Xəbər lenti

 

Xanbaba Daşdı: “Mən tək bunun öhdəsindən gələ bilmirəm”
Cari mövsümdə Region Liqasında debüt edən və iddialı olacağı gözlənilən Quba “Şahdağ”ının prezidenti Xanbaba Daşdı tutduğu postdan istefa verib. Yayılan xəbərə aydınlıq gətirmək üçün Xanbaba bəyi aradıq və məlum oldu ki, xəbər həqiqəti əks etdirir. Quba təmsilçisinin sabiq prezidenti bizimlə söhbətdə istefasının səbəbini açıqladı.
- Komanda artıq 3-cü aydı bir yerdədi. Sentyabrın 1-dən təlim-məşq toplanışına start vermişik. Region Liqasında iki tur geridə qalıb. “Uğur”la matçdan sonra qərara gəldim ki, prezidentlikdən gedim. Səbəb isə maliyyə məsələsidi. Mən bu yola çıxanda düşünürdüm ki, ilk vaxtlar klubun xərclərinin müəyyən hissəsini qarşılaya bilərəm. Fikirləşmişdim ki, vaxt ötdükcə yerli iş adamları ilə danışıqlar aparıb sponsorluq müqaviləsi imzalayacağıq. Rayonun İcra Hakimiyyəti tərəfindən də dəstək görəcəyimə ümid bəsləyirdim. Ancaq bunların heç biri olmadı. Təsəvvür edin ki, danışıq apardığımız sponsorlar 200-300 manat verə biləcəklərini deyirlər və bunun da qarşılığında şirkətlərinin adlarının komandanın formasında qeyd olunmasını istəyirlər. Belə sponsorluq anlaşması olar? 200-300 manat nədi ki, mən buna görə onlara minnətçi düşüm və hətta formalarda şirkətlərin adlarını yazım?
- Bu günə kimə komandaya nə qədər pul xərcləmisiz?
- Sentyabrdan bu yana komandaya təxminən 12-13 min manat vəsait sərf etmişəm. Ondan da 2-3 mini dostların bizə yardımıdı. Qalanı isə öz cibimdən gedib. Çempionat hələ yeni start götürüb, görürəm ki, bu gedişlə heç nəyə nail ola bilməyəcəyik. İstəmirəm ki, mənim prezidenti olduğum klub hər oyunda qapısında 5-6 qol görsün. Ona görə də istefa verməyi lazım bildim.
- Bu gün “Şahdağ”ın Region Liqasında iddialılar arasında yer alması üçün ayda nə qədər maliyyə tələb olunur?
- Hər oyuna minimum 1000 manat xərcimiz çıxır. Bura yol, futbolçuların məskunlaşması və qidalanması aiddi. Bildiyiniz kimi, komandanın futbolçularının yarıdan çoxu Qubadan kənarda yaşayır. Onlar üçün Quba Olimpiya Kompleksi ilə üzbəüz olan ikimərtəbəli, hər cür şəraiti olan ev tutmuşdum. Komanda üzvləri gündə üç dəfə yeməklə təmin olunurlar. Bundan başqa, əməkhaqqı fondunu da nəzərə almaq lazımdı. Komanda üzvləri 150-200 manat aralığında maaş alırlar. Bunu da nəzərə alsaq, ortalama 3000-3500 manat da əməkhaqqıya lazımdı. Liqanın oyunlarını keçirmək üçün Qubada stadion olmadığından Şirvanovka və “ASCO Arena”nın xidmətindən yararlanırıq. İcarəyə götürmək üçün Şirvanovka stadionuna 200, Bayıldakı arenaya isə hər oyun üçün 400 manat ödəyirik. Bakıya səfər üçün yol xərcini də üstünə gələndə, bu məbləğ 750-800 manat edir. Ümumilikdə aylıq xərc 10 min manat edir. Mən tək bunun öhdəsindən gələ bilmirəm. Yenə deyirəm, komandanı yaradanda bu çətinliyi göz önünə almışdım. Ancaq düşünürdüm ki, yenidən futbol ailəsinə qovuşan Qubanın iş adamları mənə bu işdə kömək edəcəklər. Lakin bunun heç birini görmədim.
- Çempionat ərəfəsində Qubanın icra başçısı ilə görüşmüşdüz. Həmin vaxt qəzetimizə müsahibənizdə İcra Hakimiyyətinin də komandaya dəstək verəcəyini bildirmişdiz...
- Rayonun icra başçısı Ziyəddin Əliyevlə bir dəfə görüşdüm və bildirdi ki, lazımi kömək olunacaq. Vəziyyətin ağırlaşdığını görüb yenidən başçının qəbuluna yollandım. Həmin günlərdə rayonda “alma bayramı” keçirildiyindən başçının qonaqları olduğu üçün görüşümüz baş tutmadı və belədə birinci müavin Allahverdi Xudaverdiyevə durumu izah etdim. O da 400 manat kömək edə biləcəklərini söyləməklə yanaşı, Qubadakı “Şahdağ” otelinin komandanın sponsoru olacağını bildirdi. İcra Hakimiyyətinin ayrıdığı 400 manatla komandanı saxlamaq mümkün deyil. O ki qaldı otel rəhbərliyinə, ora da yollandım. Otelin rəhbəri həmin vaxt Ukraynada idi. Telefonla danışıb məsələ ilə bağlı məlumat verdim. İcra Hakimiyyətindən mənə deyilənləri onun nəzərinə çatdırdım. Bilirsiz, mənə nə dedi? Otelin müdiri artıq futbola yardım etdiklərini söylədi. Məlum oldu ki, “Şahdağ” oteli “Quba” klubunun aşağı yaş qruplarına müəyyən qədər pul ayırır. Onu da deyim ki, adını çəkdiyim klubun iki yaş qrupu AFFA-nın bayrağı altında keçirilən çempionatda iştirak edir və paytaxt zonasında mübarizə aparır. Hər iki komandanı AFFA-nın maliyyələşdirdiyini otel rəhbərliyinin diqqətinə çatdırdım. Buna görə də “Quba”nın aşağı yaş qruplarının sponsor maliyyəsinə ehtiyacı olmadığını vurğuladım. Quba üçün “Şahdağ”ın daha vacib olduğunu bildirdim. Ancaq söylədiklərim bir nəticə vermədi. İcra Hakimiyyətindən də dəstək görmədim. Region Liqasında ilk görüşə çıxmamışdan öncə Allahverdi müəllimlə yenidən görüşdüm. Ondan mövsümün açılış oyununu yaddaqalan etmək, azarkeşləri stadiona gətirmək üçün müəyyən qədər maliyyə ayırmasını istədim. Həmin vəsaitlə kiçik konsert proqramı təşkil etmək istəyirdik. Müraciətim yenə cavabsız qaldı.
- Bəs komandanın gələcək aqibəti necə olacaq, AFFA-dan nə deyirlər?
- Bu söz-söhbət dünən (srağagün) ortaya çıxıb. AFFA-dan Region Liqasının işçi qrupunun üzvü Yusif Vəliyev mənimlə əlaqə saxladı. Ona da vəziyyəti başa saldım. Məni bu addımı atmağa vadar edən ikinci səbəb “Uğur”la oyunda yaşanan hakim özbaşınalığı oldu. Sumqayıt komandası ilə matç bizim üçün prinsipial xarakter daşıyırdı. Lakin hakim qarşılaşmaya “möhürünü vurdu”. Deyirlər ki, komanda 0:4 uduzub və böyükhesablı məğlubiyyətdə ədalət təmsilçisinin rolu ola bilməz. Mən də hardasa bu fikirlə razıyam. Lakin ilk hissədə olmayan cərimələri təyin edən referi rəqibin ilk qolu vurması üçün əlindən gələni etdi. Bəzən belə görüşlərdə 90 dəqiqənin taleyini bir qol həll edir. Haqsızlıqla üzləşəndə futbolçu da həvəsdən düşür. Qonaqlar fərqlənənə qədər meydanda başabaş mübarizə gedirdi. Hesabı biz açsaydıq, bəlkə də yekun nəticə fərqli ola bilərdi. “Uğur”la görüşdə yaşananları Yusif müəllimin də diqqətinə çatdırdım. Bu qədər haqsızlıq olmaz.
- Ancaq komandanın gələcək taleyinə toxunmadız. Konkret deyin, Quba “Şahdağ”ı Region Liqasında fəaliyyətini davam etdirəcək, yoxsa komanda dağılır?
- Böyük ehtimalla kənardan dəvət etdiyimiz futbolçular düşərgədən ayrılacaq. Mən özüm də prezident postundan getsəm də, çalışacam Qubanın adına görə komanda liqada çıxışını davam etdirsin. Hazırda düşərgədə 7-8 qubalı futbolçu var. Çətin olsa da, komandanın yaşamasına çalışacağıq. Bu günə kimi futbolçuların heç birinə bir qəpik də olsun, maaş ödəməmişəm. Arada kiməsə hansısa problemini həll etmək üçün 100-200 manat verilib.
- Bəs İbrahim Uzuncanın aqibəti necə olacaq? Türk mütəxəssis də komandadan ayrılıb?
- Yox, o hələ ki “Şahdağ”ın “sükanı arxasındadı”. Böyük ehtimalla ən azı qışa qədər işini davam etdirəcək. Çalışacam heç olmasa, onun maaşını vaxtında verim. Baş məşqçinin problemlərindən də xəbərim var. Ona görə istəmərəm ki, o pulsuz qalsın. Uzuncanı Qubaya mən dəvət etmişəmsə, verdiyim sözü tutmağa çalışacam.
- Belə başa düşmək olar ki, yenidən agent kimi çalışacaqsız.
- Başqa əlimdən nə gəlir ki?! Agent kimi futboldan qazandığım pulu elə futbola yatızdırıb klub yaratmaq, sponsorlar tapıb iddialı komanda formalaşdırmaq istəyirdim. Bundan sonra “Şahdağ” olacaq, ancaq noyabrın 4-dən sonra komandanın adı çəkiləndə iddialı sözü deyilməyəcək. O ki qaldı klub prezidentinin kim olacağına, hələ ki bu yöndə dəqiq nəsə yoxdu. Yaxın dostlardan biri komandaya rəhbərlik edə bilər. Yəqin ki, yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək.\\Football-plus




Ana səhifəyə qayıt        Baxış: 53          Tarix: 9-11-2019, 23:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent