Xəbər lenti
 
Son günlərdə kurikulumun ləğv ediləcəyi ilə bağlı məlumat yayılmışdı. Bu xəbər sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Kurikulumun ləğvini dəstəkləyənlər də kifayət qədər idi. Beləki, sosial servislərdə valideyn və müəllim adından çıxış edən bir sıra nümayəndələrin çoxu kurikulumun ləğv edilməsinə müsbət baxırdılar. Bəs, bu Kurikulum nədir?

Ovqat.com bildirir ki, A24.Az kurikulumun tarixi, tətbiq edilməsi,  prinsipləri haqqında təhsil sahəsi üzrə ekspert Nizami Məmmədlidən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

Kurikulumun ləğvi nə dərəcədə realdır?

– Belə bir söhbəti gündəmə çıxaran qüvvələrin hansı məqsəd və maraq daşıdığını bir çox prizmadan şərh etmək mümkündür. Əslində Kurikulum- dövlət proqramı olduğundan hansısa məqalənin və yaxud pedaqoqun şəxsi yanaşmasına görə ləğv olunacaq demək yalnış düşüncədir. Kurikulumun – nə olduğunun şərhini verməkdə çətinlik çəkən, sovet pedaqogikasını öz pedaqogikamız kimi dəstəkləyən, təhsildən,  pedaqogikadan, müasir təhsilə yanaşmadan, dövlətimizin təhsil siyasətinin uzaq mahiyyətindən xəbərsiz formada yeni təhsilə yanaşmaq, ləğvinə sevinmək əslində standartlardan və dövlət proqramından xəbərsiz olmaq deməkdir. (Makarenko, Uşinski, Kamenski və.s pedaqoqlarda heç də bizim olmayıblar və onların yaşadıqları ictimai formasiya ilə bu gün tam fərqli dövrdür. Bu baxımdan müasir dövrün xüsusiyyətlərini özündə əks etdirən tərzdə yanaşılmalıdır təhsilə.)“Kurikulum” bir ifadədir. Latın sözüdür və mahiyyət anlamı yol, istiqamət, yenilikləri öyrənərək mövcud təhsil sisteminə daxil etmək, konseptual (tam) sənəd toplusu və.s deməkdir. Kurikulum – Dövlət sənədinin – “Ümumtəhsil sisteminin  dövlət  standartları və proqramları”(kurikulumları) – mötərizədə verilmiş adıdır.

Kurikulumun qəbul olunmasından öncə nəzərə alaq ki, Sovet imperiyası dağılır və müstəqil dövlət yaranır. İdeoloji xəttinin əsasında fərqli məqamların yer aldığı təhsildə də, təbii ki, dəyişmələrin olması zərurətdən yaranır. Unutmamalıyıq ki, təhsil islahatının məqsədi vardır. Buna aşağıdakılar daxildir:

  1. Təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək
  2. Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq
  3. Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri,
  4. Siyasi, iqtisadi və sosial həyatın demokratikləşdirilməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək.

     İndi gəlin birlikdə bu məqsədləri ləğv edək. Məntiqli yanaşmaq lazımdır. Bu qeyd olunanları ləğv etmək nə dərəcədə doğrudur? Sizcə bunu söyləmək nə dərəcədə təhsildən xəbərdar olmaq deməkdir? Bu normal yanaşmadırmı? Bundan əlavə, Kurikulum islahatının əsas prinsiplərinə nəzər yetirək: Demokratikləşdirmə, Humanistləşdirmə, Diferansiallaşdırma, İnteqrasiya, Fərdiləşdirmə,Milli zəminə, bəşəri dəyərlərə əsaslandırılması, Təhsil alanın təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsi, Bütün qurumların fəaliyyətinin təhsil alanın mənafeyinə xidmət məqsədi ətrafında birləşdirilməsi… Bu sadaladıqlarımın içərisində şagirdlərimizin, vətənimizin, dövlətimizin mənafeyinə, təhsilimizin inkişafına mane olan nə var ki, onu ləğv edək? Bunların hansı əvvəlki təhsildən tam kəskin fərqlənir ki? Sadəcə prinsiplər əlavələrlə və yeni yanaşmalarla bir qədər də təkmilləşdirilib.

İndi sizə təqdim etdiyim isə Kurikulum islahatını zəruri edən səbəblərdir:

Bu zəruri səbəblər cəmiyyətin ictimai formasiyasının dəyişməsindən irəli gəlir. Yaxşı mən razıyam. Dünya dəyişsin biz isə dəyişməyək. Axı niyə inkişafımızın qarşısına sədd çəkmək istəyənlər bu qədər çoxdur. Gənlərimiz nə vaxta qədər inkişaflardan kənarda qalmalıdırlar. Nə zamana qədər bilikli, bacarıqlı, səriştəli və əsl müəllim adını daşıyan layiqli müəllimlərimiz müxtəlif yollarla təhsilə ayaq açmış insanların kölgələrində qalacaq. Haşiyəyə çıxaraq qeyd edim ki dioqnostik qiymətləndirmə və attestasiyadan sonra əsl pedaqoq adı daşıyan nümunəvi müəllimlərimiz həqiqətəndə layiqli dəyərini alacaqdır. Bütün çalışmalar bu istiqamətdədir və bunun zamanla həllinin şahidi olacaqsınız. Bunu niyə istəmirlər ki? Niyə müəllimlərin inkişafında maraqlı olmayan tərəflər var? Niyə Təhsil Nazirliyinin bu istiqamətdə apardığı siyasətin əleyhinə bu qədər canfəşanlıqla danışırlar? Məqsəd nədir? İllərlə görülən işlərə qulpmu qoymaqdır?… Məncə bunları görmək elə də çətin deyil. Lakin zəmanəmiz elədir ki illərlə əziyyət bahasına gördüyün yaxşı işin nəticəsini bir andaca antireklamla məhv etmək olur. Bunu etmək istəyənlər nəyə xidmət edirsə bunu araşdırmaq lazımdır. Axı təhsil təhlükəsizlik məsələsidir. Bu ciddi məsələdir.

 Kurikulumun tətbiq edilməsində məqsədləri nə idi?

-Məqsəd mövcud təhsil sisteminin tələblərə cavab verməməsi, təhsilə yeni baxış və yanaşmaların yaranması idi. Ənənəvi təhsildə hafizənin yüklənməsi ilə yaddaşımız gücləndirilir, mütəxəssiz kimi yetişdirilirdik. Lakin bu yüksək nailiyyətli mütəxəssiz lazım gəldiyi zaman öz xalqını qurban verəcək dərəcədə şəxsiyyətlilik problemi ilə üz-üzə idi. 90-cı illərdə bunlarla rastlaşmadıqmı? Bu gün televiziyada bir sözü deyən, sabah özünü təkzib edib başqa sözü deyənləri görmürükmü? İnsanlar indi daha yüksək tərzdə düşünə bilirlər və daha məntiqlidirlər. Ona görə də cəmiyyəti yalnışlarla çaş-baş salmağa ehtiyac yoxdur. Necə ki, aprel hadisələrində mənim də layiqli dostlarımın yer aldığı media qurumları ayıqlıq, sayıqlıq göstərdi, əsl vətənpərvərlik nümayiş etdirdi, indi də belə olmalıdır. Hamımız bir ürək kimi təhsil sistemində aparılan islahata dəstək olmalı və nəinki təhsil, tərbiyə, müəllim adına xələl gəlməyə şərait yaradan yazıların mediada işıq üzünü görməsinə göz yummalı, əksinə bu işdə dövlətimizə dəstək olmalıyıq. Bizlər nəyisə düşünə biliriksə, bu müəllimimizin həyatı bahasına bizə bəxş etdiyi ziyanın nuru, təhsilimizin xidmətidir. Bu gün xaricdə təhsil alan və adımızı şərəflə ucaldan vətəndaşlarımız təhsilimizin uğurudur. Niyə bunları demirik? Niyə bütün sahələrdə əldə edilən uğurlarımızın arxasında bir sadə müəllim zəhmətinin olduğunu demirik, ancaq hansısa neqativ hal olan kimi müəllim və təhsili günahkar bilirik? 10-illərlə təhsilimizin və müəllimlərimizin formalaşdırdığı tərbiyə sisteminin internet, televiziya və digər nəsnələrin bir andaca alt-üst elədiyinə fikir bildirmirik? Bu qədər də təhsilin və müəllimin üzərinə gedən insanlara sualım var, axı bu gün sən nə edirsən təhsilin inkişafı üçün? Təhsil sözlə deyil əql, əzm, əməl və əməklə nəticə verən sahədir.

1876-cı ildə Amerikada  kurikulum ifadəsi  termin kimi işlədilir. 1918-ci ildə  isə təhsilə tətbiq   edilib.  1990-cı illərdən potsovet ölkələrində tətbiq olunmağa başlayıb.  Kurikulum termini bizdən öncə Rusiyada işlədilib, 90-cı illərin əvvəllərinə yaxın Azərbaycan təhsil sisteminə gəlib. Ümummilli liderimiz, mərhum H.Əliyevin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də həyata keçirdiyi islahatların müsbət nəticəsini müşahidə etməkdəyik.Təhsil islahatının həyata keçirilməsi də məhz Ulu Öndərimizin sayəsində gerçəkləşdi. Bu  3 mərhələdə həyata keçirildi. 1-ci mərhələ hazırlıq, öyrədici innovasiya mərkəzlərinin yaradılması idi. Bizim təhsil sistemi yeniliklərə açıq oldu və Finlandiya, İtaliya, Avstriya, Türkiyə, Yaponiya, Amerika və.s ölkələrdə hansı yeniliklər tətbiq olunursa, biz onlara müsbət yanaşdıq. Lakin öz təhsil sistemimizi yaratdıq. Biz heç bir ölkənin təhsil sistemini köçürmədik. Onları nəzərdən keçirdik. Müsbət tərəfləri müzakirə olundu və nə uyğun bilindisə, həmin məqamlar milli və bəşəri dəyərlərə uyğun olaraq hazırlandı. Bu yeniliklər Azərbaycanımızın ən güclü pedaqoqları və alimləri tərəfindən illərlə müzakirə edilərək hazırlanmışdır və müsbət nəticəsini gələcəkdə müşahidə edəcəyik. 3,4,5,6 və s. siniflərdə oxuyan şagirdlərin məntiqi təfəkkürünü yoxlayın sadəcə və dəyər verin. Bu təhsilin nəticəsi deyilmi? 9-cu sinif şagirdlərinin nəticələrini nümunə çəkmək istəyənlərdə təbii ki, olacaq. Lakin unutmaq olmaz ki, onlar yeni təhsil sisteminin ilk ilinin məhsuludurlar.

Qeyd edim ki, dünyada kurikulumun 12 modeli var,  bizdə isə konkret heç biri deyil. Özümüzün yeni yaratdığımız yeni təhsil sistemi tətbiq edilir.  

Kurikulum Sovet təhsil sistemindən nə ilə fərqlənirdi?

Картинки по запросу kurikulum sistemi

– Sovet təhsil sistemi qarşısına yalnız bir hədəfi  qoymuşdu,  yüksək səviyyəli mütəxəssis yetişdirmək.  Bu mütəxəssislər zavod və fabriklərdə işləməli və xeyir verməli idilər. Burada bir məqam ortaya çıxır.  Sovet dönəmində biz yalnız öz pedaqoqlarımızınmı təhsil proqramlarını öyrənirdik? Əlbətdə xeyr. Qısaca bir məqam deyim. Qori müəllimlər seminariyası açılanda da bu cür yanaşırdıq. Oxumağa buraxmırdı uşaqlarımızı. Yeniliklər  hər zaman olub və gec qəbul olunub. Biz qəbul edənədək yenisi yaranıb, biz artıq köhnəlmişə alışanda dəyişikliyi yenə də əvvəlki kimi gec qəbul etməyə çalışmışıq. XXI əsrdə isə dəyişən həyat şəraitinə çevik uyğunlaşmasaq, geri qalacayıq. Bunu etməyək.Yenidən 70 il öncəyə qayıtmayaq. Düzdür,  Sovetlər zamanı mütəxəssislər müəyyən məsələlərlə ev,  maaş, sosial təminatlarla təmin edilirdi. Lakin indi kapitalizmdir. Sovetlər Birliyi həmin insanları  özünün iqtisadi inkişafı, güclənməsi üçün və  soyuq müharibədən sonrakı mərhələdə başqa ölkələrlə mübarizədə qalib gəlmək üçün yetişdirirdi və onların beynindən istifadə etmək istəyirdi. Sovet təhsil sitemi qapalı mühit üçün idi və buna da indiki ifadə ilə desək, ənənəvi kurikulum, yəni sənəd toplusu deyirik. Hazırda tətbiq edilən sistem, mexanizm isə müasir kurikulumdu, yəni müasir sənəd toplusu. Dünyada 100 illərlə məşhur olan ifadələri- proletariat, sosializm,  kommunizm, SOVİKP MK və s. sözləri ilk vaxtlar qəbul etməyən insanlar deyilikmi? Dil daim yeni sözlərlə zənginləşməli və inkişaf etməlidir.

Kurikulum biliyi tətbiq etdirməklə vərdişə, vərdişləri bacarığa, bacarığı  səriştəyə çevirməyi tələb edən təhsil standartları və proqramıdır.  Sovet təhsil sistemində isə bilmək zəruri idi,  bacarmaq isə vacib deyildi. Bu sözümə qarşı olan yoldaşlara qısaca deyim ki, xarici dil müəllimlərimizin bir hissəsi, o zamanlar eyni dili danışan xarici vətəndaşla danışmaqda çətinlik çəkirdilər. İndi isə əksinə daha yaxşı ünsiyyət qura bilirlər. Fizikanı yaxşı bilmək zərurət idi. Lakin əksər fiziklər elektriklə işləməkdə çətinlik çəkirdi. Avtonəqliyyatda dərs keçən müəllimlərin bir qismi avtomobili idarə etməkdə problem yaşayırdı. Hamı bilir ki, astranomiyanı bilmək kainatla bağlı tətbiqi xarakterli bilikəri dərk etmət demək deyildi. O dövrdə ateizm dərsidə keçirilirdi niyə o sistemi müdafiə edənlər o dərsi də tələb etmirlər?

Kurikulum sənədlərinə nələr daxildir?

– Əsas və ən önəmli suallardan biridir bu. Həm də  günün aktual sualıdır. Başqa cür desək, kurikulum nədir, demək istədiniz. Əvvəla qeyd edim ki, Kurikulum sənədinə aşağıdakılar daxildir. Baxın o ləğvini istədiyimiz bunlardır. İndi düşünün, bunu ləğv etməyi demək, nəyi istəməkdir.

İlk olaraq Kurikulumun tərifinə nəzər yetirək:

Kurikulum – təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual (tam) sənəddir; əsasını təhlil, tərtib, tətbiq, qiymətləndirmə təşkil edir; müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, təlim-tədris fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirir. Burada hansı məqam təhsilin inkişafını alır? Nə pisdir burada?

Ümumtəhsil Sistemininin dövlət standartları və proqramları (Kurikulum) sənədinə daxildir:

  • Ümumtəhsil sistemində təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
  • Ümümtəsil sistemində təhsil verənlərin keyfiyyət göstəriciləri
  • Ümumi təhsilin infrastrukturu
  • Ümumi təhsilin maddi texniki və tədris bazası
  • Ümumi təhsilin idarə olunması
  • Ümumi təhsilin məzmunu

İndi gəlin, bunu- Kurikulumu ləğv edək. Yuxarıda gördüklərinizdir kurikulum. Hər bir bənd zamana uyğun inkişafa hesablanıb. Bunlara şərh vermək niyyətində deyiləm. Sadəcə olaraq ola bilər ki, insanlar dövlət proqramı haqda məlumatsız olarlar. Ancaq piar olunan yazılarda buna diqqət yetirməliyik. Nə deyim? Sovet təhsilində keçdiklərimizin ləğv edilməsi və yeni biliklərin əldə edilməsinə qarşı çıxanlar nə fikirləşirlər? Azərbaycan təhsili, cəmiyyəti, şagirdi, müəllimi dünyaya inteqrasiya etməməlidirmi?

Kurikulumun ləğvini tələb edən müəllim və valideynlər çox oldu. Buna səbəb nədir?

– Tələb edən deməzdim, internetdə gedən yazıları oxuyub tərifləyən müəyyən yoldaşların çoxluğu müşahidə edildi. Çünki kurikulumu qəbul edib, tətbiq edənlərin burada cavab yazmağa bəlkə də zamanları və yaxud fikir bildirməyə zaman ayırmağa lüzüm bilmədiklərindən oldu bu hal. Ona görə ki, bu mənim, sənin istəyinlə baş verəcək amil deyildir. Bu Dövlət proqramıdır və onun tətbiqi, ləğvi də dövlətin yanaşmasından sonra nəticələnə bilər. Biz bu günü düşünsək də, dövlət siyasəti isə illər sonraya hesablanır.

Картинки по запросу məktəblərdə kurikulum

Kurikulumla təhsil alanlar 9-cu sinifi bitirdilər? Onların əvvəlki şagirdlərdən fərqi nədədir?

– Kurikulumla və ya ənənəvi dərs keçən şagirdlər arasında fərq dedikdə onların təhsilə və həyata baxışlarıda bu gün fərq axtarmaq biraz doğru yanaşma deyil. Niyə? Çünki 1 il içərisində insan nə qədər dəyişə bilər ki? Və ya unutmamalıyıq ki, onlara dərs deyən müəllimlər də ilk tətbiq təcrübəsini reallaşırdırdılar.  2007-ci ildə kurikulumla dərs keçməyə başlayan ibtidai sinif müəllimləri ilk ibtidai siniflərini təhvil verdikdən sonra, onlar ikinci mərhələ siniflərində daha təcrübəli və daha yüksək nəticəliliklə təlim apardılar. Əslində bunu onlarda sübüt edərlər ki, ilk illərlə bu gün daha fərqli səriştəylə dərs keçirlər. Bu illərlə daha təkmilləşəcəkdir.

Onların nəticəsini biz  10-20 ildən sonra görəcəyik. Bu günki nəticələr elə Sovetlərin son dövrünün nəticəsi deyilmi? Bu gün olan neqativ halları indimi öyrəndik biz? Əsla. Bu günün nəticələri 20-30 il il öncənin məhsuludur. Bunları yeni təhsil sisteminin ayağına yazmq doğru deyil.

Hər şeydən əlavə bir xatırlatma edim. XXI əsrin özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərə uyğun insan yetişdirmək lazımdır.

XXI əsrin xüsusiyyətlərini bilmədən təhsil sistemini pisləmək nə dərəcədə real görünür sizə? Hansı cəmiyyətdə yaşadığımızı dərk etmədən  və şagirdləri ona uyğun hazırlamadan necə bir gələcək qurmağı istəyir bu insanlar?  Aşağıda bu əsrin xüsusiyyətlərini görürsünüz:

 

– Bunların hər gün dəyişdiyi zamanda necə bir təhsil sistemi olmalıdır ki, inkişafdan geri qalmayaq? Köhnə metodlaramı qayıdaq? İnsanlar kosmosu öyrənib bitirdilər biz hələ hava şarı düzəltməyəkmi? Nə deyim.

XXI əsrdə hər bir insanlardan tələb olunan bacarıqlar isə bunlardır. Bunları isə ancaq yeni təhsil standartları ilə formalaşdırmaq olar.

 Yerli sənayedə peşəkar fəaliyyət üçün zəruri biliklər qazanmaq
Bugünkü dünya iqtisadiyyatında uğur qazanmaq
 İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etmək
 Dəyişkən həyat şəraitinə çevik uyğunlaşmaq
 Asanlıqla ana dilində və əcnəbi dillərdə ünsiyyət qurmaq

XXI əsrin hər bir insanında vacib olan  kompetensiyaları bilmədən onların əhəmiyyətliliyini dərk etmədən yaşamaq mümkün deyil. Kurikulum bunlar formalaşdırır. Bunları istəməyən yoxdur. Sadəcə cəmiyyətimizi doğru dürüst maarifləndirməklə bu söz söhbətləri aradan qaldırmaq və təhsilimizin inkişafına dəstək olmalıyıq. Aşağıda təqdim etdiyim isə bu günün insanından tələb olunan səriştələri formalaşdıran amillərdir- Kompetensiyalardır:

Son olaraq bir sual daha verim. Dərs ilinin müddətinin uzadılması məsələsinə münasibətiniz necədir?

– Normal. Bir şeyki insanın inkişafına yönəlib. Bu halda ki, müəllim əlavə gəlir əldə  edəcək bunun nəyi pisdir? Şagirdlərimizin daha yeni bilik və bacarıq əldə etməsinin niyə əleyhinə düşünək ki? Lakin, bu daha dəqiq düşünülmüş halda olmalıdır. Mənə elə gəlir ki, yay aylarına yaxın müddətdə dərsin uzadılması ola bilər. Lakin bunu elə bir formada təşkil etmək olar ki, şagirdlərin yorğunluğu, havanın istiləşməsi, tətili gözləmək həvəsi insanlarda demotivasiya etməsin. Məsəlçün mən deyərdim ki, yay müddətində uzadılan həftələrdə elə dərs və məşğələlər salmaq lazımdır ki, bu ekskursiya, yay düşərgəsi, əlavə tətbiq və əmək sərfiyyatı (texnoloji istiqamətdə), coğrafi biliklərin ölkəmizi gəzərək mənimsənilməsi (hətta xaric də ola bilər-şagirdlərin makrodərkətmə səviyyələrinə görə)və.s bu qəbildən olan induktiv dərsləri məhz uzadılacaq həftələrə yerləşdirmək olar. Perspektiv planlaşdırma hazırlanarkən bu tətbiq olunsa düşünürəm ki həm müəllimlər, həm valideynlər, həmdə şagirdlər çox sevinərlər. Ancaq akademik biliklərin artırılmasını istəyiriksə, bu nəinki iyunun 15-dən sonrakı mərhələdə,  heç 15- ə qədərki həftələrdə də effektsiz olacaqdır. Necə ki, bu gün şagirdlər bu 15 günü sıradan günlər kimi qəbul edirlər və qeyri-ciddi yanaşırlar. Lakin bu bütün bir ayı qeyd etdiyim istiqamətdə etsək hesab edirəm ki, hər kəs məmnun qalacaq.

Картинки по запросу dərs ili

Beynəlxalq qiymətləndirmənin növlərindən biri PİSA qiymətləndirməsidir. Onun mahiyyəti elə, yaşamaq üçün öyrənirəm deməkdir. Bax həmin məsələni iyun ayında planlaşdırmada verməklə tətbiq edə bilsək, o uğurlu nəticə olacaq. Sentyabr ayının əvvəlindən isə dərs ili ayın 1-dən başlasa daha məqsədəuyğundur. Çünki həmin 15 gün həm müəllimlərin əmək haqqı sisteminin hazırlanmasında, həm oktyabra qədərki 15 günün psixoloji cəhətdən şagirdlərin dərsə hazırlığını yubatma cəhətdən əslində itirilən müddətdir. Şagirdlərdən soruşun bir. Onlar 1 sentyabrı istəyəcəklər, çünki ayın ilk günüdür. Bir ciddiyyət var. Bir ilklik var və həvəs var. Yarımçıq gün isə başlanğıcdan, istər yekunda maddi olmasa da mənəvi natamamlıq, psixoloji qeyri-ciddilik yaradır. Bu dediyim kimi olsa,  nə şagirdlər yorular,  nə də müəllimlər. Hətta dərs ilinin yekununda 1 aylıq “Bilik və Təcrübə” ayı olaraq dəyərləndirilməsi illik zehni yorğunluğu tamamlayacaq, şagirdlərin xatirində məktəb mühitini daha xatirəli və xoş atmosferdə saxlayacaq ki, bu da öz növbəsində yeni tədris ilinin çox motivasiyalı gözlənilməsinə zəmin yaradacaq. Həmçinin müəllimlər üçün də bu ay bir qədər mənəvi istirahət, nəticələrin əyani müşahidəsi ayrı olaraq yüksək stimul yaradacaqdır. Ölkəmizdə isə buna imkan və şərait var. Belə deyim də,  Yay məktəbini xatırladan, lakin tədrisin tərkibində olan bir mərhələ ola bilər bu. Ancaq son 15 günü həvəssiz gedilən və belə yadda qalan məktəbə kimsə yenidən getməyi inanmıram ki, motivasiya ilə gözləyə. Həvəslə və xatirələrlə olan məqamları daha çox istəyir insan. Bunu formada müddətin artırılmasına razıyam. Avropada iqlim bizdən daha sərindir və iyunda dərsə getmək elədə çətin olmur. Həm də orada şərait, müəllimin təminatı daha fərqlidir. Düzdür yeniliklər mütərəqqi inkişafa yönəldir. Lakin bu yeniliyin mərkəzində dayanan əsas qüvvə müəllimdir. Təhsilin mərkəzində dayanan əsas amil müəllimdir. Onların illər öncə təminatını xatırlayın. Ən aşağı ödəniş müəllimlərin ödənişi idi. İndi bu sahədə aparılan işlər əlbət ki, müəllimlərin təminatının da avropa standartlarına uyğunaşdırılmağa aparıb çıxaracaq. Bir zaman olacaq ki, ölkəmizdə müəllimin təminatına görə bu sahədə çalışmaq üçün minlərlə deyil, bütün insanlar mübarizə aparacaqlar. Bu elədə çox uzaqda deyil.

Vüsalə Əlövsətqızı




Ana səhifəyə qayıt        Baxış: 1 320          Tarix: 29-05-2017, 11:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma