
Son günlərdə həm regional, həm də beynəlxalq miqyasda baş verən hadisələr Cənubi Qafqazda yeni siyasi və iqtisadi mərhələnin başlandığını göstərir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişlər, eyni zamanda ABŞ-da Donald Trampın rəhbərliyə qayıtması ehtimalı regionun gələcəyi ilə bağlı strateji sualları gündəmə gətirir. ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz siyasətinə necə yanaşacağı, bölgədə sabitliyə hansı formada təsir göstərəcəyi geniş müzakirə mövzusudur.
Musavat.com bildirir ki, məsələyə münasibət bildirən iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin son görüşləri real nəticələrlə yadda qalıb. Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat yollarının açılması və qarşılıqlı etimadın bərpası istiqamətində əldə edilən razılaşmalar təkcə siyasi sabitlik üçün deyil, həm də iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır:
"Əgər sülh bərqərar olarsa, Azərbaycan Qarabağın bərpasını və Naxçıvanla əlaqəni daha sürətli şəkildə həyata keçirə bilər. Ermənistan isə təcriddən çıxaraq Türkiyə və Azərbaycanla iqtisadi münasibətlər
qurmaq imkanı əldə edər.
Donald Trampın ABŞ-a yenidən rəhbərlik etməsi ilə Vaşinqtonun xarici siyasətində daha çox iqtisadi maraqlar və güc balansı önə çıxır. Tramp administrasiyası Cənubi Qafqazda sabitlik və əməkdaşlığı dəstəkləyərsə, regionda investisiya və ticarət imkanları genişlənə bilər.
Mümkün iqtisadi təsirlər bunlar ola bilər:
ABŞ sərmayələrinin artması, enerji və infrastruktur layihələrində Qərb şirkətlərinin iştirakı, Azərbaycan və Ermənistanın qlobal ticarətə inteqrasiyası.
İlk dəfədir ki, həm beynəlxalq dəstək, həm də tərəflər arasında qarşılıqlı razılaşma eyni vaxtda müşahidə olunur. Bu şəraitdən düzgün istifadə olunarsa, Cənubi Qafqaz gərginlik zonası deyil, əməkdaşlıq məkanı kimi tanına bilər,
gənclər üçün yeni iş yerləri, sərmayələr, turizm və ticarət canlanması reallaşa bilər.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etməsi, üstəlik ABŞ kimi böyük gücün regionda sabitliyi dəstəkləməsi, həm ölkələrimizin iqtisadi rifahı, həm də bölgədəki ümumi inkişaf üçün nadir fürsətdir. Sülh sadəcə siyasi qərar deyil, iqtisadi tərəqqiyə açılan qapıdır".
Xalidə Gəray
Musavat.com
Paylaş: