Xəbər lenti

  

ABŞ prezidentinin Suriyadan çəkilmək qərarının detalları məlum olub. Vaşinqtonda ciddi narazılıqlarla qarşılanan, hətta Pentaqon rəhbəri  Cim Mattisin və Dövlət Departamentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Mak Gurkun istefası ilə nəticələnən qərarın ABŞ və Türkiyə prezidentlərinin telefon danışığı zamanı verildiyi iddia olunur.

Ovqat.com-un bildirdiyinə görə, iddianı irəli sürən ABŞ-ın nüfuzlu informasiya agentliyi AP-dır.

Məlumatda bildirilir ki, mövzuyla əlaqədar məlumatlı iki rəsmi şəxs Trampın öz üst səviyyəli məsləhətçilərinin tövsiyəsini rədd edərək və keçən həftə prezident Rəcəb Tayyib Ərdoğanla telefon görüşməsində Suriyadan çəkilməyə qərar verib. Adlarının açıqlanmasını istəməyən rəsmilərin fikrincə, Ağ evdə ciddi çalxalanmaya səbəb olan görüş 14 dekabrda keçirilib. Görüş ABŞ Dövlət katibi Mayk Pompeo tərəfindən təşkil olunub. Pompeonun isə bir gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluyla telefonla danışdığı xəbər verilir. 

İnformasiya qaynaqları görüşün əslində Ərdoğanın bir müddət əvvəl verdiyi Fəratın şərqinə hərbi əməliyyat qərarından geri çəkilməsini təmin etmək üçün keçirildiyini iddia edirlər. İddialara inansaq, Pompeo, Mattis və milli təhlükəsizlik qrupunun digər üzvləri ABŞ prezidentinə telefon danışığında söyləyəcəkləri fikirlərin “konspektini” belə tutublarmış. Fəqət görüş zamanı Tramp bu qeydləri ümumiyyətlə nəzərdən qaçırıb.

Mənbənin iddiasına görə, Tramp daha əvvəl bu cür tövsiyələrə qulaq asmış və Ərdoğanı kürdlərə hücum etməkdən və bölgədəki Amerika əsgərlərini riskə atmaqdan vaz keçirə bilmişdi. Bu dəfə isə o, özü üçün hazırlanan qeydləri görməməzlikdən gəlib və Ərdoğanın tərəfini tutub.  

Məlumatı AP-a ötürən rəsmilərdən biri Tramp üçün hazırlanan “konspekt”lərin çox dəqiq olduğunu, Türkiyənin Şimali Suriyaya düzənləyəcəyi əməliyyatla bağlı hər iki ölkənin təhlükəsizlik qayğılarını aradan qaldırmaq üçün birlikdə fəaliyyəti təklif edildiyinin planlaşdırıldığını bildirib: “Hər kəs Trampa deyirdi ki, Türkiyəyə kiçik uğur xarakterli təkliflər ver; əlində tutduğu təhlükəsizlik bölgəsinə başqa yerləri əlavə etmək, bəlkə sərhəddə bir bölgəni tutmaq kimi ... "

Di gəl ki, Ərdoğan diplomatik manevrlərlə Trampı qısa zaman ərzində müdafiəyə çəkilməyə məcbur edə bilib. Ona Amerika əsgərlərinin Suriyadakı varlıqlarının tək səbəbinin İŞİD-i məğlubiyyətə uğratmaq olduğunu dəfələrlə söyləyib və Trampəm öz məqsədinə 99% çatdığını xatırladıb. Bununla da ABŞ prezidentini çətin vəziyyətdə qoyub.

 Digər rəsminin də iddiasına görə, Tramp Ərdoğanın “ABŞ niyə Suriyadadır” sualına cavab verə bilməyib. İŞİD-i böyük ölçüdə məğlubiyyətə uğratdığını xatırladan Ərdoğan ona  geri qalan hissəsini isə türklərin həll edəcəyini bildirib. Tramp da gözlənilmədən bu təkliflə razılaşıb.

İddialara görə, Trampın bu qədər tez təslim olacağını heç Ərdoğan da gözləmirmiş. Həmkarının “sözəbaxımlığı”na hazırlıqsız yaxalan Türkiyə prezidenti ona yaxşı düşünməyi və qərar verərkən tələsməməyi məsləhət görüb. Məlumat mənbəyinin fikrincə, Türkiyə Suriyada bir sıra əməliyyatlar keçirsə də, Amerikan əsgərlərinin yerləşdiyi şimal-şərqi Suriyadakı geniş torpaqlara girib buraları əlində tuta bilmək üçün yetərli təşkilatlanmış gücə sahib deyil.

Trampın bu qərarından sonra ABŞ-ın yetkililəri - Bolton, Mattis və Pompeo bazar ertəsi günü Ağ evdə bir araya gələrək, orta yol tapmağa çalışıblar. Ancaq Ağ evin baş katibi Cohn Kelli və tezliklə onu əvəzləyəcək Mayk Mulvani bu üçlüyə Trampın geri çəkilməkdə qərarlı olduğunu və bunu təxirə salmağı, ya da fikrindən vaz keçməyi düşünmədiyini çatdırıblar. Üçlük çərşənbə axşamı yenidən prezidentlə görüşməyə cəhd etsələr də, eyni cavabı alıblar.

Məlumata görə, ABŞ-ın Suriyadan çəkilmək qərarı barədə Türkiyədən sonra ikinci xəbərdar edilən ölkə İsrail olub. İsrailin reaksiyası barədə heç bir məlumat verilmir.

Çərşənbə günü ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) Komandiri General Cozef Votel sahədəki komandirlərini və kürd separatçılarını məlumatlandırmağa başlamasından sonra xəbər mətbuata da sızıb.

Rəsmi açıqlamadan sonra Ağ ev ABŞ-ın İSİD-ə qarşı müharibəni dəstəkləməyə davam edəcəyini və lazım olduqda yenidən bölgəyə gəlməyə hazır olduğunu bəyanlamaqla mürəkkəb vəziyyəti düzətməyə çalışıblar. Di gəl ki, yenə Tramp Twitter mesajında ​​amerikalı əsgərlərin başqalarının yerinə İŞİD-lə mübarizə aparmayacağını yazıb.

Amerika mediası Dövlət Departamentinin Suriyadakı bütün personalının 24 saat içində evə qayıtmaq, əsgərlərin isə 60-100 gün içində ölkəni tərk etmək taprışığı aldığını iddia edir.

Trampın bu qərarından sonra Pentaqonun rəhbəri Jim Mattis istefaya gedib. Daha sonra onu Mak Gurk izləyib.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 833          Tarix: 23-12-2018, 23:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma