Xəbər lenti

  Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadi münasibətləri hərbi-siyasi əməkdaşlığa çevrilir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Türkiyə, Gürcüstan və Azərbaycan XİN başçılarının görüşünü şərh edərkən deyib. O bildirib ki, tərəflər hər üç ölkənin müdafiə sistemlərini birləşdirmək üçün çalışırlar:

“Türkiyə, Gürcüstan və Azərbaycanın üçtərəfli əməkdaşlığı getdikcə yüksək vüsət almaqla yanaşı, əməkdaşlığın daha geniş sahələrini əhatə edir. Demək olar ki, hər üç ölkə arasında strateji xətlər üzrə əməkdaşlıq formaları yaranıb, inkişaf edir. İndiyədək əməkdaşlıq iqtisadi sahəni əhatə edirdi. Bakı-Ceyhan kəməri Gürcüstan ərazisindən keçir. TANAP qaz layihəsi Azərbaycan neftini dünya bazarlarına çıxaracaq. Bu, hər üç ölkə üçün çox böyük gəlir gətirən layihədir. Ancaq tərəflər hər üç ölkənin müdafiə sistemlərini birləşdirmək üçün çalışırlar. Ən azı yaxın vaxtlarda Türkiyə, Gürcüstan və Azərbaycanın birgə hərbi təlimlərinin keçirilməsinə başlanılması nəzərdə tutulub. Bu görüşün keçirilməsinin nəticəsi üç ölkə arasında iqtisadi əməkdaşlığın hərbi-siyasi əməkdaşlıq səviyyəsinə qalxması olacaq”.

Politoloq bildirib ki, növbəti görüş prezidentlərin iştirakıyla Zirvə toplantısı olacaq:

“Bu görüş tərəflər arasında olan münasibətləri strateji zəmin üzərinə qoyacaq. Düşünürəm ki, Türkiyə, Türkmənistan və Azərbaycan görüşləri kimi, Türkiyə, Gürcüstan və Azərbaycan əməkdaşlıq forması da strateji əhəmiyyət kəsb etməyə başlayacaq və bölgədə Azərbaycanın nüfuzunu daha da yüksəldəcək. Bu görüş çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan indiyə qədər özünün bir sıra strateji layihələriylə, Gürcüstanla Türkiyəni bu layihələrə cəlb etməklə Ermənistanı strateji layihələrdən tamamilə kənarlaşdıra bilib. Bu da bizim ərazimizi işğal edən təcavüzkar dövlət üzərində gələcək qələbəmizi təmin edən ciddi amillərdən biridir. Bu münasibətlər Azərbaycana siyasi dividentlər verməyə başlayıb. Gələcəkdə bu dividentlər daha da geniş sahədə olacaq”.

Qeyd edək ki, Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının növbəti görüşü sentyabrın 7-sinə təyin olunub.




Ana səhifəyə qayıt        Baxış: 892          Tarix: 6-09-2017, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma