Xəbər lenti

Azərbaycan ərazisindəki separatçı-kriminal rejimə “nəfəslik” açmaq cəhdləri davam edir; ekspertlər deyir ki...

Ekofəallarımızın Laçın yolundakı etiraz aksiyasının 48-ci günüdür. Ermənilər bizim bu qanuni və haqlı tədbiri dünyanın gözündən salmaq üçün 48 gündür dəridən-qabıqdan çıxsalar da, istəklərinə çata bilməyiblər. Artıq özləri də etiraf edir ki, yol daha 12 dekabr 2022-ci il tarixinədək olan rejimdə fəaliyyət göstərməyəcək. Yəni separatçı-kriminal elementlər həmin yolla nə istəyir daşıya bilməyəcəklər.

Qoy 10 noyabr üçtərəfli bəyanatını da gözə soxmasınlar. Öncə kapitulyant tərəf kimi getsinlər həmin sənədin 4-cü (qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması) və 9-cu bəndlərinin (Zəngəzur dəhlizi) tələblərini yerinə yetirsinlər, sonra danışarıq. Çünki məğlub ölkə şərt diktə edə bilməz.

Di gəl, xaricdəki havadarlarının boş vədlərindən ruhlanan ermənilərin həyasızlığı səngimir. Eyni zamanda olduqca təhlükəli planlar üzərində baş sındırmaqdadırlar. Məsələn, məlumatlar yayılıb ki, Ermənistanda Laçın yolundan keçmədən Qarabağdakı separatçı rejimə yüklərin hansı yolla göndərilməsi müzakirə olunur və təklif olunan yollardan biri dronlardan istifadə haqdadır.

Erməni jurnalist-ekspert Qaqik Vardanyan bununla bağlı bildirib ki, sürətli həll yollarından biri məhz yüklərin dronlarla çatdırılmasıdır. “Bunun üçün biznesmenlərimiz dronların alınmasını həyata keçirə bilər. Azərbaycan buna maneələr yaradacaq, lakin biz dayanmamalıyıq. Dronlar vasitəsilə hava məkanından istifadə etmək mümkündür”, - Vardanyan sərsəmləyib.

Halbuki Laçın yolu heç də bağlanmayıb və bütün humanitar yüklər üçün açıqdır. Azərbaycan dövləti həmçinin anklavdakı erməni əhalisinin ərzaqla təminatını üzərinə götürməyə hazır olduğunu dəfələrlə bəyan edib. Separatçılar isə bunun qarşısını alır. Demək, onların dərdi ərzaq, aclıq deyil. Bunların hamısı yalandır. Məqsəd ilk növbədə oradakı separatçı-cinayətkar ünsürləri hansı yolla olur-olsun, silahlandırmaq, onların Ermənistanla birbaşa əlaqəsini təmin etməkdir.

Bəs Vardanyanın təklifi reallaşa bilərmi və buna cavabımız nə olacaq? Rusiya sülhməramlı kontingenti necə, belə bir şeyə izn verərmi?

Bu arada o da məlum olub ki, Avropa Birliyinin Ermənistana “mülki missiya” adı ilə keçmiş hərbçilərdən ibarət qüvvələrini yerləşdirməsi qərarının ardınca baş nazir Nikol Paşinyan Azərbaycan ərazisinə də “eyni missiyanı” gətirib yerləşdirmək yolları haqda düşünür. Bu barədə o, yanvarın 26-da keçirdiyi Nazirlər Kabinetinin iclasında deyib. Paşinyan iddia edib ki, mövcud problemin həlli Qarabağ və Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiyanın yerləşdirilməsindən keçir: “Biz gərək bu istiqamətdə işimizi quraq”.

Bununla da rəsmi İrəvan bir daha ölkəmizə qarşı torpaq iddiasını ortaya qoyub. Çünki Qarabağ və Laçın yolu Azərbaycanın suveren ərazisidir və Bakının razılığı olmadan ora heç bir beynəlxalq missiya ayaq basa bilməz.

Ramil Məmmədli: Aprel döyüşlərində ordumuzun qələbəsi Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğının nəticəsidir - AZƏRTAC

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, uzun illərdir Xocalı hava limanı fəaliyyətsiz qalıb: “2020-ci ilin ilk vaxtlarında rus hərbçiləri müəyyən yüklərin daşınması üçün istifadə ediblər. Amma ermənilərin aeroportdan istifadəsi mümkün olmayıb. İndi belə təkliflər səslənməsinə baxmayaraq, onların bir ton yükü daşıya biləcək pilotsuz uçuş aparatları yoxdur. Hətta olsa da, istifadəsi rentabelli olmayacaq. İkinci versiya vertolyot və təyyarələrdir. Onların da uçuşuna Azərbaycan imkan verməyəcək. Bizim davamız qızıl mədənlərinin monitorinqini aparmaqla yanaşı, erməni maşınlarının Laçın yolunda yoxlanılmasıdır”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, ermənilər çarəsizlikdən yollar axtarır: “Ruben Vardanyan da Xocalı aeroportundan istifadə təklifini səsləndirmişdi. Amma o hava limanına aid kod bizdədir və uçuşların həyata keçirilməsi mümkün deyil. Dronlardan istifadə isə özfəaliyyət sayılacaq və Azərbaycan ərazilərimizə müdaxilə olduğunu əsas gətirərək onları zərərsizləşdirə bilər. Kim deyə bilər ki, həmin dronlarda silah-sursat, narkotik daşınmır? Əslində ermənilərin bu təkliflərini səsləndirənlər səlahiyyətli şəxslər deyil, ekspertlərin fikirləridir. Ona görə bu "ideya"lara ciddi yanaşmaq lazım deyil.

Hər gün Laçın yolundan 40-50 təminat maşını keçir və ermənilərə humanitar yüklər daşınır. Ona görə alternativ axtarmağa heç bir ehtiyac yoxdur. Biz ermənilərə bu yoldan keçməsinlər demirik. Kim onlara qadağa qoyub ki, Ermənistana gedib-gəlməyin? Sadəcə, sülhməramlılar buraxmırlar. Gedənlər ya onların maşınındadır, ya da Qırmızı Xaç Komitəsinin. Erməni maşını gəlib postdan keçsə, hər halda, ekofəallar mane olmayacaqlar. Ona görə burada hər hansı bəhanələrə lüzum yoxdur. Ermənilər silah, mina daşımırlarsa, onda gəlib keçsinlər, bizim onlarla nə işimiz var?"

Qeyd edək ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir, gənc aktivistlər yüksək fəallıq göstərirlər.

Emil SALAMOĞLU

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 692          Tarix: 28-01-2023, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma