Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə ediləcək.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, müzakirə ediləcək məsələlərdən biri Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləridir: “Bu məsələ sessiyanın ilk günü müzakirə ediləcək. Prezident seçkiləri neçə aydır yekunlaşıb, ancaq maraqlıdır ki, bu məsələni indi müzakirəyə çıxarmaq istəyirlər. Prezident seçkiləri ilə bağlı Azərbaycan nümayəndə heyətinin çıxışı olacaq, öz mövqeyimizi bildirəcəyik”.
O xatırladıb ki, bir müddət əvvəl BMT-də də seçkilər müzakirə olundu: “AŞ PA-da dırnaqarası dostlarımız çoxdur. O cümlədən bir məsələ də bizi çox ciddi narahat edir: onlar İnsan haqları üzrə komitədə siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunmasını gündəmə gətirmək istəyirlər. Məruzəçinin təyinatı konstruktiv yanaşma deyil. Biz heç nədən çəkinmirik, sessiyada iştirak edəcək və mövqeyimi bildirəcəyəm. AŞ PA-da fəaliyyət üçün iki əsas funksiya var: biri öz ölkənin problemləri, ya da Avropanı narahat edən problemlərlə bağlı sənədləri hazırlamaq, təqdim etmək, ikincisi isə öz mövqeyini bildirməkdir. Buna heç bir sanksiya qoyula bilməz”.
Paylaş: