçün əlindən gələni etməyə çalışdı. Nədənsə bu məqamlar heç xatırlanmır. SSRİ DTK-sının müəllifi olduğu təxribatçı hadisəni xalqın adına yazmaq cəhdi qəbul edilən deyil.
- İddialar Sevinc Osmanqızı tərəfindən irəli sürülüb. Sizcə, hadisələrdən 30 il sonra onun fərqli şəkildə xatırlanmasında məqsəd nə ola bilər?

- Qeyd etməliyəm ki, hakimiyyətə müxalif olmaqla dövlətə və xalqa müxalifətdə dayanmaq fərqli şeylərdir. Mən çox təəssüf edirəm ki, atası erməni terrorunun qurbanı olan Sevinc Osmanqızının bu çıxışları hakimiyyətə qarşı yox, daha çox Azərbaycan xalqı və dövləti əleyhinə yönələn mövqedir. Bu iddialar heç bir halda qəbul edilə, ağlı yerində olan heç bir adam tərəfindən dəstəklənə bilməz.
Sevinc Osmanqızının həm erməni “poqrom”unu yada salması, həm də Tovuz olaylarından sonra xaricdə baş verənlərə görə özümüzü ittiham etməsi erməni dəyirmanına su tökməkdir. Təəssüf edirəm ki, belə adamlar bilərəkdən və ya bilməyərəkdən məqsədlərinə nail olmaq üçün millət və dövlətin imicini bu formada ayaqlar altına atır, düşmənin təbliğat maşınına yardımçı olurlar.
- Həmin dövrdə AXC 13 yanvar hadisələrinə necə yanaşırdı?
- AXC-nin zorakılıq məsələlərinə münasibəti ortada olub. O dövrdə AXC rəhbərliyinə daxil olanların bir qrupu radikallar adlanırdı. Onlar Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət idi. Digəri şərti olaraq liberal qrup hesab olunurdu. Bütün bunlara baxmayaraq AXC rəhbərliyi etnik kimlik üzərindən zorakılıq hadisələrinə haqq qazandırmadı və Bakıda ermənilərin zorakılıqdan zərər çəkməməsi üçün o zamankı dövlət qurumlarından daha çox iş gördü.

Məsələlərə, proseslərin axarına dair fərqli baxışlar olsa da, zorakılığa haqq qazandırmaq kimi bir anlayış müzakirə mövzusu olmadı. Əlbəttə, Etibar Məmmədov və digərləri o dövrün hadisələri haqda daha ətraflı məlumat açıqlaya bilərlər. Çünki Etibar Məmmədov həmin vaxt şərti adlandırdığımız radikal qanadın lideri hesab olunurdu. Bir daha qeyd edim ki, bu məsələnin 30 ildən sonra gündəmə gətirilməsi xoş məramdan xəbər vermir.
Sevinc Osmanqızı əslində bu iddiaları gündəmə gətirməklə guya bütün bunların Azərbaycan dövləti tərəfindən törədildiyini ortaya qoymağa çalışır. Amma unutmayaq ki, 1990-cı ildə müstəqil Azərbaycan dövləti yox idi. Biz SSRİ tərkibində formal statusa malik respublika idik və bütün proseslər Moskvadan idarə olunurdu. Bir daha xatırladım ki, həmin zaman SSRİ rəhbərliyində olan bir xeyli vəzifəli şəxs - Yevgeni Primakob, Dmitri Yazov, Gerenko və digərləri Bakı şəhərində idilər.

Əgər onlar baş verənlərin qarşısını almağa cəhd göstərməyib daha çox seyrçi mövqedədə qalıblarsa, deməli, Moskvadan idarə olunan prosesin məqsədi başqa idi. Məqsəd Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsi və mart ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin pozulmasına nail olmaq idi. Çünki həmin vaxt seçkilərin azad şəkildə keçiriləcəyi təqdirdə xalqın içindən çıxan təşkilat kimi AXC seçkini udacaqdı.
Qarşı tərəfin narahatlığı, Bakıda vəziyyəti gərginləşdirməsi bununla bağlı idi. Ortada Pribaltika, Gürcüstan və digər respublikaların təcrübəsi var idi. Bu bölgələrdə kommunistlər seçkiləri uduzmuşdu.
- Bakıda 13 yanvarda öncədən hazırlanan ssenari üzrə baş vermiş erməni talanlarını indi azərbaycanlıların adına çıxılması göstərmirmi ki, sabah Sumqayıt hadisələri, elə Xocalı soyqrımı kimi dəhşətli aktın da azərbaycanlılar tərəfindən törədilməsinə dair sərsəm fikirlərlə üzləşə bilərik?

- Bütün hallarda zorakılıq pislənməlidir. İstər Sumqayıtda, istərsə Bakıda olsun. Bu gün dünyanın qəbul edəcəyi dil zorakılıqlara qarşı olan dildir. Təbii ki, zorakılığın kim tərəfindən törədilməsindən asılı olmayaraq biz bunu pisləməliyik.
Amma həmin hadisələri törədənlərin kimliyi isbat olunub. Həm istintaq yolu, həm də sonrakı araşdırmalarla bilindi ki, olayların başında SSRİ DTK-sı dayanıb, hadisələr onun tərəfindən planlaşdırılıb, icra olunub.
Ermənilərin son Tovuz təxribatından sonra ölkə daxilində düşmən əleyhinə həmrəyliyin nümayişinə paralel olaraq belə iddiaların səsləndirilməsi bölücülükdən başqa bir şey deyil və bu iddia heç vaxt dəstək qazana bilməz. Belə böhtan xarakterli, qərəzli iddialar yalnız xalqımıza qarşı cinayətlər törədən ermənilərin xeyrinədir.



Ana səhifəyə qayıt        Baxış: 3 022          Tarix: 2-08-2020, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma