Bakıda dəhşətli virusdan gənc tələbə qız dünyasını dəyişib.
Bu barədə qızın anası İlhamə İgidova BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib.
Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına yerləşdiriblər. Lakin onun vəziyyəti pisləşdiyi üçün sonradan qızı Babək prospektində yerləşən “Bakı Medical Plaza”ya yerləşdiriblər. Lakin həkimlərin səyinə baxmayaraq Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş.
“Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağ ciyər və ürək çatışmazlığıdır”, - deyə vəfat edən qızın anası bildirib.
İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib.
“Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”, - deyə İlhamə İgidova bildirib.
Qeyd edək ki, dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin “Tarix” fakultəsinə 600 balla daxil olub. Birinci kursda təhsil alırdı. Xəstələndən sonra, bir müddət müalicə alıb. Sonra imtahanlarını verib. Yanvarın 25-də isə vəziyyəti daha da pisləşib və xəstəxanaya aparılıb.
Onun "həri"si verilibmiş və bu yaxınlarda nişanlanacaqdı.
Paylaş: