Azərbaycanın “Qarabağ” futbol klubu İslandiya millisinin qapıçısı Hannes Tour Halldorssonu transfer edib. Strateq.az-ın verdiyi xəbərə görə, bu barədə iyulun 4-də klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda 34 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalandığı bildirilir. Artıq onun, klubun Avstriyada davam edən təlim-məşq toplanışına yollandığı bildirilir.
Halldorsson karyerasına 2009-cu ildə İslandiyanın “Fram” klubunda başlayıb. Sonra isə “KR” (İslandiya), “Brann” (Norveç), “Sandnes” (Norveç), NEK (Hollandiya), “Bodo/Qlimt” (Norveç) klublarında oynayıb. Son klubu Danimarkanın “Randers” komandası olub.
Hannes 2012-ci ildən İslandiya millisinin şərəfini qoruyub və 52 oyuna çıxıb, Avropa və Dünya çempionatlarının final mərhələsində oynayıb. Onu da qeyd edək ki, bu il Rusiyada keçirilən dünya çempionatında, Hannes Argentina millisi ilə görüşdə Lionel Messinin penal zərbəsini qaytarmaqla yadda qalıb.
Paylaş: