Xəbər lenti

“Bundan sonra Türkiyədə təhlükəsizlik strategiyaları, yeni dünya nizamındakı iştirakçılığa dair vəziyyət, o cümlədən dünyanın yenidən bölüşdürülməsi və müharibələrdən sonra gələcək yeni dünya dizaynında Türkiyənin yeri və rolunun müəyyən olunması baxımından çox həlledici bir mərhələdir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ekspertin fikrincə, bu prosesləri bilavasitə Rusiya-Ukrayna müharibəsi, ABŞ-Çin qarşıdurması, dünyanın güc mərkəzləri arasındakı qarşıdurma nöqteyi-nəzərindən oxumaq lazımdır:

“Çünki Ərdoğan beynəlxalq münasibətlərdə baş verən güc savaşlarının çox önəmli fiqurudur. O, Qərblə, Rusiya ilə Aralıq dənizində, Qara dəniz istiqamətində, Yaxın Şərqdə, Qafqazda, Şimali Afrikada bilavasitə proseslərdə iştirak edir. Bu mənada yüksək şəkildə qiymətə malikdir və indiki hakimiyyəti müddətinə qədər bəlli bir planı var. Türkiyənin milli müdafiə sənayesindən ordusunun apardığı əməliyyatlara qədər, bütövlükdə isə Türkiyə xarici siyasətinin hərbi və təsir mexanizmlərinə əsaslanması üzərindən baxsaq, bu, daha da genişlənəcək. Türkiyə beynəlxalq hüquqdakı boşluqların əmələ gətirdiyi arealda böyük bir hərəkət imkanı da əldə etmiş olacaq”.

“Ərdoğanın qələbəsi Azərbaycan üçün hansı mənanı ifadə edir?” sualına siyasi şərhçi belə cavab verib:

“Bizim yarımçıq qalmış bəzi məsələlərimiz var. Qarabağda terrorçuların antiterror əməliyyatı ilə zərərsizləşdirilməsi prosesi bizi gözləyir. Türkiyə Qafqazda Azərbaycanın Şuşa Bəyannaməsini imzalamış müttəfiqi kimi meydandadır və davamlı şəkildə sülhün əldə edilməsi prosesində mühüm aktordur. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması istiqamətində ən kilid ölkədir. Ərdoğanın qələbəsi Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması, milli maraqlarımızın, müdafiə konsepsiyamızın, o cümlədən xarici siyasətimizin yeni doktrinalarının daha geniş şəkildə tətbiqi üçün mühüm bir mərhələni təşkil edir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə əl-ələ həm də türk dünyasına inteqrasiya planı fonunda çox mühüm istiqamətlər fəth edəcək. Rəcəb Tayyib Ərdoğanın zəfəri həm kommunikasiyalarda, müdafiə strategiyasında, həm də xarici siyasətin uyğunlaşdırılmasında, Qarabağ məsələsində önəmli rol oynayacaq. Eyni zamanda regional və qlobal təhdidlər fonunda çox mühüm bir tərəfdaşımızı ən azı 5 il sabit şəkildə görmüş olacağıq”.  

Aytən Novruz

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 289          Tarix: 29-05-2023, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma