“Sərhəd məsələsi ikitərəfli münasibətlərə aiddir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu işə qatmaq, təşkilatı köməyə çağırmaq, sadəcə olaraq, yanlışdır”.
Bu sözləri Oxu.Az-a şərhində Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, Rusiya və Belarusun tanınmış hərbi-siyasi analitiki Aleksandr Tixanski deyib.
Ekspert fikrinin davamında vurğulayıb ki, Ermənistan hakimiyyətinin amerikapərəst mövqeyi İrəvanın KTMT-yə münasibətində də özünü göstərir.
“Biz Ermənistanda KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu necə həbs etdiyini xatırlayırıq. İndi iş o yerə çatıb ki, Ermənistan az qala özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kənarlaşdırıb. Baxmayaraq ki, Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri qoruyur, bu ölkənin ərazisində Rusiya bazası var, Moskva İrəvana himayəçilik edir. Diqqət edin: Ermənistanda öz əməkdaşlarının sayına görə ABŞ-nin ən böyük səfirliklərindən biri yerləşir. Söhbət 4 000 əməkdaşdan gedir. Hamı yaxşı bilir ki, Ermənistan hökumətində bir çox vəzifələri Soros şəbəkəsinin üzvləri, Corc Sorosun fondlarından qrant almış şəxslər tuturlar”, - deyə Aleksandr Tixanski bildirib.
Analitik Ermənistan iqtidarından savayı İrəvandakı siyasi müxalifətin də KTMT-yə mənfi münasibətinin və hər iki siyasi qüvvənin Rusiya bazasının ölkədən çıxarılmasının zəruriliyindən danışmalarına münasibət bildirib.
“Mən bunu yalnız bir şeylə - “Vaşinqton vilayət partiya komitəsi”nin göstərişi ilə izah edirəm (gülür - red.). Qərbin Ermənistandakı bütün siyasi qüvvələrə, o cümlədən müxalifətə də təsiri var. Qərbin hədəfi Ermənistanı Rusiyanın siyasi təsirindən, KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxarmaqdır”.
Ekspert Ermənistan daxilindəki siyasi vəziyyətin silahlı qarşıdurmaya qədər inkişaf etməsi ehtimalına da toxunub.
Aleksandr Tixanski məsələlərin güc yolu ilə həllini istisna edib:
“Nə müxalifətin, nə iqtidarın, nə də hər hansı klanın hətta öz aralarında belə vuruşmağa resursları yoxdur”.
Paylaş: