Xəbər lenti

 

"Türkiyə Fərat çayının şərqində yarana biləcək Kürdüstan dövlətinə qarşı Afrin hərəkatına başlayaraq, kürdlərin Aralıq dənizi ilə əlaqələrini kəsmək istəyir".

Ovqat.com xəbər verir ki, bu sözləri İranın dini rəhbəri ayətullah Xameneyinin hərbi müşaviri general-mayor Seyid Yəhya Səfəvi mətbuat açıqlamasında deyib.

Türkiyənin bu addımın səbəblərinə də aydınlıq gətirən generalın fikrincə, İran sərhəddindən Aralıq dənizinə qədər uzanan kürd zolağı kəsilərsə, Kürdüstanın qurulma ehtimalı da ortadan qalxar:

"Bölgədə 30 milyon kürd yaşayır və bunların 15-17 milyonu Türkiyədə, 6 milyonu İraqda, geri qalanı isə İran və Suriyada məskunlaşıb. İraq, Türkiyə, İran və Suriya ərazi bütövlüklərini qorumaq üçün regionda kürd dövlətinin qurulmasına qarşıdırlar və kürdlər Aralıq dənizinə açılmayana qədər dövlət yarada bilməyəcəklər”.

Səfəvi xüsusilə Türkiyənin bu vəziyyətdən böyük narahatlıq duyduğunu, onun İranla əməkdaşlığının regiondakı bir çox problemləri həll edə biləcəyini vurğulayıb.

Regionda böyük güclərin amansız mübarizə apardığını bildirən general bunu regionun geopolitik əhəmiyyətiylə əsaslandırıb:

"Bölgəmiz gələcəkdə Amerika və Rusiya kimi böyük güclərin rəqabətinə səhnə olacaq və bu rəqabətə artıq Çinin və Hindistanın da daxil olduğunu görürük. Çin və Hindistanın rəqabətini Pakistanda, Əfqanıstanda və Orta Asiyada da ciddi təqib edirik".

Açıqlamasında böyük güclərin Yaxın Şərq rəqabətinin tarixinə toxunan Səvəfi Suriya və İraqın Amerika və Rusiyanın geostrateji rəqabət sahəsi olduğunu, hər iki ölkənin əvvəl Sovet İttifaqı, daha sonra isə Rusiyanın nəzarəti altında qaldığını bildirib:

"İraq və Suriya ordusu rus mənşəlidir. İki ölkənin də bütün hərbi təchizatları Rusiya istehsalıdır. İran isə İslam inqilabı ərəfəsində Amerikanın nəzarəti altında idi. 1971-ci ildə İngiltərənin Fars körfəzindən çəkilməsi ilə Amerika Niksonun “iki sütun” layihəsini həyata keçirərək, Səudiyyə Ərəbistanını iqtisadi güc, İranı isə Fars Körfəzinin qvardiya və regional hərbi qüdrəti kimi görmək istəyirdi. Amerika 2003-ci ildə İraqı işğal edərək, İraqdakı rus hakimiyyətini ortadan qaldırdı. Geriyə təkcə Suriya qalmışdı" - deyən general-mayorun fikrincə, İraq və Suriya eyni zamanda İran, Türkiyə və Səudiyyə Ərəbistanı üçün də iqtisadi və geosiyasi rəqabət sahəsidir.

Hazırda sözügedən coğrafiyanın beynəlxalq və regional rəqabətlərə səhnə olduqlarını vurğulayan Seyid Səfəvi Amerikanın strateji prioritetlərinin bölgədə Rusiya təsirini zəiflətmək, Sionist İsrail rejiminin təhlükəsizliyini təmin etmək, İran və Hizbullahın oyundan kənarda saxlamaq olduğuna inanır: "Bu səbəbdən də Amerika İraq və Suriyanı parçalamaq istəyir".

 İranın regionda çəkisinin artdığını qeyd edən Seyid Səfəvi bunun səbəbini geopolitik mübarizədə İran-Rusiya-Hizbullah ittifaqının qazanmasıyla əsaslandırıb. O, həmçinin Amerika-Türkiyə-İsrail ittifaqının məğlub olduğunu da vurğulayıb: "Türkiyə 2016-ci ilə qədər bu ittifaqın içərisindəydi, ancaq bu gün ittifaqdan ayrılmışdır".

 İran və Rusiyanın Suriya dövlətinin məğlubiyyətinə icazə verməyəcəklərini deyən generalın fikrincə, “Əsəd dostları”nın qazandıqları qələbə regionda İordaniya və Türkiyə qarşısında rəsmi Tehranın strateji çəkisini artırmışdır: “İranın İraqdakı fəallığı da artmışdır və Bağdada qədər gəlib çıxan İŞİD terrorunun qarşısını alaraq, onun regiona hakim olmasını əngəllədik".

Çıxışında Suriyanın yenidən bərpası haqqında da danışan Səfəvi bunun uzun sürəcəyini və ən azı 300-400 milyard dollara başa gələcəyini deyib.

General son olaraq, Hizbullahın Sionist İsrail rejimi qarşısında böyük bir orduya çevrildiyini bildirib və Suriyanın ərazi bütövlüyünə tərəfdar olduqlarını bir daha vurğulayaraq, regionda Amerikan imperializminə keçid verməyəcəklərini bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 3 932          Tarix: 18-02-2018, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma