Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.
“Report”un məlumatına görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, Avropada dərmana qarşı davamlı olan vərəm xəstəliyi, Miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq.
Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək, Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə ediləcək.
Bundan başqa, toplantıda Makedoniyanın xarici işlər naziri Nirolya Dimitrov və Lüksenburqun Avropa İttifaqı işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxışları gözlənilir.
Sessiya aprelin 27-də başa çatacaq.
Qeyd edək ki, aprein 23-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro iclasında aprelin 11-də Azərbaycanda, aprelin 15-də isə Çernoqoriyada keçirilən prezident seçkiləri üzrə müşahidələrin nəticələri müzakirə ediləcək.
Paylaş: