Suriyanın şimal-şərqindəki PYD/YPG ünsürləri Afrinə hərəkət edərsə, ABŞ-ın dəstəyini itirəcək.
Ovqat.com xəbər verir ki, bu açıqlamanı Pentaqon verib.
Qeyd edək ki, Türkiyə “Zeytun budağı” əməliyyatına başlayandan bəri Şimali Suriyanın digər bölgələrindəki kürd separatçıları onlara canlı və texniki yardımlar etməyə çalışırdılar. Türkiyənin rəsmi informasiya kanallarının verdiyi məlumata görə, separatçıların Afrinə yardımları əsasən Suriya ordusunun nəzarəti altındakı bölgələrdən göndərilirdi. Göndərilən isə ABŞ silahları idi. Bu da Türkiyənin əməliyyata daha çox əsgəri qüvvələrlə qatılmasını və Afrinə yardım edən bölgələri də hədəfə almasını şərtləndirirdi.
Görünür, ABŞ gərginliyin daha artıq böyüməməsi üçün Afrini qurban verməyi məsləhət görüb. Afrinin kürd separatçılarının əlindən çıxması isə Aralıq dənizindən İran sərhədlərinə qədər uzanan Kürdüstan zolağının ən strateji nöqtədə kəsilməsi deməkdir. Aralıqsız Kürdüstan isə iqtisadi cəhətdən yaşamaq imkanına malik deyil. Çünki belə olacağı təqdirdə, kürd zolağı şərqdə İran və Türkiyədən, qərbdə isə Suriyadan asılı vəziyyətə düşəcək, bölgənin neft nəqli marşrutu ikinci dövlətin ərazisindən keçərək Aralıq dənizinə axacaq.
***
Pentaqon adından bu açıqlamanı mayor Adrian Rankin Gallovay verib. Qamışlı bölgəsindən PYD/PKK dəstələrinin Afrindəki separatçılara yardım üçün hərəkətə keçdiyi xəbərlərini şərh edən sözçüsü ABŞ-ın SDG qüvvələrinə komandanlıq və nəzarət etmədiyini, buna görə də belə bir fəaliyyət barədə heç bir şey deyə bilməyəcəyini bildirib:
"Amma onu deyə bilərəm ki, biz İŞİD-ə qarşı hərbi əməliyyat aparan qüvvələrə təlim, məsləhət və dəstək veririk. Əgər İŞİD-ə yönəlik olmayan hərbi əməliyyatlara girişsələr, koalisiyanın dəstəyini itirirlər”.
Galloway Suriya xəritəsində şimal şərqi göstərərək, belə davam edib:
"Deyək ki, buralarda bir yerdə (Şimal-şərqi Suriyada) YPG birliyi var və onlar "artıq İŞİD ilə mübarizə aparmayacağıq, Afrindəki qardaşlarımızı dəstəkləməyə gedəcəyik” desələr, artıq o zaman tək başlarına qalarlar. Bizim tərəfdaşlarımız ola bilməzlər. Onlara verdiyimiz silah-sursatınn İŞİD-dən başqa məqsədlər üçün istifadə olunduğunu müəyyən etdiyimiz təqdirdə, yardımları kəsmək daxil olmaqla, adekvat addımlar atarıq".
Paylaş: