Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Report”a müsahibəsini təqdim edirik:
- Hazırda gündəmdə olan məsələlərdən biri Azərbaycan dilindəki sözlərin bəzilərinin yazılışında dəyişiklik edilməsi ilə bağlıdır. Siz də Dövlət Dil Komissiyasının üzvüsünüz. Təklif edilən dəyişikliklərə münasibətiniz necədir?
– Dilin öz qanunları var. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun və ayrı-ayrı qurumların rəhbərliyi bu barədə öz təkliflərini, fikirlərini söyləyirlər. Hətta, sosial şəbəkələrdə məsələ geniş müzakirə obyektinə çevrilir. Doğrudan da, mövcud sahədə müəyyən problemlər var. Əlbəttə, dil inkişaf edir və inkişaf etdikcə yeni terminlər, sözlər yaranır. Bunlardan qaçmaq olmaz. İndiki şəraitdə biz hər şeyə anlayışlı yanaşmalıyıq və müzakirə açıb fikirlərimizi izah etməyə çalışmalıyıq. Müzakirə kifayət qədər qızğın gedir. Nəinki bu sahədə olan mütəxəssislər, ümumiyyətlə, hamı diskussiyalarda iştirak etməkdə maraqlıdır. Çox təəssüf ki, qeyri-etik ifadələrə, mənasız ittihamlara da rast gəlinir.
- Dəyişikliklərlə razısız?
– Məsələyə kompleks yanaşmaq lazımdır. Biz daha çox sözün tarixiliyinə, ifadə formasına, dilə yatımlılığına fikir verməliyik. İndi birmənalı qaydada kiməsə irad tutmaq olmaz ki, nə üçün hansısa sözü necəsə ifadə etməyi təklif edir. Geniş müzakirələrdən sonra müəyyən qənaətə gəlmək olacaq. Əlbəttə, mən yeniliyin tərəfdarıyam.
- Mətbuatda ədəbi dil normaları qorunurmu? Mətbuat Şurası bu istiqamətdə hansı işləri görür?
– Mətbuatda ədəbi dil normalarının qorunması mühüm məsələdir. Bununla əlaqədar təkliflərimiz var. İstərdik ki, saytlarda çalışan yaradıcı əməkdaşlar ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyadan keçsinlər. Bilək ki, bunlar ədəbi dilin prinsiplərinə nə dərəcədə bələddirlər. Eyni zamanda, təklif edirik ki, yeni əməkdaşlar Azərbaycan ədəbi dilinin normalarından imtahan verdikdən sonra işə qəbul olunsunlar. Qəzet redaksiyalarına və saytlara kadr seçimi zamanı jurnalistika və filologiya fakültələrinin məzunlarına üstünlük verilməsi lazımdır. Hər bir redaksiyada yazıların dili və üslubuna görə məsuliyyət daşıyan yüksək maaşlı ədəbi redaktor ştatı yaradılmalıdır. Hazırda nəinki saytlarda, bəzi ənənəvi media vasitələrində belə korrektor yoxdur. Azərbaycan ədəbi dilinin normalarını və orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlanıb redaksiyalara paylanılmalıdır. Orfoqrafiya lüğətində sözlər çoxdur. Ancaq təqribən 100 minə qədər sözün yalnız bir hissəsi gündəlik istifadə olunur. Bunu nəzərə alaraq sırf Azərbaycan jurnalistləri üçün işlək və jurnalistikada istifadə olunan terminoloji ifadələri birləşdirən metodik vəsait hazırlansa yaxşı olar. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nəzdində KİV-lər üçün kursların açılmasını təklif etmişik. İlkin mərhələdə kurslar ödənişsiz ola bilər. İkinci mərhələdə redaksiyalar yeni işə götürdükləri əməkdaşlarını bir-iki aylıq kurslara göndərə bilərlər. Biz düşünürdük ki, mütəmadi olaraq tanınmış şəxslərlə və mütəxəssislərlə birgə monitorinqlər, seminarlar, “dəyirmi masa”lar, treninqlər keçirilsin. Ədəbi dil normaların qorunması ilə bağlı yoxlamaların aparılmasının və görülmüş işlərin davamlı müzakirəsinin tərəfdarıyıq. Eyni zamanda, televiziya və radiolarda dillə bağlı verilişlərin sayı artırılmalı, qəzet, jurnal və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunmalıdır. Ədəbi dil normalarını daha çox pozan saytlar və əməkdaşlar məsuliyyətə cəlb olunmalıdır. Biz bunun formalarını düşünürük. Ümumiyyətlə, saytlar və redaksiyalar Dilçilik İnstitutu, universitetlərin filologiya və jurnalistika fakultələri ilə sıx əlaqədə olmalıdırlar. Sadə insanlar da bəzən ədəbi dil normalarını pozurlar. Bu, sosial şəbəkələrdə açıq-aydın görünür. Bəzən də tanıdığın, qələminə hörmət etdiyin bir insan sosial şəbəkədə paylaşdığı bir mətndə durğu işarələri ilə, müxtəlif ifadələrlə bağlı ciddi səhvlərə yol verir. Yazdığı fikir maraqlı, diqqətçəkən olsa da, ordakı orfoqrafik pozuntular düşüncə məhsulunun qiymətini kifayət qədər aşağı salır. Ümumiyyətlə, mən elə düşünürəm ki, hər bir ziyalı mütəmadi olaraq yazı-pozu ilə məşğuldusa, orfoqrafiya qaydalarını mükəmməl bilməlidir.
- Bir neçə ildir onlayn mediaya vəsait ayrılmasını təklif edirsiniz, amma hələ ki, nəticə yoxdur. Səbəbi nədir?
– Deməzdim ki, nəticə vermir. Son illərdə, yəni təxminən 10 ildən çox müddətdə Azərbaycan mətbuatında kifayət qədər irəliləyiş var. Əlbəttə, burada Mətbuat Şurasının rolu da az deyil. Mövcud istiqamətdə təkliflərimiz var və onları istər parlamentdə, istərsə də ayrı-ayrı müsahibələrdə bir neçə dəfə gündəmə gətirmişik. Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir əsasən internet üzərindən yayımlanan media vasitələri tərəfindən formalaşır. Son zamanlar daha çox sosial şəbəkələr bu missiyanı üzərinə götürüblər. Azərbaycanın torpaqlarının 20 faizi düşmən tərəfindən zəbt olunub. Ölkədə 1 milyon 200 minə yaxın qaçqın və məcburi köçkün var. Biz torpaqlarımızı qaytarmaqda israrlıyıq. Obyektiv və subyektiv səbəblərdən beynəlxalq miqyasda bu məsələlər müzakirə olunanda Azərbaycana qarşı soyuq münasibət hiss olunur. Sülh danışıqları bəhrəsini verməsə, müharibə yolu ilə torpaqlarımızı geri alacağıq. Ancaq unutmayaq ki, xaricdəki erməni lobbisi kifayət qədər güclüdür. Onun köməyi ilə Azərbaycanı sevməyən beynəlxalq qurumlar, siyasi xadimlər birləşir, ölkəmizin guya qeyri-demokratik yolda olduğunu, burada həyatın orta əsrlərdəki kimi cərəyan etdiyini, azərbaycanlıların sivil inkişafdan kənarda qaldıqlarını, buna görə Dağlıq Qarabağda ermənilərin azərbaycanlılarla birgə yaşaya bilməyəcəklərini iddia edirlər. Belə bir məqamda ölkəmizin haqq işini dünyaya çatdıran əsas institut internet üzərindən yayımlanan media vasitələridir. Məhz buna görə də dəfələrlə həmin institutun dövlət tərəfindən maliyyələşməsinin vacibliyini vurğulamışıq.
Təsəvvür edək – Azərbaycanda reklamla bağlı problemlər qalmaqdadır. Əgər bir sayt reklamdan bəhrələnə bilmirsə, istər-istəməz öz yaşamını qurmaq üçün ya yerli iş adamları ilə əlaqə saxlayacaq, yerli məmurlarla yaxın olmağa səy göstərəcək, ya da hansısa formada beynəlxalq təşkilatların təsir dairəsinə düşəcək, müstəqilliyini itirəcək. Nəticədə həm ölkə daxilində, həm ölkə xaricində Azərbaycan həqiqətlərinin yayılmasında problemlər yaşanacaq. Əminəm ki, biz bu məsələyə yaxın vaxtlarda yenidən qayıdacağıq.
- Tələblər nədən ibarət olacaq?
– Maliyyələşən klassik mediaya olan tələblər onlayn mediaya da şamil edilə bilər. Yəni, əhatəli, daha çox işləyən, Azərbaycanın xaricdəki imicinin formalaşmasında xidmətləri olan saytlar maliyyələşə bilərlər. Yəqin ki, bunun daha konkret mexanizmi hazırlanacaq, texniki xüsusiyyətlər nəzərə alınacaq. İndiki mərhələdə əsas olan prosesə başlamaqdır.
- Siz bu təklifi onlayn medianın hansısa məmurun və yaxud qrupun təsiri altına düşməməyi üçün irəli sürdüyünüzü bildirdiniz. Hazırda bu məsələdə medianın mənzərəsi necədir?
– Dünya maraqlar əsasında idarə olunur. Buraya Avropa, Amerika maraqları daxildir. Məsələn, CNN 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktını göstərmədi. Ona görə ki, insanlar ruhdan düşməsin. Hətta Barak Obama ABŞ prezidenti olana qədər Əfqanıstanda həlak olan Amerika əsgərləri ilə bağlı məlumat verilmirdi ki, proses rezonans doğurmasın. İstəyirdilər ki, Amerika əsgərlərinin ölümü ilə bağlı xəbərləri görməsinlər. Amerikanın hazırkı prezidenti Donald Trampla bəzi qəzet və saytlar arasında anlaşılmazlıq yaranıb. Yəni ABŞ mediası Amerika maraqlarını üstün tutur. Trampla bağlı bəzi məsələləri gündəmə gətirsələr də, narazılıq olsa da, yekunda Amerika maraqları əsas götürülür. Avropada da elədir. Siz Avropa mediasına – BBC-yə, “Euronews”a baxsanız, görərsiniz ki, Avropa həyatı ön plana çıxarılır. Yaxın Şərq, Afrika və digər regionlar fərqli səpkidə təqdim olunur. Azərbaycanın da öz maraqları var. Ötən illərlə müqayisədə Azərbaycan mediası daha çox milli maraqlardan çıxış edir. Məsələn, KİV-lərimiz I Avropa Oyunları, “Evrovisiya-2012” mahnı müsabiqəsi zamanı Azərbaycana olan hücumlara qarşı mübarizə apardılar. Əlbəttə, daxili problemlər də var və diqqətə çatdırılmalıdır. Bu da milli maraqlara xidmətdir.
Medianın problemlərinin kökündə isə iqtisadi məsələlər durur. Ona yetərincə reklam verilmir. Bu problemləri həll etmək üçün “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanıb. İşlərin həyata keçirilməsi üçün də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətdədir. Fond vasitəsi ilə dövlət Azərbaycan mediasına yardım edir. İl ərzində 34 qəzetə maliyyə vəsaiti ayrılır. Nə qədər ki, reklam bazarı ilə bağlı problem həll edilməyib, dövlət yardım edəcək. Dövlətin mediaya yardımı ilə bağlı müxtəlif əks fikirlər də səsləndirilir. Ancaq biz Fondu yaradarkən, konsepsiyanı hazırlayarkən beynəlxalq təcrübəyə əsaslanmışıq. Yardım mexanizmi yalnız Azərbaycanda deyil.
- Saytlara girişin məhdudlaşdırılması qanunvericiliklə tənzimlənir. Narazılıq edirlər ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının “qara siyahı”sına düşən saytlara dərhal blok qoyulur. Ümumiyyətlə, bu prosedur necədir?
– Mətbuat Şurasının saytları bloklamaqla bağlı mexanizmi yoxdur. Şuranın tərkibində bir neçə komissiya fəaliyyət göstərir. Bunlardan biri də Şikayətlər üzrə Komissiyasıdır. Komissiyada quruma daxil olan şikayətləri araşdırırıq. Hətta bəzi media vasitələri ilə bağlı 5-10 şikayət daxil olur. Bu zaman məsələyə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılır. Şikayət edən tərəfin iddiası əsaslıdırsa, həmin media vasitəsi “qara siyahı”ya daxil edilir. “Qara siyahı” ilə bağlı qaydalar var. Bu qaydalarda qeyd olunub ki, il ərzində barəsində şikayət daxil olmayan sayt siyahıdan çıxarıla bilər. Siyahıdan çıxma ilə bağlı məsələyə Şuranın “apellyasiya qrupu” baxır, rəy verir. “Qara siyahı”da 100-ə yaxın media var idi, onların təqribən 50-si siyahıdan çıxarılıb. Siyahıda olan bəzi KİV-lərin fəaliyyəti hüquqi müstəvidə araşdırılmalıdır. Bu, Mətbuat Şurasının səlahiyyətində olan məsələ deyil. Belə hallarda hüquq mühafizə orqanlarına müraciət edirik. Şuranın missiyası cavabdeh KİV-in adını “qara siyahı”ya daxil etməklə məhdudlaşır. Ən son ictimai qınaq tədbirimiz budur.
- İndiyədək hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?
– Bəli, bir sıra saytlarla bağlı müraciət etmişik. Əslində araşdırılmalıdır ki, ayrı-ayrı nəşrlər, internet media resursları nə üçün peşə etikasından kənar, hüquqi məsuliyyət şübhəsi yaradan hərəkətlərə yol verirlər? Əslində belə halların çox az hissəsi bilməməzlikdən qaynaqlanır. Düzdür, Azərbaycan mediasında kifayət qədər peşəkar jurnalistlər var. Ancaq onlayn mediaya elementar təhsili olmayanlar da axın edir. Onların bəziləri ilə söhbət etmək, nəyisə başa salmaq qətiyyən mümkün deyil. Media, jurnalistika nədir bilmirlər. Peşə davranış qaydaları haqqında tam məlumatsızdırlar. Təəssüf ki, belələri az da deyil. Bəzi saytlar iş adamları ilə, məmurlarla yaxınlıq edirlər. Bir-birinə qarşı duran qüvvələrin ruporuna çevrilirlər. Bunların içərisində də bir dəstə formalaşır. Burada toplaşanları əksər hallarda eyni bölgədən olmaları birləşdirir. Onlar müzakirələr aparırlar, ayrı-ayrı insanların tərcümeyi-halını tapırlar və “fəaliyyətə” keçirlər. Bəzən belə olur ki, hansısa sayt yazı yerləşdirir. Deyək ki, müəyyən maddi təmənna müqabilində yazı birinci mənbədən silinir. Ancaq sonradan digər saytlarda yayımlanır. Beləcə, kifayət qədər mütəşəkkil təsir bağışlayan, belə demək mümkünsə, şər mexanizminin mövcudluğunu görürsən. Belə hallarda da hüquq-mühafizə orqanlarına müraciət edilir.
- “Reket”lərə qarşı tədbirlər görürsünüz, amma bu, kökündən həll edilmir? Səbəbi nədir?
– Bunun həlli hələ tam mümkün deyil. Bu, mərhələli şəkildə olmalıdır. Həyat özü dəyişməlidir. Həyat dəyişdikcə bu məsələlər də həllini tapacaq. Bunlar çox ciddi məsələlərdir. Ümumən bu məsələlərin jurnalistika ilə əlaqəsi yoxdur. Sadəcə zərbə altında qalan, qınaqlara məruz qalan jurnalistikadır. Buna görə mübarizə aparılmalıdır və aparılacaq da.
- Milli Məclisin deputatları, vəzifəlki şəxslər barələrində gedən yazılarla bağlı çoxmu xahişlər edirlər?
– Bəli, müraciətlər olur. Həm şifahi, həm yazılı formada. Bəzən kimsə müraciət edir və bildirir ki, haqqımızda yazıblar. Biz onlara deyirik ki, müraciətlərinizi yazılı formada göndərin. Onlar isə razılaşmır, hətta bəziləri vurğulayırlar ki, nəsillərində “işverən” yoxdur (gülür). Məhz bu yanaşmaya görədir ki, problemin mahiyyətinin dərin olduğunu düşünürük. Bəzi hallarda müraciət edənlərə deyirəm ki, hansısa sayt yazıbsa, niyə narahat olursuz, onun oxucusu yoxdur. Deyirlər, istəmirik ki, haqqımızda internetdə mənfi məlumat olsun.
- Bu il jurnalistlərə mənzillər hədiyyə edildi. Amma hələ də bina yaşayış üçün istifadəyə verilməyib. Proses niyə uzanır?
– Jurnalistlərin mənzillə təminatı cənab Prezidentin jurnalistikaya, bu peşənin sahiblərinə verdiyi böyük dəyərdir. Buna hər kəs hörmətlə yanaşmalı və üzərinə düşən missiyanı yerinə yetirməlidir. Ümumiyyətlə, bina tikildikdən sonra onun istifadəyə verilməsi vaxt tələb edir. Müəyyən qurumlar var ki, yoxlamalar aparmalı, istifadəyə icazə verilməlidir. Əminəm ki, çox yaxın vaxtlarda bu məsələlər həllini tapacaq, jurnalistlər mənzillərinə köçə biləcəklər.
- Yayılan məlumatlara görə, bir neçə jurnalist razılıq olmadan həmin binadakı mənzilinə köçüb. Buna etiraz olaraq binanın işığını kəsiblər…
– Binanın tikilməsi və paylanılmasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondu nəzarət edib. Bu məsələlər onlara aiddir. Bina istifadəyə verilməyibsə, yəqin ki, həmkarlarımız köçməkdə tələskənliyə yol veriblər. Amma başqaları darıxmasınlar, yaxın vaxtlarda hamı mənzilinə köçəcək.
- Artıq jurnalistlər üçün üçüncü binanın tikintisinə başlanılıb. Belə fikirlər var ki, həmin bina sonuncu olacaq…
– Jurnalistlər üçün ikinci binanın inşası zamanı da deyilirdi ki, bu bina sonuncudur, daha jurnalistlər üçün bina tikilməyəcək. Üçüncü binanın sonuncu olub-olmadığını zaman göstərəcək.
- Siz informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyətini zəruri hesab edirsiniz, amma bu, reallaşmır. Hazırki ombudsman həmin işin öhdəsindən gələ bilirmi?
– “İnformasiya əldə etmək haqqında” qanun beynəlxalq standartlara cavab verən mükəmməl qanundur. Sənəd işlənib-hazırlanarkən mən də işçi qrupunda təmsil olunurdum. Orada müsbət cəhətlərindən biri də informasiya əldə edilməsinə nəzarət edən qurumun yaradılması ilə bağlı idi. Yəni informasiya əldə edilməsi ilə bağlı müraciət olunur, bu müraciətlər necə təmin olunur? Söhbət yalnız jurnalistlərin informasiya almasından getmir. Qanunda dövlət qurumlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının internet resurslarının yaradılması, müraciətlərə cavab verən məsul şəxslərin müəyyən edilməsi ilə bağlı bir sıra məqamlar əksini tapıb. Bu da informasiyaların zamanında verilməsinə şərait yaradır. İnformasiya Ombudsmanı məsələni tənzimləyən kifayət qədər işlək mexanizm kimi formalaşmalıydı. Ancaq təsisat İnsan Hüquqları üzrə Müvəkkilin – Ombudsmanın tərkibinə verildi. İndi də ortada bir növ, laqeydlik var. Neçə illərdir, informasiya Ombudsmanı üçün əlavə ştatlar ayrılmayıb. Öhdəliklər yerinə yetirsəydi, mən bu cür çıxış etməzdim. Doğrudan da, faydası yoxdursa, biz niyə iki təşkilatı birləşdirməli idik? Ümumən İnformasiya Ombudsmanın müstəqil fəaliyyət göstərməsinin tərəfdarı olmuşam. Yenə bu mövqedəyəm, bundan sonra da belə olacaq.
- Mətbuat Şurasının qurultay nə zaman olacaq?
– Yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq. Sonra qurultay məsələsini gündəmə gətirəcəyik. Yəqin ki, bu ilin yazında olacaq.
- Namizədliyinizi irəli sürəcəksinimi?
– Bunu zaman göstərəcək. Məsələ namizədliyin irəli sürülməsi deyil, qurultayın kimi seçməsidir.
Paylaş: