Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Bu yaxınlarda Naxçıvan Respublika xəstəxanasında keçirilən attestasiya imtahanlarının nəticəsində böyük rəzalət ortaya çıxıb.
Ovqat.com-un Naxçıvan səhiyyə sistemindəki qaynaqlardan aldığı məlumatına görə, Respublika xəstəxanasının I müavini Ramazan Abbasov attestasiya imtahanında 60 keçid baldan 11 bal toplayıb.
“Halbuki yoldan keçən istənilən adamı o imtahana çəksən və həmin təsadüfi şəxslər suallara cavab verərkən gözüyumulu atsaydılar belə, 15-20 bal yığa bilərdilər. Ramazan həkimin yığdığı bal bu mənada mümkün olmayanın reallaşdırması idi ki, bunu da ancaq o bacarardı”, - Muxtar Respublika xəstəxanasındakı mənbəmiz belə deyib.
Onun iddiasına inansaq, xəstəxananın digər rəhbər şəxslərinin də göstərdiyi performans Ramazan Abbasovdan fərqli olmayıb. Baş Həkimin İcbari Tibbi Siğorta və Ekspertiza üzrə müavini Türkan İsmayılova, Xəstəxananın Həmkarlar İttifaqının sədri və Qəbul şöbəsinin müdiri Ramidə Bağırova da attestasiya imtahanından yetərli bal toplaya bilməyib ələniblər. Onların imtahandan konkret neçə bal topladıqlarına və savad baxımından Ramazan Abbasovu keçib-keçmədiklərinə dair heç bir məlumat əldə edə bilmədik.
Maraqlıdır ki, hər 3 həkim barəsində Naxçıvan Respublika xəstəxanasının rəsmi saytının tanıtım bölümündə yüksək fikirlər səsləndirilir və onların Hippokratı belə, kölgədə qoyan savadlarından dəm vurulur. İxtisasca neyrocərrah olan Dr. Abbasov Ramazan xəstəxananın rəsmi saytında bu cür təqdim edilir:
“Naxçıvan Mərkəzi Xəstəxanasının həkimi Dr. Abbasov Ramazan 01.08.1997-cı ildən Naxçıvan Mərkəzi Xəstəxanasında Neyrocərrahiyyə Şöbəsində Həkim Neyrocərrrah vəzifəsində çalışır. Dr. Abbasov Ramazan Baş Həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışır. Dr. Abbasov Ramazan öz ixtisası üzrə müayinə və müalicələrdə həmişə xəstəxana rəhbərliyi tərəfindən təqdirə layiq görülmüşdür. Həkim gülərüzlüyü və səmimiliyi ilə yanaşı savadlı olması və müayinələrindəki uğur faizi ilə xəstələrin rəğbətini qazanmışdır”.
Dr. Türkan İsmayılova da bacarıq və savadda Ramazan Abbasovdan geri qalmırmış:
“Naxçıvan Mərkəzi Xəstəxanasının həkimi Dr. İsmayılova Türkan 05.03.2015-ci ildən Naxçıvan Mərkəzi Xəstəxanasında Reabilitasiya Şöbəsində Həkim Reabilitoloq vəzifəsində çalışır. Dr. İsmayılova Türkan Baş Həkimin İcbari Tibbi Siğorta və Ekspertiza üzrə müavini vəzifəsində çalışır. Dr. İsmayılova Türkan öz ixtisası üzrə müayinə və müalicələrdə həmişə xəstəxana rəhbərliyi tərəfindən təqdirə layiq görülmüşdür. Həkim gülərüzlüyü və səmimiliyi ilə yanaşı savadlı olması və müayinələrindəki uğur faizi ilə xəstələrin rəğbətini qazanmışdır”.
Xəstəxananın Həmkarlar İttifaqının sədri və Qəbul şöbəsinin müdiri Ramidə Bağırova barədə isə saytda hər hansı informasiyaya rast gəlinmir. Halbuki saytda onun barəsində də səhifə açılıb amma həmin səhifəyə girmək mümkün deyil. Görünür, Ramidə xanım attestasiya imtahanında uğradığı fiaskodan sonra vicdanının səsinə qulaq asaraq, barəsində yazılmış xoş sözləri həmin səhifədən sildirməyin yolunu tapıb və özünü tənqid hədəfindən yayındırmağa çalışıb.
Fakt: https://www.nmrxestexanasi.az/hekim/dr-bagirova-ramide/
Naxçıvan MR Səhiyyə Nazirliyindəki qaynağımızın məlumatına görə, MR Respublika xəstəxanası bu biabırçı faktı ört-basdır etmək üçün xüsusilə Ramazan Abbasovun bəxtinə çıxan sualların səhv qoyulduğunu bəhanə gətirib onun üçün yenidən imtahan keçirməyə çalışır.
Maraqlıdır ki, Muxtar Respublika xəstəxanasının ən zəif nəticə göstərən işçiləri məhz rəhbər kadrlar olub. Sadə həkimlər isə pis-yaxşı çullarını sudan çıxara biliblər.
Niyazi Novruzov Vasif Talıbovu, Vasif Talıbov isə Prezidenti aldadıb?
Rəyini öyrəndiyimiz həkimlərin bildirdiyinə görə, rəhbər kadrların bu dəfə bəxtinin gətirməməsinin səbəbi imtahanın DİM tərəfindən keçirilməsi olub. Bu zamanadək attesasiya imtahanları Səhiyyə Nazirliyi tərəfindən keçirildiyindən bu adamlar Naxçıvan Səhiyyə naziri Niyazi Hüseynqulu oğlu Novruzovu qılığına girib imtahanın suallarını evdə, çay içə-içə cavablandırırdılar. Bu dəfə isə DİM onlardan qapalı məkanda imtahan götürüb. Nəticədə isə sözün əsl mənasında fiasko ortaya çıxıb.
Qeyd edək ki, Naxçıvanın bu “savadlı” həkimlər kollektivinə rəhbərlik edən MR Səhiyyə naziri Niyazi Hüseynqulu oğlu Novruzov “Tərəqqi” medalı laureatıdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin 23 İyun 2016-cı ildə imzaladığı Sərəncamla bu mükafata layiq görülüb. Sözsüz ki, Prezident bu Sərəncamı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun təqdimatı əsasında imzalayıb. Sərəncamda qeyd olunurdu ki, Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov “Tərəqqi” medalı ilə təltif edilsin. Bu yaxınlarda Muxtar Respublika xəstəxanasında keçirilən attestasiya imtahanının nəticələri isə kiçik torpaqda səhiyyənin inkişafından danışmağa imkan vermir. Bu mənada sözügedən attestasiya imtahanı həm də Vasif Talıbovun Prezidenti aldatmasının ən bariz sübutu kimi önəm daşıyır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar