Xəbər lenti

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo və paracüdo yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk olaraq 9 çəki dərəcəsində mükafatçılar bəlli olacaq. 

Kişilərin mübarizəsində 60, 66 və 73 kq, qadınlarda 48, 52, 57 və 60 kq, paracüdoda isə qadınlar 57 və 70 kq çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəklər. 

Kişilər

60 kq

Bu çəki dərəcəsində yarışan Orxan Səfərov mübarizəyə 1/4 finaldan başlayıb. Cüdoçumuzun ilk rəqibi Ali Xosrof (Yəmən) olub. Səfərov 48 saniyəyə qələbə qazanıb. O, yarımfinalda qırğızıstanlı Otar Bestayevlə mübarizə aparıb. Səfərov rəqibinə şans verməyib. Təmsilçimiz finalda Bəkir Özlü (Türkiyə) ilə münasibətinə aydınlıq gətirib. O, döyüşə heç də yaxşı başlamayıb. Lakin hesabda geridə olmasına baxmayaraq, son anda toparlanıb çempion tituluna yiyələnib. 

66 kq

Nicat Şıxəlizadə də yarışa 1/4 finalla start verib. Avropa çempionatının bürünc mükafatçısı Eisa Macraşidən (Səudiyyə Ərəbistanı) üstün olub. Həmyerlimiz yarımfinalda Əlireza Xojastehlə (İran) münasibətinə aydınlıq gətirib. Şıxəlizadə bu qarşılaşmanı da xeyrinə bitirib. O, finalda əlcəzairli Houd Zourdani ilə güləşəcək.

73 kq

Avropa çempionu Hidayət Heydərov 1/8 finalda toqolu Frederik Adebayo Olimpionu sınağa çəkib. Həmyerlimiz rəqibini 68 saniyəyə ippona salıb. O, ikinci cəhdində Bekadil Şaymerdenovla (Qazaxıstan) güləşib. Bu rəqib də Heydərova qalib gələ bilməyib. Onun ardınca Qiyosjon Boboyevi (Özbəkistan) də məğlub edən təmsilçimiz mübarizəni finalda davam etdirəcək. 

Bu çəkidə ölkəmizi təmsil edən Olimpiya Oyunlarının bürünc mükafatçısı Rüstəm Orucov da İslamiadaya qələbə ilə başlayıb. O, 1/8 finalda Behrusi Xocazadəni (Tacikistan) mübarizədən kənarlaşdırıb. Orucov yarımfinala gedən yolda iordaniyalı Yunis Odatı da ipponla məğlub edib. O növbəti deulində türkiyəli Həsən Vanlıoğlunu sınağa çəkib. Rüstəm bu dəfə rəqibindən güclü olduğunu sübut edib.

Nəticədə finalda Azərbaycan dueli olacaq. Heydərov Rüstəmovla qarşılaşacaq.

 

Qadınlar

48 kq

Bu çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı yarışa yarımfinaldan başlayıb. O, ilk cəhdində iordaniyalı Ayah Kitaneyə heç bir şans verməyib.

Digər təmsilçimiz Erdenebat Bazarraqça isə qazaxıstanlı Səltənət Sultanbekova və mərakeşli Vafai Şofre İdrissi ilə birlikdə dairəvi sistemlə ikinci finalçının adına aydınlıq gətirib. Hər iki rəqibi üzərində qələbə qazanan Bazarraqça finala adlayıb. Onun həlledici görüşdəki rəqibi Aişə Qurbanlı olub. Gərgin keçən döyüş monqol əsilli idmançının qələbəsi ilə yekunlaşıb. Nəticədə Bazarraqça cüdo yığmamıza ilk qızıl, Qurbanlı ilk gümüş medalı qazandırıb. 

52 kq

Nəzakət Əzizova yarışa 1/4 finalla start verib. O, ilk olaraq qabonlu Ester Korine Evala Bondime ilə mübarizə aparıb. Həmyerlimiz cəmi 49 saniyəyə qələbə qazanıb. Əzizova finala gedən yolda özbəkistanlı Diyora Keldiyorova ilə qüvvəsini yoxlayıb və mərhələ adlayıb. O, finalda türkiyəli İrəm Qorxmazla qarşılaşacaq. 

57 kq

Yığmamızın yeni legioneri Munxtsedev İçinxorlu 1/8 finalda iordaniyalı Hadel Elalmi ilə görüşüb. Təmsilçimiz mərhələ keçməkdə çətinlik çəkməyib. O, 1/4 finalda Ratiba Tariket (Əlcəzair) ilə güləşib və ipponla uduzub. Buna baxmayaraq, o, medal şansını davam etdirir. İçinxorlu təsəlli görüşündə Amangül Allanazarovanı (Özbəkistan) üstələyərək, bürünc medal uğrunda Fil Dişi Sahilidən olan Züleyxa Dabonne ilə görüşəcək.

Kifayət Qasımovanın da ilk cəhdi 1/8 finala təsadüf edib. Mərakeşli Yusra El Buhariyə ipponla qalib gələn cüdoçumuz ardınca qığızıstanlı Kseniya Beldiaginanı da vaxtından əvvəl məğlub edib. O, yarımfinalda Züleyxa Dabonne (Fil Dişi Sahili) ilə gücünü yoxlayıb və yenə tatamini qalib kimi tərk edib. Qasımovanın finaldakı rəqibi digər cüdoçumuz Munxtsedev İçinxorlunu 1/4 finalda məğlub edən Ratiba Tariket olacaq.

63 kq

Xanım Hüseynovanın ilk rəqibi türkmənistanlı Ayna Cumaquliyeva olub. Təmsilçimiz ipponla mərhələ adlayıb. O, yarımfinalda Məryəm Bjaoui (Tunis) ilə qarşılaşıb. Bu rəqibini də mübarizədən kənarlaşdıran Hüseynova finalda türkiyəli Busra Katipoğlu ilə üz-üzə gələcək.

Qeyd edək ki, cüdo yarışları mayın 13-16-da Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 3 905          Tarix: 13-05-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma