Xəbər lenti

 

Bəşər Əsəd ilə PYD arasında əldə olunan razılığa əsasən, Suriya ordusunun yaxın günlərdə Afrinə girəcək. Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın rəsmi xəbər agentliyi RİA yayıb.

Məlumata görə, Suriya rəhbərliyi ilə PYD arasında aparılan danışıqlar müsbət nəticələnib: “Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan əraziləri Dəməşq qüvvələrinin nəzarətinə təslim ediləcək. Suriya ordu hissələrinin Afrin bölgəsini nəzarət altına almaq prosesi yaxın günlərdə başlayacaq".

Bir çox ekspertlər bu razılaşmanın Tillersonun Türkiyəyə səfəri ərəfəsində baş tutmasını təsadüfi saymırlar. Bu mülahizəyə görə, ABŞ dövlət katibinin Türkiyə rəsmiləri tərəfindən gözləniləndən daha xoş qarşılanması və tərəflərin “strateji ortaqlıq”la bağlı bəyanatları Rusiyada təəccüblə qarşılanıb. Moskva da öz növbəsində TSQ-nın Afrində əməliyyatlarına mane olmaq üçün bu planı ortaya atıb.

Bizim fikrimizcə isə, Afrinə Suriya dövlətinin nəzarət etməsi heç də Ankaranın siyasi maraqlarına zidd deyil. Əksinə, Afrindən kürd separatçılarının çıxarılması və bölgəyə Bəşər Əsəd ordusunun nəzarət etməsi Türkiyənin “Zeytun Budağı” əməliyyatının qarşıya qoyduğu məqsədlərə tam cavab verir. Zira Ankara ABŞ-ın İraqdan Aralıq dənizinə qədər uzanan “Kürd zolağı”nın qarşısını almaq istəyir və bu coğrafiyada yeni dövlətin ortaya çıxmasına qarşı çıxır. Əməliyyat bu məqsədınə çatdıqdan sonra Türkiyə həmin coğrafiyadan çəkilməyi də istisna etmir. Türkiyənin əməliyyatdan sonra Afrindən çəkilməsi isə coğrafiyanın Suriya rejiminə təhvil verməsi mənasına gəlir. Bu mənada bölgədə nəzarətin Suriyanın əlinə keçməsi sözügedən planın son məqsədinə tamamilə uyğundur.

 Maraqlıdır ki, ABŞ rəhbərliyi bu məlumata şərh vermək istəməyib. ABŞ Xarici İşlər Nazirliyi Suriya masası Afrin bölgəsindəki PYD ilə Dəməşq arasında razılığa gəldiyinə dair əllərində heç bir məlumat olmadığını deməklə kifayətlənib.




Ana səhifəyə qayıt        Baxış: 2 023          Tarix: 17-02-2018, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma