Xəbər lenti

 Ermənistan uzun fasilədən sonra masa arxasına qayıdır.

Bunu Axar.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə İrəvanın yenidən danışıqlara qayıtmasını vurğulaması təsadüf deyil:

“Görünür, Ermənistan başqa çıxış yolunun qalmadığını artıq başa düşür. Digər tərəfdən, biz başqa bir məqamla üzləşirik. BMT çərçivəsində danışıqlar baş tutdu, indi də dövlət başçılarının görüşü gözlənilir. Bu fonda ümidverici bəyanatlar səslənir, hətta belə bir ehtimal var ki, məsələnin tənzimlənməsi ilə bağlı yeni təkliflər hazırlanır və bu təkliflər qarşıda danışıqlar prosesinin müzakirə predmetinə çevrilə bilər. Əgər həqiqətən belə olarsa, bu, Bakının maraqlarına cavab verəcək. Çünki Azərbaycan görüş naminə görüşlərə qatılmayacağı ilə bağlı qəti mövqeyini ortaya qoyub. Azərbaycan bu illər ərzində çox görüşlərə qatılıb və çox vədlər eşidib. Hesab edirəm ki, artıq konkret addımların atılmasının vaxtı gəlib çatıb. Əgər yeni həmsədrlər tərəfindən bəhs edilən yeni təkliflər irəli sürülərsə, Azərbaycanın maraqları nəzərə alınmalıdır. Söhbət ilk növbədə işğal olunmuş ərazilərin boşaldılmasından və azad olunmasından gedir. Digər məsələlər isə artıq sonranın müzakirə mövzusudur və Azərbaycan ikinci mərhələdə müzakirələrə hazırdır”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 6-10-2017, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma