
Ermənistan parlamentinin spikeri Alen Simonyan 44 günlük müharibə ilə bağlı komissiyanın hesabatını Milli Assambleyanın sentyabrın 30-da başlayacaq sessiyasının gündəliyinə salmaqdan imtina edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Joxovurd" qəzeti məlumat verib.
Qəzetin yazdığına görə, Simonyan imtinasını onunla izah edib ki, komissiyanın işinin nəticələrinin dərci üçün qanunla nəzərdə tutulan bütün müddətlər keçib və Milli Assambleyanın reqlamentinə görə, onun sənədi sessiyanın gündəliyinə daxil etmək hüququ yoxdur.
Simonyanın bu qərarı fraksiya daxilində qızğın müzakirələrə səbəb olub və müdafiə komissiyasının sədri Andranik Koçaryanı qəzəbləndirib. Koçaryan bəyan edib ki, spikerin belə bir qərar qəbul etmək hüququ yoxdur, lakin Simonyan öz fikrində qalıb. Qəzetin yazdığına görə, məsələnin necə həll olunacağı hələ məlum deyil.
Komissiya hakim çoxluğun (Vətəndaş Sazişi fraksiyası) təşəbbüsü ilə 2022-ci ilin fevralında yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində deputatlar 2020-ci il müharibəsindən əvvəl və müharibə zamanı ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyanı iclaslarına dəvət edirdilər.
Paylaş: