Xəbər lenti

“Roskosmos”un rəhbərinin müşaviri İvan Safronovun həbsi Rusiyada ciddi rezonans doğurub; Dmitri Roqozini Putin niyə qəbul etmir? 

İyulun 7-də səhər Moskvada “Roskosmos”un rəhbəri Dmitri Roqozinin müşaviri, ordu və silah mövzusunda tanınmış araşdırmaçı jurnalist olan İvan Safronovun həbsi Rusiyada ciddi rezonans doğurub. Məlumat üçün deyək ki, iki ay əvvəl bu vəzifəyə Roqozinin təklifi ilə təyin olunan İ.Safronov “dövlətə xəyanət” ittihamı ilə saxlanılıb. İ.Safronova “NATO-nun xüsusi xidmət orqanlarından biri ilə əməkdaşlıq, dövlət sirri təşkil edən hərbi-texniki, müdafiə və təhlükəsizlik barədə məlumatları ötürmək” ittihamı verilib.

Roqozin: “Onun məxfi məlumatlara çıxışı olmayıb”

Roqozin qısa açıqlamasında deyib ki, Safronovun məxfi və gizli məlumatlara çıxış imkanı olmayıb. “Mən onu bacarıqlı jurnalist kimi tanımışam. Şəxsi davranışlarına dair də heç bir şübhəm yoxdur” deyə, Roqozin bildirib.
Kremlin sözçüsü Dmitri Peskov RBK-ya açıqlamasında Safronovun həbsinin onun peşə fəaliyyəti ilə bağlı olmadığını, “əks-kəşfiyyat xidmətinin öz işini gördüyünü” deyib. Peskov Safronovu peşəkar jurnalist hesab etdiyini söyləyib. “O, hökumətin işini işıqlandırırdı, həqiqətən də onun hazırladığı materiallar peşəkarlığı ilə fərqlənirdi. Ancaq təəssüf ki, belə iddialar səsləndi. Biz bilirik ki, əks-kəşfiyyatımızın işi, narahatlıqları çoxdur və onlar öz işlərini çox səmərəli şəkildə həyata keçirirlər” deyə, Kreml nümayəndəsi bildirib.

Spiker haqda yazısına görə işdən qovulmuşdu

Qeyd edək ki, Safronovun həbsindən sonra onun 2019-cu ilin may ayında Federasiya Şurasının spikeri Velentina Matviyenkonun mümkün istefası haqda məqaləsindən sonrakı ciddi qalmaqal da xatırlanıb. Belə ki, dərc edilən material Kreml koridorlarında narazılıqla qarşılanmış, nəticədə jurnalist məqalənin dərc edildiyi “Kommersant” qəzetindən qovulmuşdu. Qəzetin təsisçilərinin bu qərarı isə digər jurnalistlərin narazılığına səbəb olmuş, bir neçə əməkdaş Safronovla həmrəylik göstərərək istefa ərizəsi yazmışdı.

Vəkili Safronovun hansı ölkəyə “işlədiyi”ni açıqladı və...

Safronovun vəkili Oleq Yeliseyev iyulun 7-də axşam jurnalistlərə deyib ki, müdafiə tərəfi məhkəmədən Safronovu xarakterizə edən bəzi sənədlər və məlumatlarla təmin etmək üçün 72 saat vaxt istəyib, lakin məhkəmə bundan imtina edib.

Safronovun konkret nədə ittiham olunduğuna gəlincə, vəkilin sözlərinə görə, iddia olunur ki, Safronov 2012-ci ildə Çexiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib. 2017-ci ildə ona dövlət sirri olan məlumatları toplamaq tapşırılıb. Bu məlumatlar Afrika və Yaxın Şərq ölkələrinə silah tədarükü ilə bağlıdır. İttiham tərəfi bu əməkdaşlığın müqabilində Safronovun nə qədər qonorar aldığını açıqlamır. "İstintaq məhkəmədə şübhəni əsaslandıran heç bir fakt təqdim etmədi" deyə, digər vəkil Smirnov bildirib. “Biz nə edəcəyik? Bu qərardan şikayət edəcəyik. Sizdən nə gözləyirik? Həmrəylik” deyə, müdafiəçilər jurnalistlərə müariciət ediblər. İvan Safronov Lefortovo istintaq təcridxanasında saxlanılacaq və istintaq qapalı olacaq.

Roqozini Kremldə qəbul etmirlər, sonra bu həbs baş verir...

Rusiya mediası Safronovun “Roskosmos” rəhbərinin köməkçisi kimi ciddi bir posta təyinatından əvvəl mütləq xüsusi xidmət orqanlarının çox mərhələli yoxlanışından keçməsini diqqətə gətirilib. Bu səbəbdən ona irəli sürülən ittihamlar xeyli suallara səbəb olub. Tanınmış media qurumları “Safronov işi” ilə bağlı açıq proses tələb edirlər və bir neçə media orqanı onun araşdırma yazılarını dərc etmək qərarı veriblər.
“Moskovskiy Komsomelts” isə müşavirinin həbsi fonunda “Roskosmos” rəhbəri Dmitri Roqozinin ətrafında baş verənlərə diqqət çəkib. Bildirilir ki, artıq bir neçə gündür, Roqozin dövlət rəhbərliyi tərəfindən iqnor edilir.
Belə ki, iyulun 2-də Dmitri Roqozin "Vostoçnıy" kosmik aerodromunda Rusiya Federasiyası hökumətinin müdafiə sənayesi üzrə müavini, kosmik sənayenin kuratoru Yuri Borisovla görüşməli idi. Amma həmin gün son anda baş nazir müavininin görüşü təxirə saldığı elan olunub.

İyulun 6-da isə Dmitri Roqozinin “Roskosmos”da görülən işlərin vəziyyəti ilə bağlı Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşü də naməlum səbəbdən baş tutmayıb. Roqozin həm də prezidentlə iyul ayında başa çatan müqaviləsi ilə bağlı görüşməli idi. İyulun 7-də isə gözlənilmədən Roqozinin ən yaxın adamı-müşaviri “dövlətə xəyanətdə və NATO xüsusi xidmət orqanlarında işləməkdə” ittiham olunuraq həbs edilir.
Nufuzlu nəşr yazlır ki, Roqozindən hakimiyyətin narazılığı çoxdur, görünən də odur ki, dövlətin yüksək vəzifəli şəxsləri “Roskosmos” rəhbərini Kreml “orbitdən” kənarda saxlamağa çalışırlar. Roqozin ətrafında hakimiyyət oyunlarının qızışması ilə jurnalistin həbsinin eyni vaxta təsadüf etməsi isə şübhə doğurur. Jurnalistin hakimiyyətdə gedən böyük oyunda sadəcə, bir qurban olduğu da istisna edilmir.
Bu arada daha bir nəşr iddia edir ki, jurnalistin həbsi ötən ilin martında Rusiya ilə Misir arasında Su-35-nin tədarükü barədə məqaləsi ilə əlaqəli ola bilər. Həmin yazıdan sonra ABŞ bu təyyarələri almaması üçün Qahirəni hədələmişdi. Bundan sonra həmin material "Kommersant"ın saytından çıxarıldı. Tezliklə isə Safronov və bir neçə həmkarı Matvienko qalmaqalı səbəbi ilə işdən ayrılmalı oldu.

Jurnalistin atasının müəmmalı intiharı

Safronovun həbsindən sonra daha bir maraqlı məlumat da üzə çıxıb. Bildirilir ki, 13 il əvvəl- 2007-ci ilin martında Safronovun atası- "Kommersant" da işləyən İvan(onun da adı belə olub) Safronov müəmmalı şəkildə intihar edib. Bildirilir ki, o, intihardan əvvəl Belarusiya vasitəsi ilə Suriya və İrana silah tədarükü ilə bağlı araşdırma aparıbmış. Ancaq material dərc edilməyib, ata Safronov isə müəmmalı şəkildə ölüb.
 
Orxan ƏLİYEV,
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 229          Tarix: 8-07-2020, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma