Xəbər lenti

2021-ci ildə dünyada hərbi xərclər ilk dəfə olaraq 2 trilyon dollar həddi üstələyib.

AZƏRTAC bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatına istinadla xəbər verir.

İnstitutun məlumatına görə, 2021-ci ildə dünyada ümumi hərbi xərclər 0,7 faiz artaraq, 2113 milyard ABŞ dolları təşkil edib. Ən iri müdafiə büdcəsinə malik ölkələrin ilk beşliyinə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya daxildir. Ümumi hərbi xərclərin 62 faizi bu ölkələrin payına düşür. Hesabatda qeyd edilir ki, bütövlükdə, dünyada müdafiə xərcləri ardıcıl olaraq yeddinci ildir artmaqda davam edir.

2021-ci ildə ABŞ-ın hərbi xərcləri 801 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz azdır. ABŞ-ın hərbi yükü bir qədər azalıb: 2020-ci ildə ÜDM-in 3,7 faizinə bərabər olmuş bu göstərici 2021-ci ildə ÜDM-in 3,5 faizinə düşüb. ABŞ tərəfindən hərbi tədqiqatların və araşdırmaların maliyyələşdirilməsi 2012-2021-ci illər dövründə 24 faiz artıb, eyni zamanda, elə həmin dövr ərzində silah tədarükünə ayrılan maliyyə vəsaiti 6,4 faiz azalıb.

Hərbi təxsisatların həcminə görə dünyada ikinci yer tutan Çin 2021-ci ildə öz silahlı qüvvələrinə təqribən 293 milyard dollar ayırıb ki, bu da 2020-ci ildəkindən 4,7 faiz çoxdur. Çinin hərbi xərcləri 27 ildir ardıcıl olaraq artır.

Hindistanın 76,6 milyard dollara bərabər hərbi xərcləri dünyada üçüncü yer tutur. Bu, 2020-ci illə müqayisədə 0,9 faiz, 2012-ci illə müqayisədə isə 33 faiz çox deməkdir. Ölkənin hərbi sənayesini möhkəmləndirməyə çalışan Hindistan 2021-ci il üçün hərbi büdcəyə ayrılan 64 faiz vəsaiti böyük hissəsi yerli istehsal olmaqla silah tədarükünə yönləndirib.

Hesabat ilində Rusiya hərbi xərclərini 2,9 faiz artıraraq, bu göstəricini 65,9 milyard dollara çatdırıb. RF büdcədə müdafiə maddəsini üç il ardıcıl şəkildə artırıb, 2021-ci ildə bu xərclər ÜDM-ə münasibətdə 4,1 faizə çatıb.

Öz növbəsində, Ukraynanın hərbi xərcləri 2014-cü ildən bəri 72 faiz artıb. 2021-ci ildə bu xərclər 5,9 milyard dollaradək azalsa da, əvvəlki kimi ölkə ÜDM-inin 3,2 faizini təşkil edib.

2021-ci il üçün büdcənin ilkin təsdiqlənməsindən sonra Yaponiya da hərbi xərclərini 7 milyard dollar artırıb. Nəticədə xərclər 2021-ci ildə 7,3 faiz artaraq 54,1 milyard dollar təşkil edib ki, bu da 1972-ci ildən bəri ən yüksək illik artımdır.

Avstraliyanın da hərbi xərcləri artaraq, ÜDM-in 4 faizinə, yəni 31,8 milyard dollara çatıb.

2021-ci ildə İranın hərbi büdcəsi dörd il ərzində ilk dəfə olaraq, 24,6 milyard dollaradək yüksəlib.

Hərbi təxsisat üzrə Mərkəzi və Qərbi Avropada üçüncü yer tutan Almaniya 2021-ci ildə silahlı qüvvələrinə 56 milyard dollar və ya öz ÜDM-inin 1,3 faizini xərcləyib. Hərbi xərclər inflyasiya ilə əlaqədar 2020-ci illə müqayisədə 1,4 faiz aşağı olub.



Ana səhifəyə qayıt        Baxış: 3 074          Tarix: 25-04-2022, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma