Xəbər lenti

BMT Baş Assambleyasının (BA) 80-ci yubiley sessiyası başa çatıb. Başqa tədbirlərdə olduğu kimi, builki sessiyadan öncə də dünya münaqişəli olub.

Ötən bir il ərzində İsrail və ABŞ İrana hücum edib. Bu həbi əməliyyat 12 gün sürüb. ABŞ Prezidenti Donald Tramp dörd il fasilədən sonra yenidən dövlət başçısı seçilib.

Rusiya-Ukrayna, HƏMAS-İsrail, husi-İsrail, Avropa İttifaqı-Rusiya, NATO-Rusiya, İsrail-Suriya, Hindistan-Pakistan və başqa çoxillik münaqişələr həll edilməyib, habelə Əfqanıstanda "Taliban" hökuməti beynəlxalq ictimaiyyət tərəfindən de-yure tanınmayıb.

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT Baş Assambeyasının yeni sədri olub. O, təşkilatın 80 illik tarixində bu vəzifəni icra edən beşinci qadındır. BMT Baş Assambleyasının sədri vəzifəsində ilk qadın 1953-cü ildə Hindistandan olan Vicaya Lakşmi Pandit idi. 1969-cu ildə Liberiyadən olan Anci Bruks BMT BA-nın sədri vəzifəsinə seçilib. 2006-cı ildə - Anci Bruksdan 37 il sonra 61-ci Baş Assambleya sessiyasının sədri yenidən qadın olub - Bəhreynli Hayya Raşed Əl Xəlifə. Baş Assambleyanın 73-cü sessiyasının sədri isə Ekvadordan olan Mariya Fernandes Espinosa Qarses seçilib.

BA-nın yeni, beşinci sədri Annalena Berbokun rəhbərliyi ilə builki siyasi müzakirələrin mövzusu belə olub – "Birlikdə işləmək: Sülh, inkişaf və insan hüquqları naminə 80 illik birgə iş və irəliləyiş yolu". Sessiyada münaqişədə olan dövlətlərin liderləri, rəsmilərinin məruzələrində vəziyyətdən çıxış yolu ilə bağlı tərəfləri qane edən təkliflər irəli sürülməyib. Hər bir nitq 15 dəqiqə müəyyənləşdirilmişdi. Ancaq bəzi hallarda bu reqlamentə əməl edilməyib. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışının 6-cı dəqiqəsində mikrofon söndürülüb. Sonradan bildirilib ki, reqlamentdən çox olduğu üçün mikrofon avtomatik bağlanıb.

ABŞ Prezidenti Donald Tramp isə 57 dəqiqə çıxış edib. Onun nitqi "mən etdim" ifadəsi ilə seçilib: "Mən yeddi müharibəni başa vurdum və hər biri saysız-hesabsız - minlərlə insanı öldürərək şiddətlə davam edirdi. Bu ölkələr arasında Kamboca və Tailand, Kosovo və Serbiya, amansız, rəhmsiz müharibə aparan Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan var. Onların hamısı müharibələr aparırdılar. Heç bir prezident və ya baş nazir, ümumiyyətlə heç bir ölkə heç vaxt belə bir şey etməmişdi. Və mən bunu cəmi yeddi ay ərzində etdim. Belə bir şey heç olmamışdı. Heç vaxt belə bir şey baş verməmişdi. Mənim üçün bunu etmək böyük şərəfdir. Təəssüf ki, bu işlə Birləşmiş Millətlər Təşkilatı əvəzinə mənim məşğul olmağım lazım gəldi. Təəssüf ki, bütün hallarda, onların heç birində Birləşmiş Millətlər Təşkilatı hətta kömək etməyə cəhd etmədi".

Tramp oxşar emosiya ilə İranın nüvə proqramı haqqında da çıxış edib: "Birinci prezidentliyim dövründə olduğu kimi, İrandan başlayaraq bu təhdidlərin qarşısını almağı əsas prioritetlərdən birinə çevirdim. Mənim mövqeyim son dərəcə sadədir; dünyanın bir nömrəli terror sponsorunun ən təhlükəli silaha malik olmasına icazə vermək olmaz. Məhz bu səbəbdən vəzifəyə seçildikdən dərhal sonra belə adlandırılan ali rəhbərə səxavətli təkliflə məktub göndərdim. İranın nüvə proqramının dayandırılması müqabilində tam əməkdaşlıq vəd etdim. Rejimin cavabı qonşulara və ABŞ-nin bütün regiondakı maraqlarına, həmçinin bəzi böyük yaxın ölkələrə davamlı təhdidlərini davam etdirməsi oldu".

"Mən etdim" kimi ifadəsi Donald Trampın başqa mövzularla bağlı nitqində də diqqətçəkici olub.

İran Prezidenti Məsud Pezeşkianın çıxışında isə ABŞ və İsrailin tənqidi, Qəzza zolağında humanitar fəlakət və s. məsələlərin vurğulanması Tehran hakimiyyəti üçün ənənəvi mövzulardan olub. Bu baxımdan, onun çıxışında elə cəlbedicilik hiss olunmurdu.

Ancaq Məsud Pezeşkianın İsa Peyğəmbərdən, müdrik Hilleldən (Hillel Babilistanlı və ya Hillel ha-Zaken, e.ə. 75-ci il Babilistan, İkinci Məbəd dövrünün ən əhəmiyyətli qanun öyrədənlərindən biri, onun adı ilə "Bet-Hillel" (Hillel evi) adlanan farisey məktəbinin təsisçisi) nümunələr göstərməklə yadda qalıb.

İsrailin Baş naziri Binyamin Netaniyahunun çıxışında da ənənəvi istiqamətlər tənqid olunub. O, ötən bir il ərzində həyata keçirdikləri əməliyyatlardan da bəhs edib: "Son bir il ərzində Tehranla əlaqəli qruplara - Qəzzada HƏMAS-dan və Livanda "Hizbullah"dan tutmuş Yəməndəki husilərə və Suriyada Bəşşar Əsədin hakim rejiminə qədər sarsıdıcı zərbə endirmişik".

O, daha sonra vurğulayıb: "Biz İranın nüvə silahı və ballistik raket proqramını dağıtdıq... İsrail üçün mövcudluq təhdidi təşkil edən şeyi məhv etdik".

Fələstin dövlətinin tanınmasına da onun yanaşması fərqli olub: "Fələstinlilər heç vaxt iki dövlət həllinə inanmayıblar. Onlar İsrailin yanında deyil, İsraillə bir yerdə dövlət istəyirlər". Baş nazir əlavə edib ki, Knessetin 120 deputatından 99-u İsrailə Fələstin dövlətinin sırındığına, yaxud onun müstəqilliyi əleyhinə səs verib.

Fələstin dövlətinin başçısı Mahmud Abbas isə beynəlxalq ictimaiyyətin onlar qarşısında irəli sürdükləri şərtə BMT kürsüsündən cavab verərək bildirib ki, HƏMAS Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq. M.Abbas deyib ki, İsraillə-HƏMAS arasında atəşkəsdən bir il sonra Fələstində prezident və parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, ölkədə sonuncu parlament seçkiləri 2005-ci ildə keçirilib.

Abbas hakimiyyətin təhvil verilməsini təmin etmək üçün üç ay ərzində müvəqqəti konstitusiya layihəsinin hazırlanacağını da açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal münaqişələrdən danışmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı ilə bağlı məsələni də vurğulayıb: "Biz Mərkəzi Asiyadakı qardaş ölkələrimizdə sülhə, sabitliyə və rifaha böyük əhəmiyyət veririk. Bura əcdadlarımızın vətənidir. Türk Dövlətləri Təşkilatı irəli gedir. Biz sadəcə regional oyunçu olmaqdan daha uzağa gedəcəyik".

Bununla da Türkiyə lideri TDT-nin BMT səviyyəsində tanınmasına, habelə ona təşkilatda status verilməsinə də işarə edib.

Yubiley sessiyasında Suriya prezidenti Əhməd əş-Şaraanın iştirakı və çıxışı özü-özlüyündə toplantının tarixinə düşəcək hadisədir. Çünki illər əvvəl terrorçu kimi tanına bir siyasətçinin BMT tribunasında alqışlanması siyasətdə daimi heç nəyin olmadığının yenidən təsdiqidir. O, həm də təxminən 58 ildən sonra BMT Baş Assambleyasında çıxış edən ilk suriyalı lider olub. Ə. əş-Şaraa Suriya xalqını dəstəkləyən və onu öz ölkələrində qəbul edən hər kəsə təşəkkürünü bildirib: "Mən xüsusilə Türkiyəyə, Qətərə, Səudiyyə Ərəbistanı Krallığına, bütün ərəb və islam ölkələrinə, ABŞ-yə və Avropa İttifaqına təşəkkürümü bildirirəm".

Bu, həm də sadalanan ölkələrin onun hakimiyyətini dəstəkləməsi deməkdir. Əhməd əş-Şaraa beynəlxalq ictimaiyyəti Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. O, ölkəsinin üzləşdiyi problemlərdən, itkilərdən danışaraq Suriyanı tərk etməyə məcbur olanlar üçün geriqayıdış yolunun açıq olduğunu vurğulayıb.

Əhməd əş-Şaraanın çıxışındakı bu məqamı Suriya dövlətinə və xalqına qarşı cinayətlərdə əli olmayanlara müəyyən mənada əfv də saymaq olar.

Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyadakı çıxışında Xəzər dənizi ilə bağlı çağırışı isə həyəcan təbili, rəsmi Bakının ətraf mühitə, ekoloji vəziyyətə həssaslığının göstəricisi saymaq olar: "2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır".

Pakistanın Baş naziri Şahbaz Şərifin Hindistan hökumətinə cəsarətli təkliflə çağırışı da yaddaqalan açıqlamalardandır: "Pakistan Hindistanla bütün həll olunmamış məsələlər üzrə hərtərəfli, geniş və nəticəyönlü dialoqa hazırdır".

Sessiyada Əfqanıstandakı problemlər ayrı-ayrı dövlətlər tərəfindən bəyan edilsə də, rəsmi Kabulun təmsil olunmaması bu ölkədə problemlərin hələ də qaldığını bir daha isbatladı.

BMT-də islahat, Təhlükəsizlik Şurası tərkibinin genişlənməsi, Fələstin məsələsi, İranın nüvə proqramı, Qəzza zolağında humanitar böhran, Rusiya-Ukrayna müharibəsi, ekoloji vəziyyət və başqa bu kimi ənənəvi məsələlərdən də bəhs edilib.

Bu gün bir sıra tənqidlərə baxmayaraq, BMT bütün dövlətlər üçün başlıca toplaşma, problemləri açıqlama məkanı olaraq qalır. Bu, fakt özünü bir daha təsdiqlədi.

Sədrəddin İsmayılov

Report.az




Ana səhifəyə qayıt        Baxış: 5 013          Tarix: Bu gün, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma