Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çox əhəmiyyətlidir, çünki müzakirə ediləcək məsələlərin sayı kifayət qədər çoxdur.
Bu barədə Axar.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsi ilə bağlı danışan politoloq, diplomat Fikrət Sadıqov bildirib. Politoloq səfərin təxirə salınmasının sırf texniki məsələ olduğunu deyib:
“Bu səfər baş tutacaq, sadəcə tarix dəyişib. Azərbaycan-Türkiyə münasibətləri uğurla inkişaf edir. Son zamanlar Türkiyə-Ermənistan sərhədlərinin açılması və diplomatik münasibətlərin bərpası istiqamətində yayılan məlumatlar isə təxribat xarakterli şaiyələrdir”.
Politoloq Ərdoğanın Bakı səfərində Naxçıvanla bağlı müzakirələr aparılacağını da qeyd edib:
“İndiki vəziyyətdə Naxçıvanda türk hərbi bazalarının yaradılması Bakı üçün çox faydalı və maraqlarımıza cavab verən bir addım olardı. Bu, nəinki Azərbaycanın, hətta Türkiyənin də starteji maraqlarına cavab verir. Türkiyənin Naxçıvanı müdafiə etməsi birbaşa Azərbaycanın müdafiə olunması deməkdir”.
Son zamanlar Hoqlandın 6 maddəlik təklifi fonunda Dağlıq Qarabağ məsələsi ətrafında aparılan müzakirələrə toxunan politoloq xüsusi planın hazırlandığını istisna etməyib:
“Düzdür, qəti fikir söyləmək çətindir, ancaq müəyyən axtarışlar gedir. BMT Baş Assambleyasının Nyu York sessiyasında bu məsələ yenidən ciddi müzakirə oluna və danışıqlar prosesində müəyyən canlanma əmələ gələ bilər. Aparıcı dövlətlərin Ermənistana təzyiqindən çox şey asılı olacaq. Çünki Azərbaycan sübut edib ki, sülh variantının tərəfdarıdır, ancaq məcburiyyət qarşısında torpaqlarını hərbi yolla azad edəcək”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iş proqramı ilə bağlı olaraq təxirə düşüb.
Paylaş: