Xəbər lenti
Rusiyanın S-300, S-400 və S-500 kimi uzaqmənzilli, geniş reklam olunan zenit-raket komplekslərini istehsal edən nəhəng “Almaz-Antey” korporasiyasının baş direktoru Qarabağda “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin ermənilərin hava hücumundan müdafiə sistemini darmadağın etməsinin səbəbləri haqda sualla üzləşib.

Virtualaz.org “İnterfaks”ın hərbi əlavəsinə istinadən xəbər verir ki, konsernin baş direktoru Yan Novikov (əvvəl bu konsernə yarıazərbaycanlı İqor Aşurov rəhbərlik edirdi) “Yeni biliklər” forumunda çıxışı zamanı Qarabağdakı müharibə zamanı zərbə pilotsuz təyyarələri ilə hava hücumundan müdafiə sistemlərinin qarşıdurmasını şərh edib.

“Türkiyənin “Bayraktar” pilotsuz təyyarələri Dağlıq Qarabağdakı münaqişənin gedişində özünü ona görə göstərə bildi ki, yerli hərbçilərin silahlanmasında onlarla mübarizə aparmağa imkan verən sistemlər yox idi”,-Yan Novikov deyib.
Baş direktor əlavə edib ki, Dağlıq Qarabağa erməni qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin əsas silahı “Osa-AKM” zenit-raket kompleksləri idi, onlar isə hələ 1980-ci ildə sovet ordusunun silahlanmasına qəbul edilmişdi.

“Onların sürəti aşağıdır, özləri böyükdür, qanadlarını açanda 12 metr enindədir. Görünür ki, Dağlıq Qarabağda silahlar ən qabaqcıl olmayıblar, onların effektiv mübarizə vasitələri olmayıb”,-Yan Novikov Rusiya zenit-raket komplekslərinin Qarabağda Azərbaycan ordusunun silahlanmasında yer alan sistemlər qarşısında aciz qalmasına bəraət qazandırmağa çalışıb.
“Bayraktar TB2” zərbə PUA-larının maksimal sürəti saatda 222 kilometrdir, kreyser sürəti isə 130 km. təşkil edir. Uzunluğu altı metrdir. Və Yan Novikovun sözlərinə görə, bu cür PUA-lar hava hücumundan müdafiə sistemləri üçün mürəkkəb hədəf deyil, amma onlara yüklənmə yaradır.

Qəribədir ki, Yan Novikov məhz başçılıq etdiyi müəssisənin istehsal etdiyi və heç də geridə qalmış sistemlər kimi təqdim edilməyən S-300 zenit-raket komplekslərinin Qarabağda kütləvi şəkildə məhv edilməsinə toxunmayıb. Hansı ki, Azərbaycan ordusu o cümlədən PUA-ların və kamikadze-dronların köməyi ilə Ermənistan ordusunun 6 ədəd S-300 kompleksini, onlara aid radarları və digər yardımçı texnikanı məhv edib. Bu barədə görüntülər internetdə aylardır dolaşır.

O cümlədən Ermənistan ordusunun əlində olan S-125, Tor-M2 zenit-raket kompleksləri də Qarabağda Azərbaycan ordusu tərəfindən məhv edilib, habelə PUA-lara qarşı ən effekti sistemlər kimi təqdim olunan, Rusiya istehsalı müasir radioelektron mübarizə sistemlərini də Azərbaycan ordusunun dronları bir-birinin ardınca vururdu...



Ana səhifəyə qayıt        Baxış: 2 839          Tarix: 28-05-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma