Xəbər lenti

İsrailin Qətərdə hücumu və Qəzzada baş verənlər qarşısında acizlik ərəb ölkələrini NATO tərzi hərbi ittifaqa sürükləyir. Misirin hərbi gücü və Səudiyyə Ərəbistanının maliyyə və texnoloji imkanları ilə ərəb hərbi ittifaqını qurmaq müzakirələri artıq intensivləşib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev bildirib.

O qeyd edib ki, 2 fakt İsrailin bölgədəki fəaliyyətinin digər ölkələrin siyasi addımlarına necə təsir etməsi ilə bağlı mənzərəni ortaya qoyur:

“1. Misir Prezidenti Sisi 48 il sonra ilk dəfə İsrailə qarşı düşmən ifadəsini işlədib. Misir mətbuatı və siyasi mühiti də İsrailə qarşı düşmən ritorikası yeridir. Misir İsrailin Qəzzadakı 3 milyon insanı Sinay yarımadasına köçürmək planını düşmən aktı kimi qiymətləndirir. Onsuz da Sinayda siyasi vəziyyət kövrəkdir, radikal silahlı dini təşkilatlara dövlət nəzarət edə bilmir. Böyük hissəsi silahlı və radikallaşmış 3 milyon əhali Misirin Sinaydakı sabitliyini təhdid edəcək.

2. Uzunmüddətli soyuqluqdan sonra Misir və Türkiyə siyasi olaraq yaxınlaşır. Hətta Aralıq dənizinin şərqində ortaq hərbi təlimlər keçirəcəklər. Ortaq hərbi təlimlər Qəzzaya humanitar yardım gətirən Sumud donanmasının Aralıq dənizinin şərqinə çatması ilə paralel olacaq. Ola bilər ki, tərəflər ikinci “Mavi Mərmərə” hadisəsinin təkrarlanmaması üçün təlimin vaxtını uzatsınlar.

İsrail istəsə də, istəməsə də bölgəni yenidən dizayn edir. 7 ölkəyə zərbə endirilməsi (bunların 6-sı ərəb ölkəsidir) ərəb dünyasında böyük təhlükəsizlik qayğıları yaradıb. Qətərə zərbə isə Körfəz ölkələrinin də təhlükəsizlik qayğılarını artırıb.

Bütün bunların fonunda Səudiyyə Ərəbistanının Türkiyənin strateji partnyoru Pakistan ilə qarşılıqlı müdafiə müqaviləsi imzalaması böyük mənzərəni ortaya qoyur”.




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: Bu gün, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma