
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-da imzalanmış Bakı–İrəvan sülh bəyannaməsini şərh edərkən, sənədin guya Moskvanın 2020–2022-ci illərdəki üçtərəfli sazişlərinə əsaslandığını bildirib. Sitat: «Biz görürük ki, sülh müqaviləsinin bağlanması barədə razılıq 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə edilmiş sazişlərdən irəli gəlib. Onu isə ABŞ ərazisində bağlamaq qərara alınıb», — deyə Lavrov qeyd edib.
Musavat.com xəbər verir ki, Lavrovun sözlərindən çıxan məna isə bir az sarkazmla qarşılanır. Çünki illərdir bölgədə sülhü nəinki bərqərar edə, əksinə, Ermənistan və Azərbaycan arasında süni gərginliklər yaradaraq vasitəçi mandatını qorumağa çalışan Moskvanın indi bu bəyannaməni “öz əsəri” kimi təqdim etməsi ziddiyyətli görünür.
Nazirin “əsasını biz qoymuşuq” iddiası da əslində Rusiyanın regiondakı rolunun getdikcə azalmasına verilən emosional cavab kimi dəyərləndirilə bilər. Yəni Lavrov demək istəyir ki, bu sazişin “soykökü” Putinə bağlıdır, amma nəticədə sənəd Vaşinqtonda imzalanıb və icra mexanizmini də ABŞ izləyəcək.
Moskva illərlə tərəfləri öz orbitində saxlayaraq “sülh”dən çox “suç” yaradıb. İndi isə reallıq dəyişib: Azərbaycan və Ermənistan öz yollarını seçir, Qərb prosesi üzərinə götürür. Lavrovun ironik bəyanatı isə yalnız Rusiyanın əlacsızlığını və təsir imkanlarının daraldığını göstərir.
Paylaş: