Xəbər lenti


“Aprelin 20-dən başlayan və 26-da başa çatdırılacaq “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir”.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyevanın sözlərinə görə, “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvənddən kənarda qalan uşaqlar peyvəndlənməyə cəlb ediləcəklər:
“Bunun üçün uşaqlar tibb müəssisəsinə gətirilməlidir. Valideynlər SMS-lə icazə alaraq, tibb müəssisəsinə gəlməlidirlər. Tibb müəssisələri də peyvənd otaqlarında tələb olunan şəraiti yaradaraq, valideynləri telefonla dəvət etməlidir”.
A.Əliyeva qeyd edib ki, tibb müəssisələrinin məsul işçiləri valideynlərlə telefonla əlaqə saxlayaraq, uşaqlarda hərarət və digər xəstəlik əlamətlərinin olub-olmadığını öyrənməlidirlər. Belə uşaqlar olarsa, onların tibb müəssisəsinə dəvət edilməsinə ehtiyac yoxdur.
Direktor müavini peyvəndə tam sağlam uşaqların cəlb edilməsini də vacib sayıb:
“Tibb müəssisəsinə dəvət edilən uşağın ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmalı deyil. Əgər uşaq sağlamdırsa, ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmayıblarsa, onda uşağı peyvənd etdirmək üçün tibb müəssisəsinə gətirmək olar”.
Mərkəz rəsmisi əlavə edib ki, sıxlıq yaranmasın deyə, valideynlər tibb müəssisələrinə növbə ilə dəvət edilməlidirlər:
“Eyni saata düşən valideynlərin sayı 10 nəfərdən çox olmamalıdır. Peyvəndə gələn valideynlər də bir uşaqla gəlməlidirlər ki, insanların təması azalsın”.
oxu.az


Ana səhifəyə qayıt        Baxış: 1 328          Tarix: 23-04-2020, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma