Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov “Amerikanın Səsi”nə müsahibəsində Ermənistandakı siyasi durum barədə danışıb.
– Ermənistandakı siyasi böhran ölkədəki daxili duruma necə təsir edəcək? Siyasi böhranın səbəbləri nədir?
– Əsas səbəblərdən biri kimi onu qeyd etmək lazımdır ki, artıq uzun müddətdir Ermənistanın özündə “Qarabağ klanı” deyilən bir qruplaşma hakimiyyəti zəbt edib, əlində saxlayır. Özü də bunların həm daxili, həm də xarici siyasəti Ermənistan cəmiyyəti, ziyalılar tərəfindən qəbul olunmur. Çünki onlar, bir növ, Ermənistanda əyalət adamları kimi qəbul olunur. Onların siyasi davranışı, hətta siyasi davranışdan kənar olan bəzi hadisələr də Ermənistan cəmiyyətinin bu klana qarşı nifrətinin və qarşıdurmanın əsaslarını yaradıb.
Hesab edirəm ki, indiki hadisələrin əsas kökü və əsas səbəbi budur. Bəzən deyirlər, əsas səbəb odur ki, Qərblə Rusiya arasında hansısa toqquşmalar var və guya, Qərb Ermənistanı öz tərəfinə çəkmək istəyir və sair. Mən bu fikrin tərəfdarı deyiləm. Ona görə ki, Qərbin orada nə maraqları ola bilər? Tramp administrasiyasının xarici siyasətdə əsas şüarlarından biri ondan ibarətdir ki, ABŞ digər ölkələrə öz maliyyə yardımını, ümumiyyətlə, təsirini azaltmaq niyyətindədir. Artıq bu siyasət həyata keçirilir. Yenidən Amerikanın çox uzaqda olan, heç bir geopolitik maraq kəsb etməyən bir ölkəni öz tərəfinə çəkib və bunun əsasında Rusiya ilə toqquşmaya təzə bir məkan açmasına həvəsi olmasına inanmıram. Qərb ölkələri heç də hazır deyillər ki, hansısa ölkəni tam öz himayəsinə götürsünlər.
– Rusiya rəsmilərinin Ermənistandakı siyasi böhrana reaksiyalarına münasibətiniz necədir? Ermənistanla Rusiya arasında münasibətlərdə yeni situasiyalar yarana bilərmi?
– Rusiyadan Ermənistanda baş verənlərə Gürcüstana, Ukrayanaya nisbətən, demək olar ki, çox sakit və çox təmkinli bir reaksiya verilir. Rusiyadan Ermənistana kiçik bir nümayəndə heyəti göndərilib. Müzakirələr onu göstərir ki, Rusiya parlamentinin ermənipərəst üzvləri gəlib müzakirə aparıb. Demək olar ki, Rusiya tərəfindən ciddi hansısa addımlar atılmır. Rusiyadakı yeni meyllər göstərir ki, Rusiya artıq bu ölkəyə (Ermənistan forpost deyilən ölkə kimi) marağını itirir. Artıq açıq şəkildə deyilir ki, Ermənistanın Rusiyanın müdafiəsi üçün heç bir hərbi əhəmiyyəti yoxdur. İqtisadi baxımdan bazar ildən-ilə azalır. Bu ölkənin əhalisinin sayı artıq 1,6 milyonadək azalıb. Bu baxımdan Ermənistan “qulpsuz çemodan” kimi görünür və Rusiya istəyir bu, “qulpsuz çemodan”dan azad olsun. Mənə elə gəlir ki, proseslər məhz bu istiqamətdə gedir.
Qəribə bir reaksiyanı da yadınıza salmaq istəyirəm. Jirinovski deyib ki, bu, ciddi hadisələr deyil. Sadəcə olaraq ermənilər təzə kreditlər üçün şou qurublar. Təbii ki, Jirinovskinin hər bir fikrini dırnaq arasına almaq lazımdır. Amma hesab edirəm, onun bu şəkildə söyləməsi onu göstərir ki, Rusiya artıq Ermənistana öz marağını itirir.
– Ermənistanda yaranan siyasi böhran Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlara necə təsir edəcək?
– Hesab edirəm ki, bu, Qarabağ probleminə ciddi şəkildə təsir edəcək. Çünki mən dediyim kimi, Rusiya əgər Ermənistandan çəkilsə ermənilər gələcək danışıqlarda, ümumiyyətlə, proseslərdə öz imkanlarına əsaslanan bir siyasət yürütməlidirlər. Əgər bu, baş versə, deməli, real sülh mümkündür. Amma mən hesab edirəm ki, real sülh bəlkə də hansısa hərbi əməliyyatlardan sonra daha real görsənəcək. Çünki bu illər ərzində təbliğat nəticəsində ermənilər öz hərbi imkanlarını çox şişirdiblər və ictimaiyyətə göstəriblər ki, guya, onlardan güclü bir ordu yoxdur. Doğrudur, aprel hadisələri onları bir az ayıltdı. Amma yetərincə olmadı. Çünki onlar axıracan öz mövqelərində qalırlar. Hesab edirəm ki, indiki böhran nəticəsində onlar daxilən çox zəifləyəcəklər. Bunun nəticəsi həm də Qarabağ probleminə təsirdə özünü göstərəcək.
– Azərbaycan mövcud durumdan necə istifadə etməlidir?
– Azərbaycan vəziyyəti diqqətlə nəzərdə saxlamalıdır və hər bir məsələyə hazır olmalıdır. Həm sülh danışıqlarına, həm də hərbi əməliyyatlara hazır olmalıdır. Hesab edirəm ki, bu siyasət artıq gündəmdədir və həyata keçirilir. Bəzən deyirlər, hərbi əməliyyatı tezləşdirmək lazımdır. Hər bir şeyin öz vaxtı var, vaxtında atılan addım daha qiymətli olur. Ələlxüsus da bu addım Qarabağ mövzusu ilə bağlıdırsa. Hərbi əməliyyatlar həmişə çox ağır təsiredici bir siyasətdir və istisna etmirəm ki, bu barədə qərar qəbul etmək çox çətin bir məsələdir. Amma ermənilər bizə ayrı bir yol saxlamasa, deməli, bu addımı da atmalıyıq.
Paylaş: