Xəbər lenti

 

Canın sağlam deyilsə, dünyanın ən zəngin insanı olsan belə, özünü xoşbəxt hiss edə bilməzsən. Sağlam insan isə ən kasıb vəziyyətdə belə özünü xoşbəxt hiss görür, həyat eşqinylə dolub daşır. Bu məntiqdən çıxış etsək, “hər canlının, o cümlədən insanın ən təməl zənginliyi sağlamlığıdır” düşüncəsi ortaya çıxır.

Dövlətlər canlı varlıq olduğundan onların da həyata keçirdikləri ən ümdə siyasətlərdən biri sağlamlıq strategiyasıdır. Təsadüfi deyil ki, qardaş Türkiyə yeni qurulanda yaratdığı ilk dövlət strukturu məhz Səhiyyə Nazirliyi olmuşdu. Məlumatlara görə, Atatürk hətta Türkiyə Respublikasını elan etməmişdən əvvəl, Türkiyə Böyük Millət Məclisinin açılışından on gün sonra, 3 May 1920-ci tarixində bu nazirliyin yaradılmasına qərar vermişdi. Onun sədri olduğu parlament də Atatürkün bu təklifini yekdilliklər qəbul etmişdi. Sözsüz ki, Qurtuluş savaşı verən, öz ərazi bütünlüyü uğrunda döyüşən, 4 tərəfdən işğala məruz qalan, bütün dövlət strukturları ləğv edilən bir ölkənin atdığı ilk addımın səhiyyəylə bağlı olması insanoğlunun bu təməl hüququna verilən qiymətdən irəli gəlir.

Görünür, insanın ən böyük zənginliyi olmasındandır ki, sağlamlıq hüququ BMT-nin də quruluşunun ilk illərində qəbul etdiyi  "İnsan Haqları Universal Bəyannaməsi"nə salınmışdır. Bəyannamənin 25-ci Maddəsinə görə, insanın 4 fundamental hüququndan biri sağlamlığıdır. Eynilə Azərbaycan Respubikası da Konstitusiyasının 41-ci maddəsi ilə vətəndaşlarının bu hüququnu tanıyır, hər kəsə səhhətini qorumaq və tibbi yardım almaq haqqı verir.

  

O başqa məsələdir ki, Azərbaycanın indiki şəraitində hər kəsin ona verilən bu hüquqdan istifadə etmək şansı yoxdur. Ölkəmizdə həyat şərtlərinin maaşlarla uyğunsuzluğu, bir çox tibb adamlarının müqəddəs peşələrini yararlı-yararsız kommersiya vasitəsinə çevirməsi, ən əsası isə vətəndaşın sağlamlıq sığortasının olmaması bir çox insanlarımızı keyfiyyətli səhiyyə xidməti almaqdan məhrum edir. Şəfa ocaqlarında baş alıb gedən özbaşınalıqlar, tibb bacısından həkiminə qədər bütün xəstəxana işçilərinin qarğa-quzğun kimi xəstələrin üzərinə tökülüşməsi nə regional liderlikdən danışan Azərbaycanın adına, nə də XXI əsrin tərəqqi səviyyəsinə yaraşır.

Üstəlik, bir çox hallarda səhiyyə sistemimizdəki savadlı kadr çatışmazlığı da günümüzün ən ciddi problemlərindən biridir. Uzun illər Tibb Universitetinin ən rüşvətxor ali təhsil orqanı olması, hətta bir zamanlar bu müəssisənin rektorunun “dollar filankəs” ləqəbiylə ad çıxaracaq qədər korrupsiyaya bulaşması da savadsız kadrların ortaya çıxmasında mühüm rol oynamışdır. Bu isə istər-istəməz vətəndaşların öz yerli həkimlərimizə ən dəyərli sərvətləri olan canlarını etibaretmə hislərinə ciddi zərbə vurmuşdur. Məhz bu səbəbdən də imkanı olan xəstələrimiz Türkiyə və Avropa ölkələrinə, imkansızlarımız isə Gürcüstan və İrana pənah aparmaq məcburiyyətində qalırlar.

Bununla belə, hər şeyi qara rəngə görməyimizin də düz olmadığı qənaətindəyik. Azərbaycanda öz işini bilən, savadlı kadrlarımız da az deyil. Ümumiyyətlə, ölkəmiz tarixən də tibb sahəsində dünyaya səs salan, adını duyuran böyük həkimləriylə məşhur olub və bu ənənəni indi də davam etdirənər var. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri, millət vəkili, məşhur ürək cərrahı Rəşad Mahmudov da Qəzənfər Mahmud oğlu Musabəyovların, Mustafa Bəy Topşubaşovların və s. kimi adını unutduğumuz şəxsiyyətlərin davamçısıdır.

Bəs, Rəşad Mahmudov kimdir?

 

 1974–cü il yanvar ayının 18–də Astarada ziyalı ailəsində anadan olan Rəşad Mahmudov bəlkə də indiki qabiliyyətinə ailədən gələn təbiblik xüsusiyyətinə borcludur. Məlumata görə, onun dədə-babası da həkimliklə məşğul olub. Bəlkə də babası Cənubi Azərbaycandan köçüb Astarada məskunlaşan Rəşad həkimin bu “irsi təmayülü” də onun həkimlik sənətinin arxasınca getməsini şərtləşdirmişdir. Təhtəlşüurundakı bu cazibə qüvvəsi 16 yaşlı gənc Rəşadı 1991-ci ildə Türkiyənin məşhur ali məktəblərindən sayılan 9 Eylül Universitetinə aparmışdır. İzmir şəhərində təhsili başa vuran həkim 1997-ci ildə Azərbaycanın tibb ocaqlarında özünə uyğun iş yeri tapa bilmədiyindən Türkiyədə qalmağa üstünlük vermişdir.

Rəşad Mahmudovu yaxından tanıyan iş adamı Mürvət Həsənlinin bildirdiyinə görə, ölkəmizin tibb sahəsində yaşadığı bu çatışmazlıq Rəşad Mahmudovun bir mütəxəssis kimi yetişməsində bəlkə də önəmli rol oynamışdı: “Quranı Kərimdə deyildiyi kimi, “bəzən xoşlamadığınız bir şey haqqınızda yaxşı, xoşladığınız bir şey isə pis ola bilər” (Bəqərə: 216)  Bu ehkamından hərəkət edərsək, 1997-ci ildə tibbimizin savadlı kadrlara yer verəcək səviyyədə olmaması Rəşad bəyin özünü Türkiyədə daha yaxşı yetişdirməsinə və bunun nəticə etibarilə Azərbaycan tibbinin də gələcəyinə müsbət təsir göstərməsinə yol açmışdır”.

 

Mürvət Həsənlinin bildiridiyinə görə, 1997-ci ildə universiteti bitirdikdən sonra Türkiyədə qalmağa məcbur olan Rəşad Mahmudov bu illəri də boşa xərcləmişdir: “O,  Türkiyədə mərkəzləşdirilmiş bir sistemlə imtahana girərək ürək–damar cərrahiyyəsi aspiranturası və doktoranturası proqramına daxil olmuş və Ege Universitetinin Damar Xəsəlikləri İnstitutunda beş illik ixtisaslaşma dövrü keçmişdir. Aspirantura illərində anadangəlmə ürək qüsurlarından tutmuş ən mürəkkəb ürək transplantasiyası və süni ürək transplantasiyasına qədər cərrahiyyə əməliyyatlarının aparıldığı bir mərkəzdə 15-ə yaxın professorun əlindən su içən gənc mütəxəssis tibb elminin sirlərinə daha mükəmməl yiyələnmiş və artıq 2002–ci ildə Türkiyənin o zamankı səhiyyə nazirinin şəxsi imzasıyla xüsusi diploma layiq görülmüşdür.  2005–ci ilə qədər Türkiyənin müxtəlif özəl və universitet xəstəxanalarında ürək cərrahı kimi fəaliyyət göstərən həkim Həmin müddət ərzində 15 minə yaxın əməliyyatlarda primer və ya köməkçi kimi iştirak etmişdir”.

Rəşad həkim 2005-ci ildə Azərbaycana geri qayıdır. Artıq onun qarşısına ilk dəfə 1991-ci, daha sonra isə 1997-ci ildə buraxıb getdiyindən fərqli bir Azərbaycan çıxmışdı: “Ölkənin müxtəlif yerlərində tibb müəssisələri açılmış, neft gəlirləri tibb ocaqlarına, avadanlıqlara yatırılmışdı. Ən əsası isə dövlətin səhiyyə sistemini yaxşılaşdırmaq arzusu var idi. Bəzi çox tibb müəssisələrində ən müasir texnologiyaları işlədəcək kadr ehtiyacı da Azərbaycan hakimiyyətinin başqa ölkələrdə yaşayan kadrlarımızın ölkəmizə dəvət etməsini şərtləndirirdi”- bunu da Mürvət Həsənli deyir.

İş adamı əməkdaşımızla söhbətində Rəşad Mahmudovla necə tanış olmalarına da aydınlıq gətirib: “Mən onu yaxın qohumum Abbasəli Abbasəliyev vasitəsilə tanımışam. Hər ikisi Türkiyənin 9 Eylül Universitetinin tibb fakültəsində oxuyublar. İkisi də eyni otaqda qalıblar və bu gün də bir yerdə işləyirlər. Hər ikisi çox savadlı kadrdırlar və mən onlarla tez-tez görüşüb söhbətlərinə qulaq asıram. Açığını desəm, Rəşad Mahmudovun həkimlik qabiliyyətilə yanaşı, natiqliyinə, dosta sədaqətinə və dürüstlüyünə həmişə heyran olmuşam. Onun bir şəxsiyyət kimi yetişməsində, parlamasında bu keyfiyyətlərinin də misilsiz rolu var. Allah sanki bir çox yaxşı məziyyətləri onun boynuna biçib. YAP qurultayında onun çıxışını xüsusi diqqətlə izlədim. O qədər səlis və həyəcansız danışırdı ki, sanki uzun illərdir siyasi partiyalarda yetişib”.

 

Sual oluna bilər: Məzun olduqdan sonra Türkiyədə qalmağa üstünlük verən Rəşad həkim Azərbaycana niyə qayıdıb? Axı, adətən, yaxşı həkimlər xaricdə işləməyə daha çox üstünlük verirlər. Rəşad Mahmudov da bir çoxlarının xəyal etdiyi bu arzunun pik nöqtəsindəykən birdən-birə niyə vətənə geri dönməyə qərar verib?

Bunu ilk növbədə haqqında bəhs etdiyi həkimin yüksək vətənpərvərliyi ilə əsaslandıran iş adamının bildirdiyinə görə, Rəşad Mahmudova ilk dəfə vətənə qayıtmaq təklifini Neftçilər xəstəxanasının o zamankı baş həkimi mərhum tibb elmləri doktoru Cavadov Fəxrəddin Gülmirzə oğlu verib: “2004–cü ildə edilmiş bu təkliflə razılaşan Rəşad həkim bir il sonra vətənə qayıdır. Onun qayıdışıyla Azərbaycandan xaricə axışan bir çox xəstə Neftçilər xəstəxanasında əməliyyat olunmağa üstünlük verir. Xəstəxana işçiləri etiraf edirlər ki, Rəşad həkim bu müəssisədə yeni işə başlayarkən, hər kəs ayda heç olmasa 3-4 cərrahiyyə işinə ümid bəsləyirmiş. Həkimin “yüngül əli” isə bu biraylıq ümidi bir gündə həyata keçirməyə imkan verir. Yəni xəstəxanada hər gün 3-4 əməliyyat aparılır. Bu nailiyyət cavabsız qalmır. Rəşad Mahmudovun uğurlu əməliyyatları tezliklə səhiyyə sisteminin və Azərbaycan rəhbərliyinin də diqqətini cəlb edir. Onun vasitəsilə ölkəmizin bir çox yerlərində tibb müəssisələri yaradılır”.

Mürvət Həsənliyə görə, Rəşad Mahmudovun həkimliklə yanaşı, həm də yaxşı müəllimlik istedadı da var.

 “O, gözəl bir müəllim kimi də tibb tarixinə adını indidən yazdırıb. Azərbaycanın bir çox ürək həkimləri onun əlinə baxa-baxa ürək cərrahiyyəsinin sirlərinə yiyələniblər. Həkim-müəllimin ən çox razı qaldığı yetirmələri isə 2010-cu ildə Naxçıvanda açılan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri Hikmət, Seymur, Fərid, Natiq adlı gənc mütəxəssislərdir. Ümumiyyətlə, Rəşad Mahmudov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzindəki fəaliyyətini öz karyerasının ən uğurlu işi hesab edir. Hər il bir neçə dəfə kiçik diyarda öz yetirmələrinin başı üstündə açıq ürək əməliyyatları aparan həkim bir çox insanın yenidən həyata qayıtmasına səbəb olub. O, təkcə ötən ilin mayında bu məqsədlə 2 dəfə Muxtar Respublikaya səfər edib və yetirmələrinin “əl işləriylə” maraqlanıb”.

İş adamının dediyi kimi, yaxşı natiqlik və işgüzarlıq qabiliyyətilə seçilən Rəşad Mahmudov millət vəkili kimi də anadan olduğu Astara seçicilərinin etimadını doğruldub. Öz həmyerlilərinin nəinki Azərbaycanda, həm də bir çox xarici ölkədəki nüfuzunu nəzərə alan 77 saylı Astara seçki dairəsinin seçiciləri 2015-ci ildə ona deputatlıq mandatı veriblər. Rəşad Mahmudov bir çox deputat yoldaşları kimi bu titulu kiminsə sayəsində yox, öz alın tərinin hesabına qazanıb.

Biz də bu yüksələn xətlə irəliləyən karyerasında Rəşad Mahmudova yeni-yeni uğurlar arzulayırıq. Kaş ki, Səhiyyə sistemininin bütün rəhbərləri onun kimi uğurları və alın təri hesabına qazandıqlarıyla dillərə dastan olsun.




Ana səhifəyə qayıt        Baxış: 2 553          Tarix: 14-02-2018, 14:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma