Xəbər lenti

Bu sözlərin yazılışı dəyişir - İsmayıl Məmmədli yeni TƏKLİFLƏRİ AÇIQLADI

Gələn il nəşr ediləcək “Orfoqrafiya” lüğətində bəzi sözlərin yazılışının dəyişdirilməsi, bəzilərinin isə çıxarılması təklif edilib. Dilçilik İnstitutunda bununla bağlı keçirilən Elmi Şuranın iclasında -“iyyət” şəkilçisinin yazıda “–iyət” kimi, bəzi sözlərdə qoşa ss samitlərindən yalnız birinin yazılması kimi təkliflər irəli sürülüb.

AMEA Dilçilik İnstitutunun “Tətbiqi dilçilik” şöbəsinin müdiri, professor İsmayıl Məmmədli Publika.az-a açıqlamasında yeni lüğətdə nəzərdə tutulan dəyişikliklərdən danışıb.

Dilçi alim bildirib ki, yeni lüğətdə sonu “a” ilə bitən bəzi alınma sözlərin yazılışının dəyişdirilməsi təklif edilib:

“Bu tip alınma sözlərin yazılışı fonetik prinsipə əsaslanmalıdır. “Qravüra”nın - “qravür” kimi yazılmasını təklif edirik. Hazırda bu sözə şəkilçilər artırılarkən “qravüraçı”, “qravüraçılıq” kimi yazılır, lakin “qravürçü”, “qravürçülük” kimi yazılmasının daha doğru olduğunu düşünürük. Təklif olunan qaydalardan birində də 6 köməkçi sözlə “ilə” şəkilçisinin bitişik yazılmasıdır. Bunlar - etibarilə, xüsusilə, münasibətilə, məqsədilə, tamamilə, vasitəsilə sözləridir. Bu mövzuda bizə çoxlu müraciətlər olub. Bunlar köməkçi sözlər olduğundan onlarda “ilə”nin bitişik yazılması təklif edilir. Alınma sözlərdə sözün sonunda və ya ortasında qoşa “s” hərflərindən yalnız birinin saxlanılması təklif olunur. Məsələn, stress, boss, ekspress, reqressiv, regerassiya, preqressiv kimi sözlər. Birhecalı sözlərin sonu, çoxhecalı sözlərin ortasında qoşa “s” hərfindən birinin düşməsinin daha doğru olduğunu düşünürük. Sözün əvvəlində isə bu qaydanın “ssenari” sözünə əlavə edilməsini təklif edirik”.

İ.Məmmədli bəzi mürəkkəb sözlərin yazılışında da dəyişiklik olacağını deyib:

“Qeyri, külli, əks, ober kimi sözlərdə olduğu kimi “veb”lə işlənən sözlərin də defislə yazılması təklif edilir. Avto, avia kimi sözləri kimi, bundan sonra “əks”lə işlənən mürəkkəb sözlər də bitişik yazılacaq. Bəzi sözlər həm ədəbi, həm də danışıq variantnda işlənir, onlardan birinin çıxarılması təklif olunur. Məsələn, “qubar” və “quvar” hər iki variantda dilimizdə istifadə edilir. Lakin “quvar” sözün məhəlli ifadə forması olduğundan lüğətdən çıxarılması təklifini irəli sürürük. Lüğətdə yalnız “qubar” variant saxlanılmalıdır. Həmçinin bütün sözlərin yazılışında fonetik prinsipləri əsas götürməyi məqsəduyğun hesab edirik. Hələ ki, bu təkliflər müzakirə mərhələsindədir”.

Texnologiya ilə bağlı bəzi alınma sözlərin deyiliş forması ilə yazılmasının birmənalı qarşılanmamasına gəldikdə, İ.Məmmədli bu dəyişikliyin olduğu kimi saxlanılmasının vacibliyinə diqqət çəkdi:

“Wi-fi”, “facebook”, “google” kimi yox, onların tələffüz qaydası ilə yazılması daha doğrudur. Bu dilin qaydalarıdır. Məsələ dilçilər tərəfindən müzakirə edilib və dilə uyğun yazılması ən doğru variant hesab olunur. Çünki dilimizin öz səs sistemi var. Bu xüsusi isimlərə də aiddir. Uzun müddət tarixi şəxsiyyətlərin adları da alındığı dildə və ya rus dilində olduğu kimi yazılıb. Məsələn, Qorkiy yox, Qorki yazılması dilimizə uyğundur. Rus dilində “y” ilə qurtaran şəxs adları “i” ilə yazılmalıdır. Hazırda istifadə etdiyimiz lüğətdə Dmitri-Dmitriy, Ancelina-Angelina, Lüdmila-Lyüdmila, Stüard-Styüard kimi təqdim edilib. Amma bunlar hamısı səhvdir və düzəldilməsinə ehtiyac var. Yeni hazırlayacağımız lüğətdə bütün bu kimi problemləri aradan qaldırmağa çalışacağıq. Bəzi sözlər silinsə də, bəziləri də əlavə ediləcək”




Ana səhifəyə qayıt        Baxış: 1 698          Tarix: 14-11-2017, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma