Hər bir rəngin insan psixologiyasına həm mənfi, həm də müsbət təsirləri var. Araşdırmalar nəticəsində şagirdlərin məktəbdəki nəticələrinin rəng dəyişiklikləri ilə arta biləcəyi, hətta davranış pozğunluğu olan bəzi uşaqların otaqlarını müxtəlif rənglərə boyadıqda düzələ biləcəyi də müəyyən edilib.
Publika.az Kanada alimlərinin araşdırmalarına əsasən, rənglərin mənalarını və insan psixologiyasına təsirlərini təqdim edir:
MAVİ - Yalnızlıq, kədər, depressiya, müdriklik və sədaqətin simvoludur. Nevroloji klinikalarda mavi rəngdən, xüsusilə tünd mavi rəngdən istifadə etməmək məsləhət görülür. İş görüşmələrinə gedərkən mavi rəngdə kostyum geyinmək özünə inamı ifadə edir. Əgər işə qəbul olmaq istəyirsinizsə, geyiminizdə mavi rəngə üstünlük verin. Mavi rəngin mənfi cəhəti isə onun soyuq rəng olması, insanlarda qorxu hissi yaratmasıdır.
QIRMIZI - Rəng spektrinin ən əsas 2 rəngindən biridir. Digər rənglər arasında tez seçildiyi üçün ən diqqətçəkici rəng hesab olunur. Bütün nəzərləri üzərinə cəlb edən qırmızı sevgi, ehtiras, qəzəb kimi duyğularla əlaqələndirilir. Qırmızı gücün simvolu hesab olunur. Bu rəng sayəsində insan ən çətin işin belə öhdəsindən gələ biləcəyinə inanar, özünü motivasiya etməyi bacarar. Qırmızı rəngə üstünlük verənlərin şəxsiyyət analizlərində bu insanların güc və liderliyə meyilli olduqları məlum olub.
SARI - Gözləri ən çox yoran rəngdir. Otağı açıq sarı rəngə boyasanız, bu, körpələrin çox ağlamasına, böyüklərin isə əsəbiləşməsinə səbəb ola bilər. Zarafatcıllığın və səmimiliyin simvolu hesab olunan bu rəng, eyni zamanda rahat həyat və azadlıq duyğularını formalaşdırır. Sarı beynin sol hissəsi, yəni məntiqi tərəfi ilə asanlıqla rezonans yarada bildiyi üçün ağlın və zəkanın rəngi kimi tanınır. Yaradıcı insanlara yeni ideyaların yaranması üçün ilham verir. Sarı canlandırıcı, ümidverici və xoşbəxt hisslərlə əlaqəli olduğu üçün insanların aurasını yaxşılaşdıran, əyləncə və sevinc bəxş edən rəng kimi tanınır. Lakin çox canlı və tünd sarı stressli insanlarda narahatlıq, əsəbilik, emosional həssaslıq yarada bilər.
YAŞIL - Gənclik, ümid və hüzurun simvolu hesab olunur. Yaşıl, gözlər üçün ən rahat rəngdir və görmə qabiliyyətini yaxşılaşdırır. Sakitləşdiricidir və sinir sisteminə müsbət təsirləri var. Yaşıl rəng harmoniya, şəfa, özünə inam və sabitliklə əlaqələndirilir. Bundan əlavə, çox yaşıl rəngə məruz qalmanın qısqanclıq, tamah, paxıllıq və eqoizm kimi duyğuları ortaya çıxara biləcəyi düşünülür.
AĞ - Saflığı, təmizliyi və məsumiyyəti təmsil edir. Ağ rəng minimalist və sadə görüntü yaratmağa kömək edir. İnsana Sakitləşdirici bir hiss verdiyinə görə, bir çox məkanlarda rahatlıqla istifafə oluna bilər.
QARA - Bir tərəfdən mənfi - cinayət, pislik, ölüm, kədərlə, digər tərəfdən sədaqət, əzm, dözümlülük, müdriklik və etibarlılıq ilə əlaqələndirilir. Gündəlik həyatda qara rəngdə geyim, bəzək, aksesuar və avtomobil istifadə etmək güc, lüks, zərifliyi iş həyatında isə peşəkarlıq, qərəzsizlik, cəsarət və sadəliyi təmsil edir. Bəzi mədəniyyətlərdə qara rəng matəm və ya kədər mənasını verir.
ÇƏHRAYI - Romantik və zərif bir rəngdir. Sakitləşdirici təsiri var. Çəhrayı sağlamlıq, xoşbəxtlik, şirinlik və şəfqətin simvoludur. Çəhrayı rəngin mənfi cəhəti isə təcrübəsizliyi və zəifliyi təmsil etməsidir.
Türkan Camal
Publika.az
Paylaş: