Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib.
APA-nın məlumatına görə, Ə.Əhmədov deyib ki, N. Paşinyanın Azərbaycanla bağlı dedikləri nəinki rəsmi Bakı, dünya birliyi tərəfindən də pislənəcək.
Ə.Əhmədov bildirib ki, onsuz da Dağlıq Qarabağ münaqişəsinin mövcud olması Cənubi Qafqazda sülh və sabitliyə ciddi maneədir: “Paşinyanın reallığa uyğun olmayan, gərginliyin artmasına səbəb olacaq bəyanatlar verməsi Ermənistanın özünə ziyan vuracaq. Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri oldu. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyir, fəallıq göstərir, istirahət günündə ağac əkir, iqtidarla birlik və seçkilərin nəticələrinə inam nümayiş etdirirlər. Bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistan reallığı – narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki Ermənistan Azərbacanın işğal altındakı torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uyğun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu, onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək”.
Qeyd edək ki, N.Paşinyan baş nazir seçildikdən sonra işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. O, Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakının zəruriliyini vurğulayıb. N.Paşinyan Dağlıq Qarabağın beynəlxalq aləm tərəfindən müstəqil dövlət kimi tanınması üçün səy göstərəcəyini də vurğulayıb.
Paylaş: