"Amerikanın Qarabağla bağlı mövqeyi Rusiyaya nisbətən daha çevik, praqmatik, az da olsa, Azərbaycanın maraqlarına uyğundur".
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
“Rusiya hesab edir ki, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədrinin bir-birinin ardınca verdiyi açıqlamalar Dağlıq Qarabağ probleminin həllinə dair hansısa plandan xəbər verir, bununla da tərəflər arasında müəyyən ümidlər yaratmaq və onları danışıqlara sövq etmək niyyəti güdülür. Ancaq digər tərəfdən, Amerikanın prosesin siyasi anatomiyasını həmişəkindən daha yaxşı dərk etdiyi, prosesin yaranmasında, dondurulmasında və sonradan idarə edilməsində Rusiyanın həlledici rol oynadığını etiraf etdiyi haqda ehtimallar da var. Bu səbəbdən də Qarabağ məsələsi Rusiyanın bölgədəki təsirinin qorunması vasitəsinə çevrilir. Ona görə də Amerika nisbətən aktiv hərəkət etməyə çalışır. Hələ ki, bu aktiv hərəkətlənmənin birinci bazası kimi tərəflər arasında kompromisin axtarılması, yəni danışıqlar prosesinin intensivləşdirilməsi və ehtimal edilən müharibənin qarşısının alınması nəzərdə tutulur”, – politoloq bildirib.
Q.Hüseynli deyib ki, Amerika Azərbaycanın Dağlıq Qarabağ məsələsində güzəşt limitinin bitdiyini çox yaxşı bilir:
“Elə məhz bunu nəzərdə tutaraq Amerika Mərkəzi Kəşfiyyat İdarəsi yaya doğru Qarabağda müharibə ehtimalının kifayət qədər böyük olduğunu bildirir. Düzdür, Amerikanın ATƏT-dəki həmsədri üstüortülü danışır, ancaq daha mühüm post sahibi MKİ məsələnin sülh yolu ilə həllinin olmadığını açıq şəkildə deyir. ABŞ prosesləri Rusiyanın idarə etdiyini, bölgədə nüfuz dairəsini və təzyiq vasitəsini məhz bu müharibə vasitəsilə həyata keçirməyə çalışdığını çox gözəl bilir. ABŞ-ın hazırkı mövqeyinin lobbistlikdən uzaq olduğunu söyləmək çətindir, ancaq Rusiyanınkına nisbətən daha çevik, praqmatik, az da olsa, Azərbaycanın maraqlarına uyğundur. Hesab edirəm ki, ABŞ-ın bu mövqeyində nəzərəçarpacaq irəliləyiş var və bu pozitiv dəyişkikliklərin istifadə edilməsi üçün Azərbaycan xarici siyasəti öz səylərini gücləndirməlidir”.
Axar.az
Paylaş: